Kapital uğrunda savaş iqtidar düşərgəsində xaos yarana bilər

10.09.2015 - 14:55

Hakimiyyət sözçüləri hər zaman müxalifəti ittiham edərkən, “müxalifət daxilində ziddiyyətlər var”, “müxalifət heç vaxt vahid namizədlə çıxış edə bilməyəcək” və s. bu tipli arqumentlərdən istifadə edirdi. Ancaq ğtən prezident seçkilərində vahid namizədlə iştirak və ardınca bu və ya digər şəkildə hakimiyyətə bağlı təzyiq və təxribatlara rəğmən müxalifətin böyük birliyi olan Milli Şuranın varlığının qorunub saxlanması illərdən bəri şüar edilən təbliğatı puça çıxarıb. İndiki durumda isə, hakimiyyətin arqumentləri bumeranq xarakteri daşıyır. Ziddiyyətlər, namizədlik məsələsində problemlər, daxili qarşıdurmalar iqtidar düşərgəsində daha çox hiss olunmaqdadır.

Səhnəarxası müharibə

Son günlər ölkədə bir sıra kadr dəyişiklikləri və sahəvi-institutisional islahatlar oldu. Bunlar ilk baxışda bəlkə də adi dəyişikliklər idi. Elə bu üzdən də o hadisələr çoxunun diqqətini çəkmədi və siyasi müşahidəçilər onların hansı proseslərin nəticəsi və ya əlaməti olduğunu xüsusi şəkildə qabartmadı. Bu da haradasa başadüşülən idi. Bir rayonun icra başçısının bu vəzifədən çıxarılıb nisbətən aşağı bir işə göndərilməsi, yaxud da hansısa rektorun əvəzlənməsi, korrupsiya siyahısında hansısa qurumun daha çox “vurulması” zahirən axı elə də diqqətəlayiq olaylar, ciddi ictimai-siyasi yükə malik hadisələr deyil. Belə hallar tez-tez olur. Amma bu adiliklərin kökündə ciddi siyasi qarşıdurmalar dayanır. Məsələn, hakimiyyətdaxili bir qrup prezident seçkilərindən sonra müdafiə naziri postuna öz kadrını gətirir və əvəzində qarşı tərəf  buna təhsil sektorunda bir neçə rektor məqamını ələ keçirməklə cavab verir. Yaxud, tərəflərdən biri dərman, şirə və digər biznes sahələrini tam ələ keçirir və bu qrupun nəzarətində olan nazirliyin ən çox korrupsiyalaşmış qrum elan olunması ilə cavab alır. Bir sözlə. Bizə sabit və sakit görünən səhnənin arxasında sözün həqiqi mənasında müharibə gedir.

Qarşıdurmanın əsas səbəbi: sərvət davası

Proseslərin detallı izahına keçməzdən öncə
hakimiyyətdaxili ziddiyyətin səbəbinə ötəri bir nəzər yetirək. Hamı bilir ki,
Azərbaycan öz sərvətləri, torpaqları, meşə və gölləri, hətta insanları və
məmurları ilə, ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı ilə birgə bir
neçə iri baron və onların ətrafında formalaşan, strukturlaşan, varlanan qrup
arasında bölünüb. Bu bölgüdə dəqiq sərhədlər və hamının dəqiqliklə əməl etməli
olduğu oyun qaydaları var; hamı öz fəaliyyət arealını yaxşı tanıyır, əgər buna
xüsusi lüzum yaranmasa, heç kim digərinə problem yaratmır. Amma bu, həmin
qruplaşmaların rəqabət halında olmaması anlamına da gəlmir. Hər qruplaşma
korrupsiya, talan yolu ilə yığdığı kirli pulların artım sürəti və inanılmaz
təzyiqi altında digərinin üstünə yeriməyə məcbur və məhkumdur. Qanunların
işləmədiyi yerlərdə qaydalarla idarə olunur və idarə edirlər. Kölgə
iqtisadiyyatının prinsipi budur. Azərbaycan həqiqətən də zəngin ölkədir, bu
balaca məkanda nəhəng pullar fırlanır. Söhbət hətta astronomik sayıla biləcək
ölçülərdəki paralardan gedir. Onların çoxu leqal deyil. Özünü postkommunist
məkanı ölkələrində həmişə doğruldan bu postulat Azərbaycanda da keçərlidir:
hakimiyyətlər siyasi cəhətdən legitim olmayanda onu təşkil edən məmurların
(oliqarxiyanın) korrupsiyalaşması, iri məbləğlərdə nəzarətsiz kapitala
sahiblənməsi, biznes elitasına, bununla da daimi sosial, klanlararası və qrupdaxili
konfliktlərin episentrinə sürüklənməsi, nəhayət, siyasətə təsir etmək həvəsinə
düşməsi qaçılmaz olur. Yəni bizdə hər şey XVII-XVIII əsrlər İngiltərəsində
olduğu kimidir: lordlar və baronlar bir-birinin nəinki ot tayasını, hətta özünü
də yandırmağa hazırdır, təki öz qoyunları üçün bir çəngə ot tapılsın. Və hər
şey həm də XIX əsr Texas çöllərində olduğu kimidir: əmlakın nə qədər böyük və
çoxdursa, mövcud olmaq, idarə etmək və siyasi hakimiyyət imkanların da o qədər
böyükdür. Başqa sözlə, Azərbaycandakı qruplararası mübarizə bu klassik qanuna
tabedir: savaş iqtisadi mənafelər sferasında başlayıb siyasi maraqlar
müstəvisində davam edir.

