Cəmil Həsənli Müdafiə Komitəsinin sədri seçildi
Bu gün Ziyalılar Birliyinin
qərargahında müxalifət liderləri, partiya sədrləri və gənc fəalların
iştirakı ilə həbs olunan hüquq müdafiəçilərinin müdafiə komitəsinin
toplantısı keçirilib.
Tədbir həbsdə olan hüquq müdafiəçilərinin müdafiəsi istiqamətində görüləcək işlərin müzakirəsinə həsr olunub.
Tədbiri giriş sözü ilə açan Cəmil Həsənli həbs olunan ictimai
xadimlərin hüquqlarını müdafiə etməyi hər kəs üçün vicdan borcu
adlandırıb: “Müdafiə Komitəsi olaraq Leyla xanımın həbsindən sonra ilk
dəfə toplanmışdıq. O zaman məqsədimiz Leyla xanımın və Rəsul Cəfərovun
hazırladığı siyahını müdafiə etməkdən ibarət idi. Bundan əvvəlki
toplantımızda Rəsul Cəfərov özü də iştirak edirdi. Biz bu qədər təmiz,
dürüst adamların saxta ittihamlarla həbs olunması cəmiyyət üçün
gözlənilməz oldu. Məqsədimiz onları müdafiə etməkdən ibarətdir. Leyla
xanım başda olmaq biz siyahıda olan bütün məhbusları müdafiə edirik.
Ancaq Leyla xanıma xüsusi diqqət ayırmağımızın səbəbi odur ki, həbs
kişilər üçün normal qəbul olunsa, qadının həbsi ictimai rəydə qəbul
edilmir. Leyla xanımın müdafiəsinə həm də ona görə üstünlük veririk o
sıradan bir qadın deyil. O, mübariz bir qadındır, 30 ildən çoxdur ki,
insan haqları uğrunda, siyasi məhbus problemi ilə bağlı mübarizə aparır.
Bu cəmiyyətin Leyla xanımın qarşısında bir vicdan borcu var və biz
bütün siyasi mənsubiyyətlərimizi bir kənara qoyub bu cəmiyyətin bir üzvü
kimi vicdan borcumuzu yerinə yetirməliyik. Azərbaycan xalqı ilə də
işləməliyik. Həmçinin mətbuatla və beynəlxalq hüquq müdafiə təşkilatları
ilə da iş aparmalıyıq” .
Daha sonra AXCP sədri Əli Kərimli,
Klassik Azərbaycan Xalq Cəbhəsinin sədri Mirmahmud Mirəlioğlu, publisist
Mehriban Vəzir, Xalq Partiyasının sədri Pənah Hüseyn, jurnalist
Şahvələd Çobanoğlu və digərləri çıxış edərək həbs olunanların müdafiəsi
istiqamətində səyləri birləşdirməyin vacib olduğunu qeyd ediblər.
Müzakirələrin nəticəsi olaraq həbs olunan hüquq müdafiəçiləri Leyla
Yunus, Arif Yunus, Rəsul Cəfərov və İntiqam Əliyevin Müdafiə Komitəsi
yaradılıb.
Komitənin sədrləri professor Cəmil Həsənli və hüquqşünas Vidadi Mirkamal seçilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=10927