Azərbaycanın xarici ticarət dövriyyəsi kəskin azalıb

19.08.2014 - 17:07

7 ayda ixrac 4,4%, idxalsa 21% azalıb

Qubad İbadoğlu: “İdxalın azalmasının səbəbi ölkəyə xaricdən avtomobillərin gətirilməsində edilən dəyişikliklərlə bağlıdır”

Azərbaycanın xarici ticarət dövriyyəsi ilə bağlı maraqlı statistik
məlumatlar açıqlanıb. Dövlət Gömrük Komitəsinin (DGK) 2014-cü ilin ilk 7
ayı (yanvar-iyul) ərzində xarici ticarət əməliyyatları haqqında
açıqladığı statistik məlumatlar təsdiqləyir ki, idxaldakı azalma ümumi
ticarətin kiçilməsində daha böyük paya sahibdir.  Bu ilin yanvar-iyul
aylarında Azərbaycan dünyanın 137 ölkəsi ilə 18,133 milyard dollarlıq
ticarət əməliyyatları həyata keçirib. Xarici ticarətin 13,25 milyard
dolları ixracın, 4,88 milyard dolları idxalın payına düşür. Ötən ilin
eyni dövrü ilə müqayisədə bu il xarici ticarətin həcmi 9,53 faiz (1,922
milyard dollar), ixracın həcmi 4,44 faiz (614 milyon dollar), idxalın
həcmi 21 faiz (1,263 milyard dollar) azalıb.

İdxalda bu səviyyədə kəskin azalma maraq doğurur. Çünki ötən müddət
ərzində Azərbaycanın daxili istehsalı daxili bazarın tələbatını tam
formada ödəmək səviyyəsinə çatmayıb. Bu isə onu deməyə əsas verir ki,
idxalın azalması heç də daxili istehsalın artması ilə bağlı deyil.

İqtisadçı Qubad İbadoğlu hesab edir ki, ümumi
dövriyyənin aşağı düşməsi daha çox ixracatın aşağı düşməsi ilə bağlıdır.
Çünki ümumi dövriyyədə ixracın tərkib payı daha çoxdur. İxracın aşağı
düşməsinin əslində gözlənilən olduğunu deyən Q.İbadoğlu vurğuladı ki, bu
il üçün proqnozlaşdırılan neft hasilatı əvvəlki illərlə müqayisədə
aşağı idi: “Ölkədən əsas ixrac məhsulunun neft olduğunu nəzərə alsaq,
ixracın aşağı düşməsi gəlirlərinin azalmasına səbəb olub. Həm ARDNŞ-də,
həm də BP-də şasilatın aşağı düşəcəyi əvvəlcədən bəyan olunmuşdu. Ona
görə həm xam neft, həm də neft məhsullarının ixracatında azalma baş
verib. Bu azalma getdikcə daha da sürətlənəcək. Eyni zamanda onu da
nəzərə almaq lazımdır ki, dünya bazarında neftin qiyməti aşağı düşməyə
doğru gedir”.

İdxalın kəskin azalmasına gəlincə Q.İbadoğlu vurğuladı ki, situasiya
struktur şəkildə təhlil olunarsa məlum olacaq ki, idxalın azalması yerli
istehsalın hesabına baş verməyib. İdxalın azalmasının səbəbinin daha
çox ölkəyə xaricdən avtomobil və onun hissələrinin gətirilməsinə qoyulan
məhdudiyyətlə bağlı olduğunu deyən Q.İbadoğlu bildirdi ki, “avro 4”
standartının tətbiqindən sonra ölkəyə daxil olan maşın və avadanlıqların
həcmində azalma müşahidə olunur. Bu ilin aprel ayına qədər isə bu
istiqamətdə əksinə artımın müşahidə olunduğunu nəzərə çatdıran
Q.İbadoğlu qeyd etdi ki, yeni standartların tətbiq olunacağı ilə bağlı
xəbər qısa müddət ərzində köhnə illərin buraxılı olan məhsullar bazara
doldu. “Hazırda isə bazarda köhnə avtomobillərin artıqlığı hökm sürür.
Əslində idxalın aşağı düşməsi, struktur dəyişiklikləri ölkədə alıcılıq
qabiliyyətinin aşağı düşməsinə işarədir. Eyni zamanda regionda baş verən
hadisələr də idxala təsiri var. Çünki Rusiyanın cənubundan, Ukraynadan
gələn malların Azərbaycana çatdırılmasında çətinlik var. Baş verənlər
ixracata ciddi təsir etməsə də, idxalda bu hiss olunur”, deyə Q.İbadoğlu
vurğuladı.

Short URL: http://www.cumhuriyyet.net/?p=10971

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31