"Hafka" şəxsi təyyarəsini satışa çıxardı
Ziya Məmmədov, Cahangir Hacıyev və Rövnəq Abdullayev iş adamından borclarını tələb edir
Nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı, “Baglan
Group” şirkətinin prezidenti, “Hafka” kimi tanınan Hafiz Məmmədov qəxsi
təyyarəsini satır. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki,
iş adamı borclarını ödəmək üçün mülklərindən sonra təyyarəsini də
satmaq qərarına gəlib. Məlumatda bildirilir ki, Hafiz
Məmmədovun təyyarəsi “Golf stream” markalıdır. Bu təyyarələrin qiyməti
modifikasiyasından asılı olaraq 50-100 milyon dollar civarındadır.
Məlumatda o da qeyd olunur ki, Hafiz Məmmədovun bir neçə oliqarxa
külli miqdarda borcu var. Bunlar nəqliyyat naziri Ziya Məmmədov,
Beynəlxalq Bankın prezidenti Cahingir Hacıyev və Azərbaycan Dövlət Neft
Şirkətinin prezidenti Rövnəq Abdullayevdir. Hafiz Məmmədovun adıçəkilən
oliqarxlara borcun yaranmasının səbəbləri bizə bəlli deyil. Lakin
məlumata görə, hər üç şəxs israrla Hafiz Məmmədovdan pullarını tələb
edirlər.
Qeyd edək ki, bundan əvvəl də “Hafka”nın Bakıdakı mülklərini satışa
çıxardığı barədə məlumat yayılmışdı. Həmçinin “Bank of Azərbaijan”
ətrafında baş verənlərin də Hafiz Məmmədovun borcları ilə əlaqədar
olduğu bildirilir.
AzPolitika.info-ya daxil olan məlumata görə isə, Hafiz
Məmmədov o qədər pis vəziyyətə düşüb ki, hətta yaşadığı evin
mühafizəçilərinin belə əməkhaqqını verə bilmir, onlardan bir neçəsini
işdən çıxarıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=10925