Bakıda ruhi əsəb dispanserində insident
Döyülmə faktı ilə bağlı bir neçə həkim işdən uzaqlaşdırılıb.
Döyülmə faktı ilə bağlı bir neçə həkim işdən uzaqlaşdırılıb.
Söhbət 1 saylı Ruhi Əsəb Dispanserində
müalicə alan 37 yaşlı Emin Abbasovdan gedir. İllərdir yeganə oğlunu bu
dispanserdə müalicə etdirən Solmaz xanım oğlunun xəstəxanada dəfələrlə
döyülməsindən və ona göstərilən laqeyd münasibətdən şikayətçidir.
Solmaz Abbasovanın sözlərinə görə, dərmanı qəsdən vermirdilər ki,
sudurqa tutsun ölsün: “Amma sudurqası olmayıb. Gəldim gördüm ki, uşaq
bütünlüklə sınıb. Özüm pullar tökmüşəm, uşağımı gəzdirmişəm
travmatologiyanı, artıq məni hamı tanıyır. Bu da uşağımın döyülməsini
əks etdirən şəkillər”.
Solmaz Abbasova deyir ki, oğlunun müalicə aldığı şöbədə rəhbər
vəzifəsində çalışan Gülzar adlı həkim bütün hadisələri ört-basdır
etməklə məşğuldur: “Hadisə baş verən gündən isə həkimi tapmaq müşkül
məsələyə çevrilib. Ruhi dispanserdən isə bunun həqiqətə uyğun olmadığını
və döyülmə faktı ilə bağlı bir neçə sanitar həkimin işdən qovulduğunu
bildirdilər”.
Baş həkimin müavini Sevinc Hüseynova bildirdi ki, Gülzar həkim uzun
illərdir psixiatr işləyir, gözəl insandır, təcrübəli həkimdir.
Solmaz Abbasova söylədi ki, “Gözəl həkim ola bilər, amma mənim oğlumu
müalicə etməyib. Müalicəni kənardan etmişəm. O, həkimin elə öz
tanışları da baş həkim yanına gedir”.
Hazırda əmək məzuniyyətində olan Gülzar xanımla telefon əlaqəsi
yaratdıq. Həkim ona səslənən ittihamları əsassız sayaraq Solmaz xanıma
və onun oğluna qarşı hər zaman diqqətli olduğunu bildirdi. O ki, qaldı
döyülmə faktına, bu işdə əli olan sanitar Nazim Vəliyev işdən
uzaqlaşdırılıb və hadisəylə bağlı hüquq-mühafizə orqanlarında araşdırma
gedir. Amma deyəsən hələ açılmayan çox faktlar var.
Sadəcə susaraq olanları dinləyən baş həkimin müavini yəqin
açıqlanan və açıqlanmayan faktlara münasibət bildirməyi lazım bilmədi.
Biz isə döyülən Eminin müalicə aldığı yerin faktiki vəziyyətilə tanış
olmaq üçün şöbəyə yollandıq. Elektirik lampası belə olmayan otaqda tək
qalan Eminin yeməyi də elə şüşəsiz pəncərədən verilir. Gün ərzində bir
neçə saat şöbədə sərbəst buraxılır. Bundan başqa Emin yaşıdlarıyla
deyil, özündən yaşca dəfələrlə böyük olan ruhi xəstələrlə eyni şöbədə
saxlanılır. Xəstəxananın baş həkiminin müavini olan Sevinc Hüseynova isə
xəstələrin xüsusən də Eminin döyülməsi fikirlərini qəbul etmir.
Onu da öyrəndik ki, tək Emin Abbasovun anası Solmaz xanımın iddiası
əsasında həmin şöbədə çalışan bir neçə həkim və sanitar vəzifəsindən
uzaqlaşdırılıb. Amma bütün deyilənlərə son nöqtəni əlbəttə ki,
hüquq-mühafizə orqanları qoyacaq.(ans)
Short URL: http://www.cumhuriyyet.net/?p=10952