Moskva çevrilişinin Bakı əks-sədası
Müstəqillik Bəyannaməsindən 7 gün əvvəl
Yasamal rayon Hərbi Komisarlığının binası qarşısındayıq. N.Nərimanov
küçəsindəki (vaxtilə bu küçə Sovetski adlanırdı) bu köhnə bina ətrafdakı
tikililərdən fərqlənmir. Əslində, milli azadlıq hərəkatı tarixində bu
binanın özünəməxsus yeri var. Azərbaycanın müstəqilliyi uğrunda gedən
mübarizənin başında duran təşkilat – Xalq cəbhəsi 1991-cı ildə bu binada
qərarlaşırdı. “QKÇP” elan olunanda SSRI ərazisində çevrilişə qarşı ilk
etirazlardan biri bu binadan səsləndi. Biz bu yazımızda 22 il əvvəl –
1991-ci il avqustun 23-də elə bu iki mərtəbəli binada baş verən
hadisələrdən danışacağıq…
Bakı, 1991-ci il 23 avqusta qədər…
AXC avqustun 23-ü saat 16-ya qərargahına bitşik meydanda mitinq elan
etmişdi. Bu ərəfədə bütün SSRI-ni lərzəyə salan hadisələr baş vermişdi.
Avqustun 19-da SSRI-nin vitse prezidenti Yanayevin rəhbərliyi altında
Dövlət Fövqəladə Vəziyyət Komitəsi yaradılmışdı. Bununla da həmin günlər
istirahətdə olan prezident Mixail Qorbaçov hakimiyyətdən
kənarlaşdırılmışdı. Ancaq DFVK-nin hakimiyyəti də cəmi bir neçə gün
çəkmiş, kütləvi etirazlar nəticəsində ölkəyə nəzarət faktiki Rusiya
Sovet Fedarativ Sosialist Respublikasının prezidenti Boris Yeltsinin
əlinə keçmişdi.
DFVK-ya ilk dəstək də, ilk etiraz da Azərbaycandan gəldi. O vaxtlar AXC Icrayə Komitəsinin üzvü Pənah Hüseyn xatırlayır:
“O günlər Azərbaycan faktiki 2 yerə bölünmüşdü. Avqustun 19-u AXC
DFVK əleyhinə bəyanat verdi. Bu həmin komitəyə bütün SSRI-də ilkin
etirazlardan idi. Azərbaycan Kommunist Partiyası da DFVK-nı müdafiə edən
bəyanat vermişdi. Bu da DFVK-nı müttəfiq respublikalardan tez-tələsik
dəstəkləyən yeganə bəyanat idi. Həmin bəyanat “Raboçi tribuna” qəzetində
də dərc edilmişdi. O vaxt Azərbaycan Kommunist Partiyasının rəhbəri,
prezident Ayaz Mütəllibov Iranda səfərdə idi və bu bəyanat faktiki
oradan verilmişdi”.
Təkzib…
“Kommunist” qəzetinin 22 avqust 1991-ci il tarixli sayında
“Azərinform” bəyanat yayaraq prezident Mütəllibovun DFVK-nı müdafiə
etməsi ilə bağlı deyilənləri təkzib etmişdi. Təkzib bəyanatında
deyilirdi ki, Mütəllibov heç vaxt Qorbaçovun vəzifədən
kənarlaşdırılmasını təqdir etməyib.
23 avqust…
“Saat təqribən 10-12 arası yaxınlıqdakı Imam Hüseyn məscidindən
150-200 adam qərargaha gəlib söyüşə, təhqirə başladı. Biz onları yola
saldıq. Saat 14-də AXC sədrinin otağında icraiyyə komitəsinin və
“demokratik” blokun üzvü olan deputatların toplantısı vardı. Həmin vaxt
məsciddən yeni bir dəstə gəlib zorla iclasın keçirildiyi otağa daxil
oldu. Tələb elədilər ki, mitinq təxirə salınsın.
– Kim idi həmin dəstənin başında duran?