Yeni qüvvənin canlanması

Hakimiyyətdaxili mübarizənin gərginləşməsi
ötən ilin yazından hiss olunmağa başlayırdı. Hiss olunurdu ki, hakimiyyət
daxilində yeni bir güc mərkəzi formalaşmaqdadır. Daha doğrusu, güc mərkəzləri
arasındakı savaşlar tərəflərdən birinin ağırlıq sahəsinə keçir. YAP-ın
qurultayı günü bunun artıq müəyyən məsafə qət etdiyini deməyə əsas verən
xəbərlər də yayıldı. Ramiz Mehdiyevi qarşılayan olmamışdı. O, Oqtay Əsədovla
yanaşı oturmaq məcburiyyətində qalmışdı.
Vəziyyət xeyli dərəcədə kritikləşirdi. Ordu daxilində baş verən olaylara dair
müxtəlif xəbərlər yayılırdı. O da bildirilirdi ki, Səfər Əbiyevə qarşı planlı
təxribatlar gedir. Biz bu barədə daha detallı yazmaq istəmirik, amma aydın
sezdirilirdi ki, olayların arxasında yenə bir mərkəzin ardıcıl provakasiyaları
durur.
Əslində, ölkənin siyasi həyatındakı mühüm olaylar da bu fiqurlar ətrafındakı
söz-söhbətləri gərginləşdirirdi. İlham Əliyev vəziyyətə siyasi baxımdan nəzarət
edə bilməsə də, onun nəticələri təftiş etmək imkanı vardı. Bəli, bu həm də o
deməkdir ki, kim özünü təmizə çıxara bilməsə, qələmi qırılacaqdı. İlham Əliyev
üçün hakimiyyətin zirvəsindəki çalxalanmalar həm də ona görə vacibdir ki, o,
vaxtaşırı özünü kiməsə göstərsin. Kriteriya qətiyyən qanun və ya dövlət
maraqları ola bilməz. Belə olsaydı, məhkəmə məşğul olardı. Əsas meyar odur ki,
kimə qarşı baş verib, nəticəsindən İIlham Əliyevə ziyan dəyib, yoxsa yox.
Beləliklə, hakimiyyət daxilində baş verən yeni qarşıdurmanın ilk meyarı
mənfəətdir. İkinci məsələ isə proseslərə yön vermək imkanı uğrunda savaşdır.

 

Ramiz Mehdiyevin
mövqeləri niyə zəifləyib?

Paşayevlərin Kəmaləddin Heydərovun
mövqelərini özünə doğru əyməsinə nail olması ilə əks tərəfin birinci şəxsi,
Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin də mövqelərinə böyük
zərbə vurmuş oldu. Amma bu faktın özü, hətta Mehdiyevin bir siyasi planlayıcı
kimi tam sıradan çıxmasına əsas ola bilməzdi. O, hakimiyyətdə əsas siyasi
faktoru və hakimiyyətin bağlı olduğu siyasi ənənənin vətəni sayılan Kremli
təmsil edirdi. Yəni, inzibati gücü və onun xarici bağlantısını. Ramiz Mehdiyev
Moskva ilə münasibətlərdə uğur əldə edə bilmirdi. “WikiLeaks” olaylarından
sonra Kremlin İlham Əliyevə münasibəti dəyişmişdi. Putin şəxsən söyüldüyü üçün İlham
Əliyevə qarşı kin duyurdu. Mehdiyev isə bu istiqamətdə çox uğursuz görünürdü. İlham
Əliyevin “mən bilmirəm, həll edin” məntiqi ilə davranması Kremllə münasibətləri
daha da gərginləşdirdi. Bundan istifadə edən Heydərov alternativ yollar
axtardı. Kremllə münasibətləri heç olmasa, sabitləşdirmək lazım idi. İlham
Əliyev o qədər qəzəbli idi ki, Putinə yaxın sayılan iş adamı İlham Rəhimlini
demək olar ki, tamam sıradan çıxardı. Putinin yaxın adamı isə tez-tez
Mehdiyevin nəzrətində olan media orqanlarına çıxır və İlham Əliyevlə Putinin
münasibətlərinə töhfə verə biləcəyinə üstüörtülü eyhamlar vururdu. Bu da Ramiz
Mehdiyevin gücünə güc qatmaq məqsədi daşıya bilərdi, amma cəhdlər uğursuz oldu.
Nəhayət, Heydərovun ciddi çabaları və İlham Əliyevin şəxsi geriçəkilmə
mesajları qısamüddətli bəhrə verdi. Putinin Bakı səfəri baş tutdu. Belə
xəbərlər yayılırdı ki, Ilham Əliyev bu səfər zamanı 4 milyarddan keçib. Yəni,
artıq siyasi anlaşma mümkün deyildi. Müqavilə isə pulun və ya münasibətlərin
korlanmasına qədər idi. Orxan Zeynalov hadisəsi isə vəziyyəti yenidən
pisləşdirdi. Ramiz Mehdiyev bütün bu proseslərdə, hətta seçkilərdə də demək
olar ki, görünmədi. Gülər Əhmədova olaylarını da bunun üstünə gəlsək, Ramiz
Mehdiyev xalq arasına çıxması arzulanmayan şəxslərdən sayılmışdı. Amma bir pis
adamın başqa bir pisi təmsil etməsi xalq üçün elə də ciddi fərqli məsələ
deyildi. Gülər Əhmədova məsələsində Ramiz Mehdiyev ifşa olunduğuna görə deyil,
həm də bu olaylarda İlham Əliyev və yaxın ətrafının adı hallandığına görə “boz
kardinal”ın adının üstündən “otverka” ilə qara bir cız çəkildi. Həm bu məsələ,
həm də Rusiya ilə münasibətlərdə ciddi rol oynaya bilməməsi Mehdiyevin siyasi
imkanlarını demək olar ki, 40 faiz azaltdı. Bu isə Mehdiyevə ilk ciddi zərbə
idi.

