Hökumətin əşya kimi davrandığı insanlar…

19.08.2014 - 12:16

Yaxud “Sovetski”də tənha və köməksiz qalan ananın acı hekayəti

Yaxud “Sovetski”də tənha və köməksiz qalan ananın acı hekayəti

Bakının “Sovetski” ərazisində söküntü planlarına etirazdan sonra
hökumət əhalini inandırdı ki, kimsə evindən zorla köçürülməyəcək,
kimsəyə kompensasiya ödənilmədən evi uçurulmayacaq. Lakin bu anlaşmadan
3-4 ay sonra yerli icra hakimiyyəti plana düşən bütün evləri, küçələri
hasarladı… 

Kiminləsə evinin alğı-satqısı razılaşdırılmayıbsa, kimsə yaşayış
yerini könüllü tərk etməyəcəksə, onda qabaqcadan bütün evlərin
hasarlanması nə deməkdir? Hamının bir nəfər kimi ərazidən köçəcəyinə
hökumətdəki əminlik nədən qaynaqlanırdı? 

Şübhəsiz, cavab indi birmənalı olaraq aydınlaşır: tək-tük köçlərdən
sonra ərazidə başlanacaq söküntü, xaos, kommunikasiya xətlərinin sıradan
çıxması, bir sözlə, yaşayış üçün nəinki əlverişli, hətta təhlükəli
şəraitin yaradılması insanları öz yurdunu tərk etməyə məcbur
qoyacaqdı?! 

“Mən əşya deyiləm…”

Budur, sizə bir faktı çatdıraq: “Sovetski” küçəsindəki (indi
Nərimanov prospekti) 128 saylı evin sakini Məsumə Zeynalovanın yaşadığı
acılar, sarsıntılar… 63 yaşlı bu ana öz evindən çıxmaq istəmir, ancaq
onu məhrumiyyətlərlə baş-başa buraxıblar. Səbəbi də budur ki, sahəsi
cəmi 14 kv.m olan evinə görə ona 21 min manat təklif olunur. Bu pulla
isə?!

“Ərim 10 il bundan qabaq rəhmətə gedib. Bu evdə özüm, qızım və 10
yaşlı nəvəmlə yaşayırdıq. Ona görə “yaşayırdıq” deyirəm ki,
həyətimizdəki 4 qonşu köçdükdən sonra burda yaşamaq mümkün deyil” –
deyir Məsumə ana. Evin kişisi olmadığına görə özünü tənha və köməksiz
hiss edən ananın yeganə qız övladı da həyat yoldaşından boşanıb… Belə
bir şəraitdə bütün ağırlıq isə onun üzərinə düşüb. 

Məsumə ana deyir ki, bu ev ana babasının mülküdür, 1895-ci ildə
tikilib: “Babam varlı adam olub, gəmiləri varmış, ticarətçi imiş… Indi
kasıbçılıq şəraitində yaşamaq bir yana, evimin dəyər-dəyməzinə əlimdən
çıxacağından narahatam” – deyir və göz yaşını saxlaya bilmir. 

“Axı, mən əşya deyiləm, canlı insanam, bu yaşımda, bu çarəsizlik
içində nə edəcəm?” – onun sonrakı sözləri bizi də kövrəldir… Vəziyyət
təsəvvür olunandan da ağırdır: evə suyun verilməsi dayandırılıb, bir
həftədir sıradan çıxan işıq avqustun 18-də bərpa edilib; qaz təchizatı
isə var. Həyətdən köçən qonşuların evlərinin uçurulması nəticəsində
həyətdə salamat yer qalmayıb. Tualetə gedən yolu da daş-kəsək bağlayıb.

Kasıb daxmadan oğurluq?! 

Bizi şəraitlə tanış edən Məsumə ana daha sonra deyir ki, artıq
ekskavator evinin divarlarına dirənib. Evinin uçacağından ehtiyat etdiyi
üçün daha burada qalmırlar. Qızını və nəvəsini əslən Bilgəhdən olduğu
həmin kənddəki qohumlarının evinə yollayıb, özü isə şəhərdə, bacısının
evində gecələyir. Hər gün səhər saat 9-da evinə gələrək, axşam 8-dək bu
kasıb daxmasını mühafizə edir. Buna baxmayaraq, evindən soyuducu,
televizor, tozsovuran, elektrik ətçəkən maşın, hətta tavandakı lüstr
belə qoparılaraq oğurlanıb. 

Evin qapısının qıfılını bir neçə dəfə sındırıb, son günlərdə isə
şüşəsini də qırıblar. Kimlərin oğurluq etdiyini isə bilmir, babalı yumaq
istəmir… Hə, bir də, evinin işıq sayğacı da aparılıb?! 

Beləcə, hökumətdən ədalətli kompensasiya gözləyən, bunun üçün
kimlərlə görüşməyən, kimlərdən vəd almayan Məsumə ana elementar ev
əşyalarını da itirib. Ancaq mənəvi itkiləri onu daha çox ağrıdır… Axı,
aylardır baş nazirin müavini Abid Şərifovla, iqtisadiyyat və sənaye
naziri Şahin Mustafayevlə, Yasamal Rayon Icra Hakimiyyəti başçısının
birinci müavini Səməd Islamovla, Maliyyə Nazirliyində adını unutduğu
daha bir səlahiyyətli şəxslə görüşlərində hamı bir nəfər kimi ondan
səbirli olmağı, gözləməyi xahiş edib, kömək vəd edib. 

Lakin daha səbrinin, gücünün tükəndiyini deyir, hökumətdən çevik
addım gözləyir. Axı, hökumətdə söz veriblər ki, “Sovetski”də evinin
sahəsi az olan vətəndaşlara ayrıca baxılacaq, lazımi tədbir
görüləcək… 

Məsumə ana isə “evindən kimsə zorla çıxarılmayacaq” deyənlərin onu
arxayın salmasına baxmayaraq, faktiki evindən didərgin salınıb. Bu ahıl
yaşında, yayın qızmar çağında çöldə, evinin divarları yanında durur ki,
birdən kasıb daxması ekskavatorun amansız “xortumuna” tuş gələr… 

Doğrudanmı, bu ananı hökumət bu qədər dağa-daşa salacaq?! 

 

P.S. Məqalə çapa hazırlanarkən APA-dan xəbər aldıq ki, baş
nazirin müavini Abid Şərifovun sözlərinə görə, “Sovetski”də
inventarlaşma prosesi başa çatandan sonra sahəsi kiçik olan evlərlə
bağlı təkliflər hazırlanacaq. Inventarlaşma prosesi isə bir ay-ay yarıma
başa çatacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=10956

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31