Hakimiyyət beynəlxalq təpkidən təşvişə düşüb
İqtidar həbslərə olan etirazları neytrallaşdırmaq üçün bütün səylərini işə salıb

Azərbaycan hakimiyyəti yürütdüyü repressiv siyasətə beynəlxalq
təpkidən narahat olmağa başlayıb. Hakimiyyətdaxili mənbələrdən
redaksiyamıza sızan məlumata görə, iqtidar bu təpkiləri neytrallaşdırmaq
üçün beynəlxalq arenada ciddi səylər göstərir. “Hakimiyyət son
həbslərlə bağlı beynəlxalq aləmdən o qədər də ciddi etiraz gözləmirdi.
Bunun səbəbi isə geosiyasi vəziyyətlə bağlı idi. Hakimiyyətdə
düşünürlər ki, Qərblə Rusiyanın qarşıdurması fonunda Azərbaycan enerji
resusrlarına görə birinci üçün daha əhəmiyyətli tərəfdaşa çevrilib.
Iqtidar hesab edirdi ki, vəziyyətdən istifadə edib daxildə rahat şəkildə
təmizləmə işləri apara bilər. Hakimiyyət Qərbin həbslərə bir o qədər də
əhəmiyyət verməyəcəyini düşünürdü. Lakin bunun əksilə üzləşdi. Indi
hökumət ciddi narahatlıq içindədir. Vəziyyətdən çıxmaq üçün bütün
beynəlxalq əlaqələr işə salınıb”.
Mənbə qeyd edib ki, hakimiyyət həmçinin beynəlxalq mediada ölkədəki
həbslərlə bağlı dərc edilən materiallara əks-arqumentlərlə cavab
verilməsi qərarına gəlib.
Təsadüfi deyil ki, artıq Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov
Leyla Yunus və Arif Yunusun həbsilə bağlı “The Vashington Post”
qəzetində dərc olunan yazıya cavab yazıb. Qəzet Elin Süleymanovun cavab
yazısını da dərc edib. Amma elə ilk cəhddə hakimiyyət özünü gülünc
vəziyyətə salıb. Belə ki, Elin Süleymanov cavab yazısında iddia edib ki,
Leyla və Arif Yunuslar istintaqdan yayınmasaydılar həbs olunmaya
bilərdilər: “Əgər aparılan istintaqla bağlı ifadə vermək üçün dəfələrlə
göndərilən çağırışlara cavab versəydilər, onların həbsindən qaçmaq
mümkün olardı”.
Leyla və Arif Yunuslara üst-üstə 9 maddə ilə qondarma ittiham irəli
sürülüb. Əgər hakimiyyətin onları həbs etmək niyyəti yox idisə, nədən
adıçəkilən şəxslər ağır cinayətlərdə ittiham olunurdular? Məgər Leyla və
Arif Yunuslar məhz istintaqdan yayındığına görə həbs olunublar? Digər
tərəfdən onlar nə zaman istintaqdan yayınıblar ki? Leyla Yunus sadəcə
bəyan etmişdi ki, onun sənədlərini geri qaytarılacağı təqdirdə
dindirməyə gedə bilər…
Hakimiyyətin beynəlxalq mediada bundan sonrakı çıxışlarının da bu cür
gülünc arqumentlər üzərində qurulacağını söyləmək olar. Bu isə
vəziyyətdən çıxmaq yox, vəziyyəti daha da ağırlaşdırmaqdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=10968