Hacı Əbdül və onun “Tövbə” cəmiyyəti
– Onlara Hacı Əbdül rəhbərlik edirdi… Nəhayət saat 16-da qərargahın
qarşısında mitinq başladı. Elə mitinqin gedişində də milis və mülki
geyimli şəxslərin basqını oldu. Hündür boylu bir nəfər Nəsir Ağayevə
hücum etdi. Həmin an o çıxış edirdi. Hücum edənlərin arasında dənizçi
geyimli şəxslər də var idi. Bizimkilər qərargaha keçib, istədilər ki,
qapını bağlı saxlasınlar. Mitinqçilərdən bəziləri hələ də çöldə idi.
Pəncərədən içəri qaz atdılar, sonrası da məlumdur…
Bakı və Kəndlər Birliyinin keçmiş sədri Nəsir Ağayev:
“Mitinqi Arif Hacılı aparırdı…”
– Mitinqi Arif Hacılı aparırdı. Əvvəlcə Pənah Hüseyn danışdı, sonra
söz mənə verildi (Həmin hadisələri əks etdirən fotoşəkillərdən məlum
olur ki, Nəsir Ağayevdən əvvəl mitinqdə Əbülfəz Elçibəyin də çıxışı olub
– B.B.). Həmin vaxtlar hakimiyyət Bakı kəndlərini demokratik prosesə
qarşı qoymaq istəyirdi. Mənim çıxışım da buna qarşı idi. Mən Bakı
kəndlərinin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında rolunu yada
salmaqla hakimiyyətin “parçala, did, hökmranlıq et” siyasətini pisləmək
istəyirdim. Bakı kəndləri rayonlara qarşı, Bakı kəndləri Qərbi
azərbaycanlılara qarşı, Bakı kəndləri naxçıvanlılara qarşı qoyulurdu. 3
nəfər tribunaya yaxınlaşıb sözümü yarımçıq kəsdi. Onlardan biri
mikrofonu əlimdən alıb, rezin dəyənəyi başım üzərinə qaldırdı. Bu vaxt
mərhum Asya xanım və Paşa bəy bədənlərini sipər edib məni dəyənəklərdən
qorudular. Bütün zərbələr də onlara dəydi. Məni “kolyaska”mla birgə
(N.Ağayev yeriyə bilmir – B.B.) qərargahın içərisinə keçirdilər…
“Elçibəy səndirləsə də, yıxılmadı”
Yenidən Nəsir Ağayev:
– Sonra qərargaha qaz buraxıldı və qapını sındırıb içəri girdilər.
Qarşılarına keçəni döyürdülər. Bir milis Elçibəyin başına 2 dəfə zərbə
vurdu. Elçibəy səndələdisə də yıxılmadı. Başından qan axsa da geri
çevrilib, onu vuran milisə baxmadı…
Pənah Hüseyn:
– Isa Qəmbəri, mərhum Nəcəf Nəcəfovu həbs etdilər.
– Siz xəsarət almadınız?
– Mən çox ciddi xəsarət almışdım. Səhərki basqınçıların
uzaqlaşdırılmasında fəallıq göstərmişdim. 60 nəfəri, o cümlədən də məni
Oktyabr rayon (Indiki Yasamal rayonu – B.B.) Milis Idarəsinə apardılar.
Bir saat keçmiş halım pisləşdiyindən məni Təcili Yardım xəstəxanasına
göndərdilər.
Sonrakı günlərdə siyasi vəziyyət bizim xeyrimizə dəyişdi. Sonradan
öyrəndik ki, hələ avqustun 22-də Daxili Işlər Naziri mərhum Məhəmməd
Əsədovun yanında əməliyyat müşavirəsi olub və mitinqin dağıdılmasına
orada qərar verilibmiş. Hücumun başında isə Bakı Şəhər Milis Idarəsinin
rəisi Bəxtiyar Əliyev dururdu. Görünür, məqsədləri bizim gözümüzü
qorxutmaq və bir də bizə çatan məlumatlara görə, Əbülfəz Elçibəyi fiziki
şəkildə məhv etmək idi.