Əli Əsədov gəlir…

Prezidentin iqtisadi məsələlər üzrə
köməkçisi Əli Əsədov İlham Əliyevlə şəxsən sıx təmasda olan  bir neçə
nəfərdən biri sayılır. O, hakimiyyətdaxili oyunların yeni keyfiyyət
mərhələsində əsas fiqurlardan birinə çevrilib. Ramiz Mehdiyevin hakimiyyət
daxilindəki təsir rıçaqlarını bir-bir ələ keçirməyə çalışır. Demək olar ki,
hazırda bir çox mühüm məsələlərə onun müdaxilə imkanının olduğu barədə faktlara
əsaslanan məlumatlar var. Onun parlamasına isə iki mühüm amil səbəb olub.
Məlumatlarda deyilir ki, Zeynal Nağdəliyev və Məhərrəm Əliyev Prezident
Administrasiyasında yeni təyinatla fərqləndiriləndə məqsəd belə olub ki, onlar
müxtəlif sahələr üzrə Ramiz Mehdiyevi əvəzləməyə cəhdlər etsinlər, bir müddət
sonra Mehdiyev Fuad Ələsgərovla əvəzlənsin. Amma bu baş vermir, ona görə ki,
adıçəkilən fiqurlar Ramiz Mehdiyevin təsir dairəsinə müdaxilə edə bilməyiblər.
Yəni, bu əməliyyat uğurlu olmayıb. Bunun ardından isə ideyanın müəllifi özü
dövriyyəyə girib və birbaşa həmlələr edib. Əli Əsədov artıq Ramiz Mehdiyevin
hakimiyyət daxilindəki dəngələrini sıradan çıxarmaqdadır. Amma Mehdiyev də nəsə
edə biləcəyini ortaya qoymaq üçün hələ də çalışır.

Bir məqama diqqət çəkmək yerinə düşür.
Nəzarətdə olmayan medianın sıradan çıxarılmasında həm də bir düşünülmüş məqsəd
var. Hakimiyyətdaxili mübarizənin bu templə davam etməyəcəyi bəllidir və
indidən media sıradan çıxarılır ki, daxili qarşıdurma ictimailəşməsin, daha
kəskin ziddiyyətlər ifşa olunmasın. Bu məsələdə İlham Əliyevin birbaşa maraqlı
olduğu da açıq-aydın görünür. İlham Əliyev əslində, iki qruplaşmadan birini
sıradan çıxarmağa məhkumdur. Çünki hakimiyyət daxilində üçüncü qüvvənin
yaranması həm də yeni siyasi situasiya yarada bilər. Oğul Əliyevi inandırıblar
ki, ixtiyari üçüncü qüvvə eynigüclülər arasında seçim edib, hansısa birinə
üstünlük versə, hakimiyyət tam süqut edə bilər.
Bununla belə, gərginlik yeni fazaya daxil olub. Bir tərəfdə Paşayevlər və
Heydərov, o biri tərəfdə Əli Əsədov və onun yaxın çevrəsi, üçüncü tərəfdə isə
hər zaman lazımlılığını sübut etmək üçün ciddi fəsadlar yarada bilən Mehdiyev
və komandası… Bütün bunlar yeni siyasi
vəziyyətin açılmaz düyünləridir.

Elxan Məmmədli

 

Short URL: http://www.cumhuriyyet.net/?p=109249

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728