Azərbaycanda erməni kəşfiyyatına məlumatlar necə ötürülür?

18.08.2014 - 18:49

“Bəzi
QHT-lər “xalq diplomatiyası” adı altında işğalçı Ermənistanın xüsusi
xidmət orqanlarının nəzarətində olan yerli təşkilatlarla əməkdaşlıq
əlaqələri qurub, düşmən ölkənin maraqlarının ifadəçisinə çevriliblər”

.

 

Bu barədə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov bir neçə gün əvvəl “Azərtac”a müsahibəsində
bildirib. PA rəsmisi qeyd edir ki, bu tipli QHT və fiziki şəxslər, bəzi
jurnalistlər onları maliyyələşdirən xarici dairələrə arxalanaraq,
özlərini milli qanunvericilikdən yüksəkdə tutub, öz qrant layihələrini
reyestrdən keçirməkdən, maliyyə hesabatlarını təqdim etməkdən, vergi
ödəməkdən və hökumətin digər qanuni tələblərini yerinə yetirməkdən boyun
qaçırıblar. “Dövlət orqanlarının adekvat addımları isə təəssüf ki, bu
gün həmin dairələr tərəfindən “vətəndaş cəmiyyətinə basqı”, QHT-lərin və
medianın fəaliyyətinin “məhdudlaşdırılması” kimi qələmə verilir,
Azərbaycana qarşı məqsədli qarayaxma kampaniyası təşkil olunur”, -deyə
PA rəsmisi vurğulayır.

“Xalq diplomatiyası”: Bu günə qədər bir sıra QHT-lər
dövlətin iradəsindən kənara çıxaraq İrəvana səfərlər edir, erməni
həmkarları ilə görüşür, ümumi sülhdən danışırdılar. Bunun Azərbaycan
cəmiyyətində qəbul edilməyən mövqe olmasına baxmayaraq, onların bu
addımı atması maraq doğururdu. Halbuki “xalq diplomatiyası” münaqişə
tərəfləri eyni statusa malik olduqda tətbiq edilən siyasətdir. Yəni, elə
münaqişələr olur ki, işğal edən və işğala məruz qalan tərəf olmur.
Dağlıq Qarabağ münaqişəsində isə işğal edən Ermənistan və işğala məruz
qalan Azərbaycan faktoru var. Sonrakı proseslər bu prosesə beynəlxalq
güclərin kifayət qədər maliyyə ayırdığını ortaya çıxardı. Buna misal
kimi, ATƏT sədrliyinə başlayan İsveçrənin “xalq diplomatiyası”
layihələrinə qrant ayırmaqla bağlı elan verməsini göstərmək olar.
Deməli, ortada söhbət sülhün bərqərar olmasından deyil, maliyyədən
gedir.

Belə diplomatiya kimə sərf edir?

Bu, ilk növbədə, Ermənistana sərf edən məsələdir. Çünki bununla
Ermənistan həm Azərbaycanın uğurla apardığı təcridetmə siyasətindən yaxa
qurtara, həm də Qarabağın qaytarılması məsələsi tədricən unudula bilər.
Digər tərəfdən, Ermənistanla Azərbaycan arasında dostluq görüntüləri
yaratmaqla, beynəlxalq ictimaiyyətə Dağlıq Qarabağ münaqişəsində hazırkı
status-kvonu saxlamaqla region ölkələrinin inkişafına nail olmağın
mümkünlüyü nümayiş etdirilir. Buna çalışan tərəfin erməni lobbisi
olmasını nəzərə alsaq, məlum olur ki, “xalq diplomatiyası”nın
“donor”ları kimlərdir.

 

“Bu diplomatiyadan qaranlıq məqsədləri üçün istifadə edilir”

Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Publika.az -a açıqlamasında bildirib ki, “xalq diplomatiyası” hazırkı vəziyyətdə  daha çox Ermənistanın xeyrinə işləyir.

 

“Belə bir görüntü yaradılmasına baxmayaraq, insanlar arasında
görüşlərin keçirilməsində, icmaların yaxınlaşmasına ermənilər də
konstruktiv mövqe nümayiş etdirmirlər. Sadəcə olaraq, beynəlxalq
təşkilatların, bu və ya digər fondların layihələri çərçivəsində “xalq
diplomatiyası”na dəstək verməyə meyilli mövqe nümayiş etdirməyə
çalışırlar. Bu da dünya ictimaiyyətini aldatmağa yönəlib. Dünya
ictimaiyyəti isə bunu görür və aldanmır. Bu proses yalnız Leyla Yunus
kimi adamlara və belə adamların mövcud olmasından istifadə edən
dairələrə lazım ola bilər. Lakin bunun danışıqlar prosesinə heç bir
təsiri yoxdur. Bundan yalnız bəzi dairələrin imitasiya etməsi, görüntü
yaratması və digər qaranlıq məqsədlər üçün istifadə edilir” – deyə
vitse-spiker vurğulayıb.

 

Erməni xüsusi xidmət orqanlarına məlumatlar necə ötürülür?

Burada maliyyə, eləcə də beynəlxalq maraqlarla yanaşı, Azərbaycanın
xeyrinə işləməyən kiçik – əslində olduqca təhlükəli bir detal var.
Söhbət erməni xüsusi xidmət orqanlarının “xalq diplomatiyası”
iştirakçılarından istifadə etməsidir. Belə ki, “xalq diplomatiyası” adı
altında xüsusilə Qərb ölkələrinin maliyyələşdirdiyi layihələrdə məqsəd
sifarişçilərin bölgədəki geopolitik mənzərəni dəyişmək, icraçıların isə
qrant əldə etmək istəkləri deyilmiş. Ortada həm də informasiya
mübadiləsi, hərbi dillə desək, düşmən tərəfinə xəbər ötürmək halları da
olub. Mirqədirovun işi tam aydınlaşmasa da, bəzi məqamlar bu ehtimalları
artırır.

Sonrakı mərhələdə Leyla Yunus işində bu, açıq-aşkar ortaya çıxdı. Hansı
ki, “xalq diplomatiyası”nın əsas qəhrəmanları məhz yunuslar idi. Onun
erməni həmkarları ilə ortaq sayt yaradaraq Azərbaycanın işğal altındakı
ərazilərini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim etməsi faktı
məlumdur. Bunun özü prosesdə erməni xüsusi xidmət orqanlarının izinin
olması faktorunu ortaya qoyur.

Kəşfiyyat məlumatlarının əldə edilməsinin müasir metodları sırasında
“daxildən nüfuz etmə” metodu əsas vasitələrdən hesab olunur. Belə ki,
burada informasiya ilkin mərhələdə ümumi müzakirələrdən əldə olunur.
Misal üçün, İrəvanda erməni həmkarları ilə sülhdən danışan Azərbaycan
QHT rəhbərlərinin danışıqlarından ölkədəki vəziyyət, hansı sahələrdə
boşluqların olması haqda ilkin informasiyalar əldə etmək mümkündür.
“İsti münasibətlər” formalaşdıqdan sonra sonrakı mərhələyə keçid prosesi
başlayır. Heç kim zəmanət verə bilməz ki, “xalq diplomatiyası”nda
iştirak edən hər hansı erməni QHT rəhbəri erməni xüsusi xidmət
orqanlarının əməkdaşı deyil. Bunun özü göstərir ki, belə diplomatiyada
iştirak edənlər Ermənistan üçün potensialı informasiya mənbəyidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=10935

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31