41-42 dərəcə isti, qovrulan fəhlələr və dövlət qurumlarının bəhanəsi…

18.08.2014 - 17:44

Ekologiya və Təbii Sərvətlər Nazirliyi kəskin istilərlə bağlı
xəbərdarlıq etdi. Avqustun 18-dən 20-dək havanın hərarəti 39 dərəcədən
41, bəzi aran bölgələrində isə 43 dərəcəyədək qalxacaq. Ən yüksək
temperatur isə ayın 20-də qeydə alınacaq.

Nəzərə alaq ki, hava şəraiti asfalt olmayan ərazilərdə ölçülür. Buna
görə Bakıda temperatur rəsmi proqnozdan bir qədər də yüksək olur.

Avqustun 16-dan müşahidə edilən isti hava şəraiti günvurmalara səbəb
olub. Son iki gündə təcili tibbi yardıma 10-dan çox müraciət edilib.
İsti havalar ürək-damar xəstələrinin, yüksək təzyiqdən əziyyət
çəkənlərin də səhhətinin pisləşməsinə səbəb olub.

Həkimlər isti havada zərurət yaranmadığı təqdirdə saat 11:00-dan
17:00-dək açıq havada olmamağı məsləhət görürlər. Bu məsləhətə daha çox
bir çox spesifik sahələrdə, xüsusilə də neft və qaz sənayesində, tikinti
sektorunda çalışanlar əməl etməlidir. Belə ki, Əmək Məcəlləsində 41
dərəcə istidə açıq havada işin dayandırılması nəzərdə tutulub.

“Havanın temperaturu 41 dərəcəyə yüksəldiyi halda işin dayandırılması məcburidir”.

Bunu virtualaz.org saytına açıqlamasında hüquqşünas Azər Quliyev bildirib.

A.Quliyevin sözlərinə görə, Əmək Məcəlləsinin 233-cü maddəsində
göstərilir ki, 41 dərəcə isti olduğu halda açıq havada və sərinlədici
qurğular olmayan qapalı yerlərdə iş dayandırılmalıdır: “Bəzən yalnız
açıq hava şəraitində işin dayandırılmasından söhbət gedir. Amma qanunda
sərinləşdirici qurğular olmayan qapalı yerlərdə də işin dayandırılması
tələb edilir. Buna birinci növbədə müəssisə rəhbəri və əməyin mühafizəsi
üzrə məsul şəxs nəzarət etməlidir”.

A.Quliyev dedi ki, Dövlət Əmək Müfəttişliyi və həmkarlar təşkilatı
qanunun tələblərinin yerinə yetirilib-yetirilmədiyinə nəzarət etməlidir:
“Açıq hava şəraitində işi dayandırmayanlara qarşı cəza tədbirləri
həyata keçirilməlidir. Hava şəraiti ilə bağlı fasilə yaranacağı halda
işçiyə tarif maaşının üçdə ikisi ödənilməlidir”.

Bəs bizdə idarələr, dövlət və özəl müəssisələr zəhmət çəkib Əmək Məcəlləsinin bu tələbinə baxır və ona əməl edirlərmi?

Dövlət Neft Şirkəti hava şəraiti ilə əlaqədar açıq havada işlərin dayandırılıb-dayandırılmadığına münasibət bildirmək istəmədi.

“Bibiheybət” NQÇİ-dən virtualaz.org saytına hava şəraiti ilə əlaqədar olaraq işlərin dayandırılmadığını dedilər.

“Bahar energi” şirkətindən də hazırda iş getdiyini söylədilər.

“Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Afaq Quliyeva bildirdi ki,
Ekologiya və Təbii Nazirliyinin hava haqqında proqnozu ilə bağlı hər gün
məlumat alırlar: “Bir gün əvvəldən səhər hava şəraitinin necə olacağını
öyrənirik. Belə ki, mətbuatda verilmiş rəsmi hava proqnozu ilə bağlı
məlumatları toplayaraq müvafiq qurumlarımıza göndəririk. Xüsusilə də yay
və qışda, küləkli hava şəraitində işçilər məlumatlandırılır. Nazirlik
temperaturun 41 dərəcəyədək yüksəldiyi halda rəsmi xəbərdarlıq edərsə,
açıq havada işləyənlər üçün müvafiq tədbirlər görəcəyik”. 

Bakı Şəhər İcra Hakimiyyətindən isə dedilər ki,
tikinti və ya abadlıq işlərinin dayandırılması üçün onlara rəsmi
xəbərdarlıq edilməyib: “İndi icra hakimiyyətləri tərəfindən hansısa
küçədə tikinti getdiyindən xəbərsizik. Amma işlərin dayandırılması üçün
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xəbərdarlıq
olunmalıdır. Nazirlik xəbərdarlıq etməyib”.

Qeyd edək ki, paytaxt meriyası açıq havada tikinti və ya abadlıq
işlərinin getdiyini xatırlamasa da metronun “Qara Qarayev” stansiyasının
ətrafında 10-dan çox fəhlə hazırda yerə daş döşəyir. Ətrafda isə “Bakı
Şəhər İcra Hakimiyyəti müvəqqəti narahatçılıq üçün üzr istəyir”
plakatları asılıb.  

Dövlət Əmək Müfəttişliyindən 41 dərəcə istidə açıq hava şəraitində işlədildiyi üçün şikayətlərin daxil olmadığını dedilər.

Lakin xidmətin səlahiyyətində olan nəzarət tədbirləri ilə bağlı
suallara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən cavab
axtarmağımızı məsləhət gördülər. Nazirlikdən isə suallarımıza cavab ala
bilmədik.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından da
temperaturun 41 dərəcəyə yüksələcəyi təqdirdə açıq havada işlərin
dayandırılmasının qanunla tənzimləndiyini, bu qanuna məhəl qoymayanların
cavabdehlik daşıdıqlarını dedilər: “Ötən illərdə bununla bağlı
konfederasiyanın sədri Səttar Mehbalıyev mətbuata açıqlama vermişdi.
Builki mövsümdə isə konfederasiyanın hansı tədbirlərin görüldüyünü
mətbuat xidməti araşdırıb deyə bilər”.

Qeyd edək ki, Səttar Mehbalıyev tikinti sektorunda işin dayandırılmamasından narazılıq etmişdi.

Xatırladaq ki, bu qaydaları pozan sahibkarı 1500 manatadək cərimə gözləyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=10934

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31