Panama sənədlərində Azərbaycan izi

03.04.2016 - 02:25

Bu günlərdə Britaniya mətbuatı Panama hüquq firmasından sızmış materialların təhlilinə geniş yer verir. Britaniya qəzetləri bu sənədlərdə Azərbaycan prezidenti və onun ailəsinin biznes fəaliyyətlərinin necə əks olunduğuna xüsusilə diqqət yetirir.
“The Guardian” qəzeti dünya mətbuatında artıq “Panama Papers” (Panama Sənədləri) kimi tanınan sənədlərdən bəzilərinə istinadən yazır ki, Azərbaycanın birinci ailəsinin gizli ofşor şirkətlərini qurmasında ona Londondakı hüquq firmalarından biri kömək edib.
Məqalədə deyilir ki, Azərbaycan prezidentinin qızları üçün Britaniyanın Vircin adalarında yaradılmış məxfi ofşor şirkəti Birləşmiş Krallıqda milyonlarla funt sterlinq dəyəri olan mülklərin alınmasını təşkil edib. Qəzet yazır ki, sızmış sənədlərə görə, ölkədə və ölkə xaricində geniş reklam olunan Leyla və Arzu Əliyevalar Exaltation Limited adlı şirkətin səhmdarlarıdırlar.
2015-ci ilin aprelində qeydiyyatdan keçmiş bu şirkətin məqsədi olaraq “Britaniya mülklərinə sahiblik” göstərilib. Şirkətin yaradılmasında köməkçi olan Child & Child hüquq firması yanlış olaraq “bu iki qadının siyasi əlaqələrə malik olmadıqlarını” bəyan edib.
“The Guardian” yazır ki, bundan əvvəl Leyla Əliyevanın Londonun şimalındakı Hampstead Lane küçəsində 17 milyon funt sterlinqlik malikanəyə sahib olduğu bilinirdi. Sızmış sənədlərdən bəlli olur ki, o yeni ofşor şirkətini 2015-ci ildə əri Emin Ağalarovdan boşanma prosesində olduğu vaxtlarda açıb.
Qəzet bunu da qeyd edir ki, ər-arvad Londonda olduqları vaxtlarda şəhərin məşhur Hyde Park parkına baxan dəbdəbəli çardax mənzilində yaşayırdılar. Məqalədə deyilir ki, Britaniya qanunlarına görə, Leyla və Arzu “siyasi bağlılıqları olan şəxslər” kateqoriyasına aid edilirlər. Bu şəxslərə Britaniyada mülkiyyət almaq qadağan olunmasa da, bunu təşkil edən şirkətlər bu faktı göstərməlidirlər ki, lazım gələndə ödənmiş pulun mənşəyi aydınlaşdırıla bilsin.
Amma göründüyü kimi Child & Child Əliyev qızlarının “siyasi bağları olan şəxslər” olduqlarını bildirməyib. “The Guardian” yazır ki, firma onun dəfələrlə müraciətinə baxmayaraq bu yanlışlığa görə şərh verməkdən imtina edib.
Londonun lüks məhəlləsində mənzillənən Child & Child firması, “Exaltation Ltd” şirkətini Əliyeva bacılarının adından PanamanınMossack Fonseca şirkətindən alıb.
“The Guardian” iddia edir ki, başqa bir londonlu vəkil – Derrick French Azərbaycanın birinci ailəsinə məxsus gizli fond yaradılmasında iştirak edib. Onun Derrick French & Co şirkəti Azərbaycanın ən böyük biznes şəbəkələrindən biri olan Ata Holdinqdə əsas səhm payına nəzarət edən Panama tresti UF Universe Foundation adlı şirkətin yaradılmasını təşkil edib.
Sənədlərə əsasən ehtimal etmək olur ki, 2003-cü ildə yaradılmış Ata Holding-in birinci sahibi Azərbaycanın vergilər naziriFazil Məmmədov olub.Onun nəzarət səhm paketinin qiyməti 600 milyon dollar təşkil edir.
“The Guardian” yazır ki, 2005-ci ilə aid sənədlər, Məmmədovun iki böyük bank, tikinti şirkətləri və Bakıdakı beşulduzlu Excelsior otelinin də daxil olduğu Ata holding-ini prezident Əliyevin üç övladı ilə bölüşməyi planlaşdırdığını göstərir.
Qəzet yazır ki, “baş vergiyığan” Məmmədovun hakim ailə ilə hansı bağlara malik olduğu indiyədək bilinmirdi.
Bu da qeyd edilir ki, Məmmədov Ata Holding-də marağa malik olduğunu heç vaxt bəyan etməyib.
Məqalədə deyilir ki, bütün bu əməliyyat İngiltərədə qeydiyyatdan keçmiş FM Financial Management Holding (UK) Ltd tərəfindən həyata keçirilməli idi. Bu şirkətin 75 faiz səhmlərinə Ata Holding-in sahib olduğu bəlli idi.
Vəkil French qəzetin sorğusuna cavab olaraq yalnız bunu bildirib ki, FM azərbaycanlıdır.
“The Guardian” yazır ki, 2005-ci ildə Mossack Fonseca-ya göndərilmiş sənədlərdən FM-in Fazil Məmmədov olduğunu da söyləmək mümkündür.
Vəkil French Londondakı ofisində UF Universe Foundation şirkətində nəzarətin dəyişdiyinə dair sənədləri hazırlayıb. Yeni mənfəətdarlar Leyla və Arzu və onların o vaxt 7 yaşında olan qardaşları Heydər olmalı idilər. Onların bu şirkətdəki marağı 50 faiz olmalıydı. Onların anası Mehribana məxfi “hami” funksiyası verilirdi. Digər “hami” Məmmədov olmalı idi.
Sənədlərə görə, bu şirkətdə Məmmədovun özü şəxsən 30 faizlik mənfəətdar kimi yazılmışdı. Ata-nın sədri Ahmet Erentok-un cəmi 15 faizlik payı vardı. Yerdə qalan 5 faiz daha kiçik mənfəətdarlara gedəcəkdi.
Müqavilələrə görə mənfəətdarların öldüyü halda onların hüquqları 18 uşağa və başqa qohumlara keçməli idi. Bu şəxslərin adları sənədlərdə səliqəli şəkildə təvəllüdləri, ünvanları və onlara çatacaq faizlərlə birlikdə göstərilir. Məmmədovun şəxsən 10 varisi vardı. “The Guardian” bunların bəzilərinin körpə uşaqlar olduğunu yazır.
Elnur Nəcəfli

Short URL: http://www.cumhuriyyet.net/?p=110087

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31