“26-lar” rayon partiya komitəsinin binasını tutaq və hakimiyyəti devrilmiş elan edək”
– Bu nə dərəcədə düşünülmüş əməliyyat idi? Bir halda ki, artıq DFVK məğlub olmuşdu.
– Düzü onlar özlərini itirmişdilər. Çünki Mütəllibovun DFVK-ni
müdafiə etməsinə görə, bütün SSRI məkanında ona qarşı kampaniya
başlamışdı. Onlar mitinqin qarşısını almaqla vaxt qazanmaq istəyirdilər.
Hər halda bunun onlara ziyanı oldu. Sonrakı günlərdə bəziləri bunun
məsuliyyətindən qaçdılar. Avqustun 25-i yenidən mitinq keçirmək haqda
qərar verdik. Hətta mən təklif etdim ki, “26-lar” rayon partiya
komitəsinin binasını tutaq və hakimiyyəti devrilmiş elan edək. Elçibəy
həmin günlər xəstə idi, bu təklifin əlehinə çıxdı. O, öz
səlahiyyətlərini Isa Qəmbərə vermişdi. Təklifim keçməsə də, “Azadlıq”
meydanında mitinq keçirməyə qərar verildi…
AXC-nin yeni, “26-lar” rayon partiya komitəsinin köhnə binası…
– Avqustun 23-dən sonra qərargahda vəziyyət necə idi?
– Təmiz dağıtmışdılar. Avadanlığı sındırıb tökmüş, sənədləri
cırmışdılar. Biz bir daha o qərargaha qayıtmadıq. Azadlıq meydanında
elan edildi ki, növbəti qərargah “26-lar” rayon partiya komitəsinin
binası olacaq (Bakı şəhər prokurorluğunun indiki binası – red.).
Qonaqlar da döyülürdü….
“Azadlıq” qəzetinin 1991-ci il 30 avqust sayında dərc edilən
məqalələrdən biri belə adlanır: “Qonaqlar da döyülürdü” (Həmin dönəm
“Azadlıq” qəzeti həftədə 1 dəfə çıxırdı -B.B.).
Məqalədə qeyd edilirdi ki, avqustun 23-ü AXC qərərgahında milisin
zorakı hərəkətinə məruz qalanlar arasında Moskvalı fotomüxbir Yaroslav
və Almaniyanın “Tayges Saytunq” qəzetinin əməkdaşı Ştefan Şel də olub:
Həmin jurnalistlərin “Azadlıq” qəzetinə verdikləri müsahibədə oxuyuruq.
“Gözəl, italyansayağı geyimdə olan bir kişi…”
Yaroslav:
– Mitinqi çəkirdim. Birdən hər şey qarışdı. Onu gördüm ki, adamları
döyürlər. Qərargahdan sonuncu məni çıxartdılar. Müqavimət göstərməsəm
də, OMON-çular məni o ki var döyüb, milis şöbəsinə apardılar. Şeylərimi
axtarıb fotokameramı götürmək istəyirdilər. Ancaq fotokameramı hələ
qərargahda almışdılar.
