Ağdamda eramızdan əvvələ aid nekropol aşkarlandı
Ağdamda böyük arxeoloji əhəmiyyətə malik olan nekropol-qədim qəbiristanlıq aşkarlanıb
Ağdamın Yuxarı Yüzbaşılı kəndinin ərazisində eramızdan əvvəl 11-12-ci yüzilliyə aid olan nekropol aşkarlanıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, altı qəbirdən ibarət olan
abidədə həmin dövrün mədəniyyətini öyrənməyə imkan verən mədəniyyət
nümunələri də müəyyən edilib. Azərbaycan Milli Elmlər Akademiyasının
Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ üzrə ekspedisiya
rəhbəri, professor Hidayət Cəfərovun sözlərinə görə, qədim məzarlıq son
100 ildə aparılan araşdırmalar siyahısında nadir tapınıtı hesab oluna
bilər.
Arxeoloji kəşfiyyat zamanı müəyyən edilib ki, ərazidə yerüstü
əlamətlərə malik olmayan qədim qəbiristanlıq mövcuddur. Qəbirlərin
coğrafiyasına görə və tapılan nümunələrə əsasən, buranın qədim və
inkişaf eləmiş yaşayış məntəqəsi olduğunu söyləmək mümkündür.
Nekropol ərazidəki Şomulu təpə, Çardaxlı təpə, Küllük təpə kimi
tanınan qədim yaşayış məskənlərinin əhatəsindədir və Xocalı-Gədəbəy
mədəniyyətinin ikinci inkişaf mərhələsinə aiddir.
Bu tapıntılar imkan verir ki, həmin dövrün adət ənənələrini, yaşayış tərzini daha yaxından öyrənmək mümkün olsun.
Artıq 5 ilə yaxındır ki, ərazinin müxtəlif yerlərində aparılan
arxeoloji qazıntılar zamanı nəinki Azərbaycan tarixi, hətta dünya elmi
üçün dəyərli tapıntılar əldə olunub. Mütəxəssislər hesab edirlər ki,
yaxınlıqda çox böyük bir akropol-şəhər tipli yaşayış məskəninin
qalıqları da mövcuddur. Bu istiqamətdə araşdırmalar yaxın gələcəkdə də
davam etdiriləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=10965