"Sumqayıtelektrikşəbəkə"də batan əməkhaqları…

19.08.2014 - 12:35

Ali Məhkəmə ləğv olunmuş qurumun hüquqi varisini “müəyyənləşdirə” bilmir

Qanunla bu qurum “Azərenerji” olsa da…

“2 il işlədim, son ayların əmək haqları verilmədi. Sonra da
“Sumqayıtelektrikşəbəkə” ASC ləğv olundu, dedilər, yerində “Azərenerji”
yaradılır. Təhvil-təslim bitsin, pulunuzu da o qurum ödəyəcək. Indi bizə
olan borcun üzərinə gündəlik faiz yığılır. “Azərenerji”nin təkcə şimal
bölgəsindən olan keçmiş işçilərə borcu 400 min manatı ötüb”.

“Xaçmazda, Qubada işıq xətləri çəkmişik”

Xaçmaz və Qubada yaşayan 6 nəfər iddia edir ki, “Azərenerji” ASC
onlara vaxtilə yığılıb qalmış və indi 400 min manatı ötmüş borcu ödəmir.
Quba sakini Səlahəddin Bəkərovun sözlərinə görə, 2008-ci ilin iyul
ayının 1-də “Sumqayıtelektrikşəbəkə” ASC ilə onun arasında podrat
müqaviləsi bağlanıb. O, Xaçmaz və Quba rayonlarında kabel çəkilişlərində
montajçı işləyib: “”Azərenerji” “Sumqayıtelektrikşəbəkə”nin hüquqi
varisidir və bizə olan borcu da bu qurum ödəməlidir. Biz məhkəməyə də
müraciət etmişik. Qətnamə də var ki, pullarımız ödənilməlidir. Tək mən
deyiləm, şimal bölgəsindən məndən başqa daha 6 nəfər var”.

“9 ildən çoxdur əmək haqqı “Sumqayıtelektrikşəbəkə” batanlardan biri də Xaçmaz sakini Qabil Feyzullayevdir:

“2009-cu ildə Xaçmazda kiçik kabelləşdirmə işləri aparmışıq. Mənim
“Sumqayıtelektrikşəbəkə” ASC ilə müqaviləm olub. 3 aydan sonra ASC ləğv
olundu, prezidentin sərəncamı ilə “Azərenerji” yaradıldı. “Azərenerji”
ilə çəkişmələrdən sonra bizə olan borcun müəyyən qismini ala bildik,
qalanını ödəmədilər. Dedilər, təhvil-təslimdən sonra qalanını da
alacaqsız”.

Qabil Feyzullayevin sözlərinə görə, “Sumqayıtelektrikşəbəkə” ASC
şimal bölgəsindən olan 4 nəfərə ümumilikdə 2900 manat ödəməli imiş.
Məhkəmə belə qətnamə çıxarıb:

Hər gecikdirilmiş gün şişən faizlər

“Müqavilədə göstərilib ki, hər gecikdirilmiş gün üçün borcun üzərinə
000.14 faiz gəlir. Məkəmə də qərar çıxarıb ki, təkcə mənə 877 manat 38
qəpik ödənməlidir. Hər gecikdirilmiş gün üçün isə üstünə ümumilikdə 124
manat gəlir. Məhkəmə də uyğun qətnamə çıxarıb”.

2 il əvvəl Sumqayıt, Xırdalan, Mərəzə, Xaçmaz, Şabran, Siyəzən, Quba,
Qusar paylayıcı elektrik şəbəkələri və Xızı elektrik şəbəkə rayonu
“Sumqayıtelektrikşəbəkə” ASC-nin tərkibindən çıxarılaraq “Azərenerji”
ASC-nin tərkibinə daxil edilib. Həmçinin həmin regional elektrik
şəbəkələrinin çevik idarə olunmasının təmin edilməsi məqsədilə Sumqayıt
Regional Enerji Təchizatı və Xaçmaz Regional Enerji Təchizatı MMC-lər
təsdiq edilib.

Məhkəmə qət edib ki, borclar ödənilsin…

Zəhmət haqqını əldə edə bilməyən azı 30 nəfər 2011-ci ilin
oktyabrında Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib. Cavabdeh tərəf
olan “Sumqayıtelektrikşəbəkə”yə məhkəmənin yeri və vaxtı barədə
dəfələrlə xəbərdarlıq olunsa da, heç bir səbəb göstərmədən məhkəmədə
iştirak etməyib. Məhkəmə onlara olan borcun və yığılan faizlərin
“Sumqayıtelektrikşəbəkə” ASC-nin ödəməsi barədə qətnamə çıxarıb.

Şikayətçilərin deməsinə görə, icra vərəqəsi əvvəlcə Xaçmaz rayon icra
şöbəsinə göndərilib. Çox keçməyib ki, sənəd icra olunmadan geriyə –
Sumqayıt icra şöbəsinə qayıdıb. Sumqayıt məhkəməsi
“Sumqayıtelektrikşəbəkə” ASC-nin hüquqi varisi “Azərenerji” ASC ilə əvəz
edilməsi barədə qərar çıxarıb. Icra olunması üçün ərazi aidiyyəti üzrə
Səbail rayon icra şöbəsinə göndərib. Iki aydan sonra Səbail icra şöbəsi
heç bir əsas olmadan icra vərəqəsini icra etmədən Sumqayıt icra şöbəsinə
qaytarıb.

Böyük icra məmuru nə deyir…

Sumqayıt Regional Ədliyyə Şöbəsinin böyük icra məmuru Fərhad Məmmədov
məhkəmə qətnaməsini icra edə bilməməklərinin səbəbindən danışır:
“Onların dediyi “Sumqayıtelektrikşəbəkə” ləğv olunub. Ona görə də
qətnaməni icra etmək olmur. Elə bir qurum yoxdur ki, məhkəmə qətnaməsini
icra edə… Bu iş Ali Məhkəməyə qədər gedib çıxıb. Məhkəmələr
“Azərenerji”ni hüquqi varis kimi tanımayıb. Biz özümüz onları hüquqi
varis kimi tanımışdıq, vermişdik məhkəıməyə. Ali Məhkəmə də son qərarını
çıxaranda o qurumu hüquqi varis kimi tanımadı”.

Böyük icra məmurunun sözlərinə görə, icra şöbəsində
“Sumqayıtelektrikşəbəkə” ASC ilə bağlı çoxlu sayda icra vərəqələri var.
Ancaq ASC ləğv olduğuna görə icraları mümkün deyil:

“Bu işlər Prezident Administrasiyasına qədər gedib çıxıb…”

“Bu işlər Prezident Administrasiyasına qədər gedib çıxıb. Ancaq
dediyim kimi, “Sumqayıtelektrikşəbəkə” fəaliyyət göstərmədiyi üçün və
məhkəmə “Azərenerji”ni hüquqi varis kimi tanımadığı üçün heç nə edə
bilmirik”.

Indi keçmiş “Sumqayıtelektrikşəbəkə”nin keçmiş podratçılara borcu yüz
minləri ötüb keçir. Ancaq bu borcu kim ödəyəcək, nə vaxt ödəyəcək, bunu
bilən yoxdur. Keçmiş podratçılarsa pullarını “Azərenerji”dən tələb
edir…

“Azadlıq” radiosu

Short URL: http://www.cumhuriyyet.net/?p=10960

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31