Ştefan Şel:
– SSRI haqqında dissertasiya yazıram. Bir də qəzet üçün material
toplamaq üçün Bakıya gəlmişdim. Milis qapını sındırıb qərargaha daxil
olanda Yaroslavı axtarırdılar ki, kameranı onun əlindən alsınlar. Onu
döyüb, milisə apardılar. Məni dindirənə isə hiylə işlədib dedim ki,
mitinqə gecikmişəm. Milis işçiləri dedilər ki, şuluqluq salan, adamları
döyən AXC üzvülərinin özləridir. Sonra da öz əməllərini milisin boynuna
atırlar. Ancaq mən başqa şey görmüşdüm. Mitinq dinc şəraitdə gedən vaxt
gözəl, italyansayağı geyimdə olan bir kişi mikrofonda danışan əlil şəxsə
hücum etdi…
“Imam Hüseyn” məscidi…
Bu hadisələrdə adı halanan “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül ilə
də elə “Imam Hüseyn” məscidində görüşürük. Hacı Əbdül o vaxtdan
indiyədək həm bu “Imam Hüseyn” məscidinin axundu və həm də bu məsciddə
yerləşən “Tövbə” cəmiyyətinin rəhbəridir:
– Həmin gün Bakı kəndlərindən ağsaqqallar gəldi ki, xalq cəbhəsi
mitinq etmək istəyir, gəlin qoymayaq. Yığışdıb getdik. Bir 200-300 adam
olardı. Gəldik qərargahın qarşısına, piləkənləri qalxanda çevrilib
arxama baxdım. And olsun Orucluq ayına, necə var elə danışıram. Gördüm
heç kim yoxdur. Biri o tində gizlənib, biri bu tində gizlənib. Onda mən
səslədim, a kişi, sən bura gəl, sən də gəl, gedək bir yerdə sözümüzü
deyək də… Girdim içəri, iclas idi, bəy də oturmuşdu, Tamerlan Qarayev
də.
Dedim ki, siz mitinq etmək istəyirsiniz, sözünüzü kimə deyəcəksiniz?
Prezident burada yoxdur, gəlsin, sözünüzü deyin. Mən belə deyəndə hərəsi
düşdü üstümə. Aləm qarışdı. Dedim biz 3 nəfərik, siz çox. Ya gedim mən
də adam gətirim, ya da 3 nəfər seçin, bizimlə danışsın. Elçibəy durub
arxa otağa keçdi, Tamerlan Qarayev və Tahir Əliyev də onun ardınca.
Mənimlə gedənlər elə bil başladılar hesabat verməyə. Mən əsəbiləşdim ki,
biz danışığa gəlmişik, siz hesabat verirsiniz. Durub qapını çırpıb,
çıxdım çölə. Gördüm binanın içində mənimlə gələn uşaqlarla cəbhəçilər
boğuşur. Mən yalandan dedim ki, uşaqlar, dayanın, mən bəylə danışmışam,
mitinq olmayacaq. “Tövbə” cəmiyyətinin uşaqlarını götürüb apardım. Biz
elə məscidə yenicə çatmışdıq, eşitdik ki, dava başladı…
“Onda o prezident olmayıb…”
Hacı Əbdül deyir ki, Xalq cəbhəsinin qərargahına basqından prezident
Ayaz Mütəllibovun xəbəri olmayıb. O bunu hakimiyyət içində Mütəllibovu
devirmək istəyənlərin əməli kimi dəyərləndirir. Eks prezidentin özü ilə
danışmaq cəhdimiz isə alınmadı. Ayaz Mütəllibovun həmsədr olduğu
Azərbaycan Sosial Demokrat Partiyasının digər həmsədri Araz Əlizadə
deyir ki, eks-prezident yalnız oğlunun 40 mərasimi başa çatdıqdan sonra
suallara cavab verə bilər.
Bakı və Kəndlər Birliyinin keçmiş sədri Nəsir Ağayev isə baş
verənlərdən Ayaz Mütəllibovun xəbərsiz olması haqda deyilənlərə şübhə
ilə yanaşır:
– Bu, hadisə Bakının göbəyində oldu. O necə prezidentdir ki,
bundan xəbəri olmasın? Onda o prezident olmayıb. Necə ola bilər? Bir
prezident xalqın sərvətlərini talasın, ancaq xalqdan xəbərsiz olsun?
23 avqustdan 7 gün sonra…
Avqustun 30-u AXC-nin təkidi ilə Azərbaycan parlamenti müstəqilik
bəyannaməsini qəbul etdi. Oktyabrın 18-də qəbul edilən müstəqillik aktı
da elə bu bəyannaməyə istinad edirdi…
Durna Səfərli, Babək Bəkir “Azadlıq” radiosu
Short URL: http://www.cumhuriyyet.net/?p=10957