“Cumhuriyyət ili”nin Cumhuriyyətçi namizədi olacaqmı? – Bədrəddin Quliyevdən seçki mesajları

08.02.2018 - 09:13

Növbədənkənar prezident seçkiləri Azərbaycan siyasi səhnəsində yeni bir situasiya yaratdı. Normalda seçkilərə bir il qalmış istənilən ölkədə siyasi proseslər başlayır. Azərbaycanda da bütün siyasi təşkilatlar bilirdilər ki, 2018-ci il ölkədə seçkilər ilidir. Yəni seçkilərin altı ay tez və ya gec keçirilməsi heç nəyi dəyişmir. Bu baxımdan bəzi partiyaların zamanı bəhanə edərək seçkidə iştirakdan yan qaçması gücsüzlük və hazırlıqsızlıqdan başqa bir şey deyil. Təxminən fevralın 9-dan sonra seçkilərə 60 gün qalacaq. Bu o deməkdir ki, seçkilərə 60 gün qalmış seçki prosesi elan olunmalıdır. Yəqin ki, yaxın günlərdə MSK təqvim planını təsdiq etməli, namizədlərin irəli sürülməsi başlamalıdır.  Azərbaycanın güclü müxalifətə ehtiyacı var. Onsuz da iqtidar kifayət qədər güclüdür. Müxalifətin güclü olması vacibdir və bunun üçün də müxalif partiyalar bir araya gəlməlidir. Buna da nail olmaq üçün partiyalar güzəştə getməyi bacarmalıdır. Qarşıdakı durumla bağlı cumhuriyyet.az olaraq bəzi ehtimallarımızı diqqətinizə çatdırırıq.

Növbədənkənar seçkilərlə bağlı artıq Milli Şuranın qərarı var. Bu qurum seçkini baykot edəcək. Müsavat Partiyası artıq İsa Qəmbərin namizədliyini irəli sürüb və seçkilərə qatılacağını bildirib. İsa Qəmbərin səhhətində problem var. Ola bilər ki, Müsavat da İsa Qəmbərin səhhətini əsas götürərək seçkiyə qatılmasın. Həm də bu düşərgənin bir gözləntisi var idi ki, qarşıda zaman var, danışıqlar aparıb Qərbdən dəstək almaq olar. Amma növbədənkənar seçkilərin elan olunması ilə bu imkanları faktiki məhdudlaşıb. Onların da seçkini boykot etməsi mümkündür. Düşünürəm ki, belə olacağı təqdirdə Azəraycana lazım olan konstruktiv müxalifətin önə çıxma imkanları var. Fikrimcə, bu qüvvələr dediyim faktoru dəyərləndirməlidir. Qiymətləndirməlidirlər ki, ölkədə sağlam müxalif qüvvələr müxalifət elektoratını bir araya gətirsin, onların dəstəyini qazana bilsin. Hər şey bu qüvvələrin nə dərəcədə sağlam düşüncə ilə məsələyə yanaşmasından və ambisiyalarını boğa bilməsindən asılı olacaq.

