Ermənilər yezidləri Qarabağa köçürmək istəyir
Iraqdan qaçqın düşmüş yezidilər Dağlıq Qarabağda yerləşdirilə
bilərlər. ANS PRESS-in məlumatına görə, bu barədə separatçı Dağlıq
Qarabağ rejiminin mətbuat katibi David Babayan bildirib. “Iraqda
yezidilərin başına gətirilənlər bir faciədir. Biz onlara qarşı törədilən
hərəkətləri pisləyirik”, – deyə D.Babayan vurğulayıb.
O həmçinin qeyd edib ki, Iraq yezidilərinin Qarabağda
yerləşdirilməsinə aid xüsusi plan yoxdur. Amma yaxın zamanda bununla
bağlı proqram qəbul edilə bilər.
Xatırladaq ki, Suriyada prezident Bəşər Əsədə qarşı başlanan vətəndaş
müharibəsi zamanı bu ölkədən qaçan erməni ailələr Dağlıq Qarabağa
köçürülüblər.
Bəzi ekspertlər hesab edir ki, Azərbaycan tərəfi belə bir planın
reallaşacağı təqdirdə öz etirazını bildirməli və beynəlxalq aləm
qarşısında bəyanatla çıxış etməlidir. Çünki, bu kimi hallar Qarabağ
münaqişəsinin həllinin yubadılmasına, bu ərazilərin yaddan çıxarılmasına
və bu ərazilərin Azərbaycana aid olmadığı fikrinin dərinləşməsinə
xidmət edir.
Digər tərəfdən hesab edilir ki, Ermənistan belə plan həyata
keçirməklə yeni münaqişə ocaqları yaratmaq və müstəvini dəyişmək məqsədi
güdür.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Ermənistanın
Azərbaycan ərazilərinə köç təşkil etməsi düzgün deyil: “Əgər belə bir
plan varsa, Azərbaycanın mütləq reaksiyası olmalıdır. Bunu Ermənistanın
rəsmi dairələri yayıbsa, o zaman Azərbaycan BMT-yə, ATƏT-ə müraciət
ünvanlamalıdır. Ancaq, real vəziyyət onu göstərir ki, Ermənistanın
Qarabağa kimlərisə köçürmək, himayə etmək üçün imkanları yoxdur.
Ümumiyyətlə, Ermənistan işğal etdiyi ərazilərdə heç nəyə nail ola
bilməyib. Yəni, bu işğal Ermənistanın xeyrinə yox, Rusiyanın xeyrinə
işləyib. Indi yayılan xəbər də ola bilər ki, bizim əsəblərimizə
toxunmaq, qıcıqlandırmaq üçündür. Amma istənilən halda soyuqqanlı
şəkildə, məsələni diqqətdə saxlamaq lazımdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10989