Belə bir mürəkkəb və ümidsiz şəraitdə müxalifətin yeni reseptlərə ehtiyacı yaranır. Elə olmalıdır ki, demokratik düşərgənin YAP-ın namizədi İlham Əliyevə qarşı çıxardığı alternativ novatorluğu, fərqli yanaşması və şablondan kənar, qaragüruh müxalifətçilikdən uzaqlığı ilə seçilsin. Eyni zamanda müxalifətin onun ətrafında sıx birləşməsində konflikt ocaqları yaranmasın, yekdilliklə onun namizədliyi həzm edilsin, yenilikçiliyi, ortaya qoyduğu platforması, xalqa mesajları, sosial-iqtisadi proqramları, xarici siyasət və Qarabağ məsələsində öz metodları ənənəvi müxalifətin şüarlarından fərqlənə bilsin.  Həmçinin, həmin namizəd intriqaçı olmamalıdır, müxalifət içində ədabazlıq etməməlidir, hamını mehriban şəkildə bir araya toparlamalıdır, avantürist fikirlər səsləndirməməlidir, köhnə ədavətlər yada düşməməli, 90-ların siyasətindəki səhvlər onun boynuna biçilməməli, radikallığı ilə ziyalılığı çulğalaşmalıdır – bax, sonuncu faktor həddindən artıq olduqca mühümdür. Əlbəttə bununla bağlı, hər hansı bir namizəd və siyasətçini birmənalı olaraq önə çəkmək olmaz. Biz bu yazımızda, Cumhuriyyet Xalq Partiyasının sədri Bədrəddin Quliyev faktoru üzərində bəzi fikirlərimizi çatdıracayıq. Bildirək ki, B.Quliyev bu günlərdə növbədənkənar seçkilərlə bağlı partiya mövqeyini ifadə edib və bu mövqe normal təşkilatın istənilən situasiyaya hazır olmasını ifadə edir. O bildirib: “Cəmiyyət də, seçkidə maraqlı olan siyasi partiyalar da seçkiyə onsuz da ən azı bir il qalmış hazırlaşır”. Bu fikir əslində geniş siyasi mesajdır və mesajı Cumhuriyyet Xalq Partiyasının, onun rəhbərinin seçkiyə təşkilatı baxımdan hazır olması kimi qəbul etmək olar. Onu da bildirək ki, digər təşkilat sədrlərindən fərqli olaraq, B.Quliyev siyasi arenada tez-tez görünməyi sevməsə də onun zaman-zaman mediada verdiyi təhlillər və ideoloji görüşləri stabil siyasi xətt yürütməsindən xəbər verir. Eyni zamanda CXP lideri Milli Azadlıq Hərəkatının ilk günlərindən mübarizə meydanında olan şəxsdir ki, bu da onun namizəd kimi müsbət tərcümeyi halını şərtləndirən faktor olacaq. Digər bir tərəfdən, Bədrəddin Quliyevin partiya sədri olaraq geniş xarici əlaqələri, xüsusilə qardaş Türkiyə Cumhuriyyətində partiyalarla sıx təmasları onun aktivinə yazılacaq amillər sırasındadır. Bildirək ki, bu gün ölkə iqtisadiyyatında milli burjuaziyanın formalaşması, orta sahibkarlığın inkişafı prioritet məsələdir. Bu sahəyə kifayət qədər bələd olan bir şəxs kimi, B.Quliyevin həmin kontingentin də rəğbətini qazanacağı şübhəsizdir.

Bildirək ki, mediaya açıqlamasında, B.Quliyev növbədənkənar prezident seçkilərinə daha geniş aspektdən yanaşaraq bəzi təhlillər aparmışdır. Həmin təhlillərin maraq doğuracağını nəzərə alıb cumhuriyyet.az olaraq bəzi məqamları diqqətinizə çatdırırıq. Cumhuriyyet Xalq Partiyasının sədri Bədrəddin Quliyev bildirir: “Biz regionda gedən prosesləri gözardı edə bilmərik. Bu gün Rusiya, Türkiyə və İranla bağlı ciddi proseslər baş verir. Regionda Azərbaycanın rolu getdikcə artmaqdadır. Baxın, Rusiyaya qarşı sanksiyalar güclənməkdədir. Bu sanksiyalar gücləndikcə Rusiyanın neft və qazının Azərbaycan və Türkiyə üzərindən dünya bazarına çıxarılması məsələsi aktuallaşır. Türkiyənin Suriyada keçirdiyi əməliyyatları bütün region ölkələri, xüsusilə də İran xüsusi diqqətlə izləyir. Hesab edirəm ki, birinci mərhələ işğaldakı rayonların qaytarılması ilə bağlı olacaq. Ikinci mərhələdə isə təmas xəttində Minsk formatından kənar, tutaq ki, Türkiyə, İran və Rusiya formatında belə müəyyən nzəarət mexanizminin tətbiqi reallaşa bilər. Bu baxımdan Azərbaycanda keçirilən seçkilər, ölkəmizin artan çəkisi bu məsələdə mühüm rol oynayacaq.”

B.Quliyevin fikrincə, “Bu ilin “Cümhuriyyət İli” elan edilməsinin özü də milli birlik baxımından verilən önəmli bir mesajdır”. Beləliklə “Cumhuriyyət ili”ndə Cumhuriyyet Xalq Partiyasının Cumhuriyyətçi namizədinin seçkiyə qatılacağını və uğurlu seçki kampaniyası aparacağını düşünmək üçün kifəyət qədər ciddi əsaslar var.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=112321

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930