Əli Həsənovun “xalq hörməti”: qacqınkom şefini ifşa edən həyatı – VİDEOLAR

05.03.2018 - 00:02

Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mətbuatdan narazı qalıb. Hesab edir ki, son aylarda ona qarşı mediada məqsədli və ədalətsiz kampaniya aparılır. Ə.Həsənov son aylar jurnalistlərin ən çox yazdığı məmurlardandı. Baş nazirin müavini bunu məqsədyönlü, yaxud qərəzli hesab edə bilər, amma cumhuriyyet.az olaraq xatırladaq: mətbuat ondan niyə və nə yazır?
Əvvəl Sumqayıtdan başlayaq: qoçuluqdan sakinlər razı qalmalıdır?
Əli müəllim mətbuata son açıqlamasında bildirir: “Heç bir Sumqayıt sakini mənim ünvanıma olmayan işə görə söz deməz. Mən buna tam əminəm. Çünki 30 il o şəhərin tikintisi ilə və yaşıllıqların salınması ilə məşğul olmuşam. O şəhər mənim üçün çox doğmadır və mən 50 ildir orada yaşayıram. 9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə məni şantaj edirlər. O insanlar mənə bəllidir: sifariş verənlər də, idarə edənlər də”. Əslində isə Ə.Həsənov və yaxınlarının sumqayıt macəralarının kökü illər əvvələ gedib çıxır. Hələ 2010-cu ildə “baş qaçqınkom”un Sumqayıtdakı xoşagəlməz olayla bağlı adı hallanmışdı. O zaman mediada yayılan və rəsmən təkzib olunmayan həmin hadisəni cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: “sentyabrın 11-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısındakı kütləvi dava ilə bağlı beş nəfər həbs olunub. Bu barədə Sumqayıt Şəhər Polis İdarəsindən məlumat verilib. Təxminən 20-25 dəqiqə çəkən davada xeyli gənc iştirak edib. Daha sonra əraziyə gələn Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat qrupu onları dağıdıb. Davada bir neçə nəfər xəsarət alıb. Məlumata görə, saxlanılan şəxslər Sumqayıt şəhər sakinləri, 1986-cı il təvəllüdlü Elvin Fərhadov, 1981-ci il təvəllüdlü Azər Bəndəliyev, 1984-cü il təvəllüdlü Samir Qəhrəmanov, 1988-ci il təvəllüdlü Müşfiq Vəli oğlu Həsənov və 1986-cı il təvəllüdlü Ruslan Fərəcovdur. Onlar Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə müxtəlif müddətlərə inzibati həbs cəzasına məhkum ediliblər. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun qardaşı oğlu Müşfiq Həsənovla Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsinin müdiri Nazim Fərəcovun oğlu Ruslan Fərəcov arasında dava düşüb. Qız üstündə başlanan “razborka” zamanı tərəflər bir-birilərinə silah çəkiblər. Onların yanındakı adamlar məmur övladlarını tərksilah etsələr də, bu dəfə onlar avtomobillərində gəzdirdikləri “dubinka” ilə bir-birilərinə hücum çəkiblər. Bundan sonra hər iki tərəfdən olan gənclər davaya qoşulublar və kütləvi vuruşma başlayıb”.
Sumqayıtı “işğal edən” “qaçqınlar padşahı” – “O nədir ki, hər “padyez”də ondan var?”
Ə.Həsənovun Sumqayıt fəaliyyəti ilə bağlı media üzərindən cumhuriyyet.az olaraq apardığımız araşdırmada daha bir maraqlı məqama rast gəldik və bu məqamı olduğu kimi diqqətinizə çatdırırıq: “Sumqayıtda “Əli Şamiloviç”in (Əli Şamil oğlu Həsənov xalq arasında daha çox bu adla tanınır) adına hətta maraqlı lətifələr də dolaşıb.Əli Şamiloviçin aldığı evlərin sayı o qədər çoxdur ki, yerli sakinlər “O nədir ki, hər “padyez”də ondan var?” – deyə bir-birlərinə cavabı bəlli suallar verirlər. Digər bir maraqlı məqam isə Əli Həsənovun aldığı əmək haqqıdır. O, Baş nazirin müavini kimi 2031, komitə sədri kimi isə 1875, toplam 3906 manat maaş alır. Maraqlıdır bu məvaciblə komitə sədri nəvələrinə dəyəri yarım milyona yaxın olan (hələlik bizə məlum olan) maşınları, eləcə də Sumqayıtdakı mənzilləri necə alıb?” Elə buradaca cumhuriyyet.az olaraq Əli müəllimin nəvələrinin avtomobil kolleksiyası haqda yayılmış video görüntüləri təqdim edirik:

İddialara görə, videoda görüntülənən maşınlar Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvələrinə məxsusdur və Əli Həsənovun nəvələrinin avtomobillərinin təmiri Bayıl qəsəbəsində yerləşən Rafael adlı ustanın təmir sexində aparılır.
Nəvəsinin milyonluq avtomobil kolleksiyası olan məmur qaçqının 36 manatından danışır…
“Qaçqınkom” sədrinin qalmaqalı bununla bitmir.  Nəvəsinin milyonluq avtomobil kolleksiyası onun həbsdən çıxmasını gözləyir ki, yenə şəhərin küçələrində şütüsün, özü isə xalqımıza qənaətlə yaşamağı öyrədir.  Söhbət Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənov AzTV-dəki məşhur çıxışında məcburi köçkünlərə dövlətin ayırdığı 36 manatı böyük vəsait adlandırmasından gedir. Həmin müsahibəni cumhuriyyet.az olaraq yenidən yada salırıq: Baş “qaçqınkom” deyir, aylıq 36 manat böyük puldur, birdən xərcləməyin. Ə.Həsənov tövsiyə edir ki, həmin pulu ayrıca saxlasınlar və kommunal təşkilatların borcuna sərf etsinlər. Onun fikrincə, dövlətin 1 milyon qaçqın və köçkünə verdiyi adambaşı 36 manat böyük vəsaitdir və bu “böyük vəsait” sözünü efirdə tez-tez böyük şəstlə səsləndirir.
Yəni, elə bir minnət qoyur ki, “Galendvagen”lə 2 nəfərin həyatına son qoyan onun nəvəsi deyil, 36 manatla lüks həyat yaşayan hər hansı bir qaçqındır. Əlbəttə, “utanmasan oynamağa nə var ki” burda deyiblər. Ə.Həsənov ağ yalanı o qədər istedadla danışır və ailə büdcəsinin qənaət səbətini elə incələyir ki, adam mat-məəttəl qalmaya bilmir.
Bu nəhənglikdə qırmızı yalanı dövlətin televiziyasından 1 milyon qaçqının və 10 milyon xalqın üzünə necə deyə bilər? – heyrət!

“Bir məmurun ki arvadı erməni ola…”
Azərbaycanda 30 min erməni yaşadığı rəsmi məlumatdır. Azərbaycan dövləti də Ermənistan dövlətindən fərqli olaraq, həm Bakının mərkəzində erməni kilsəsini saxlayıb, həm Gürcüstanda erməni kilsəsinə qaz verib, həm də Bakıda 30 min erməni yaşayır. İrəvanda, Gümrüdə bir azərbaycanlı yaşamır. Bununla belə, Azərbaycanın humanist və sülhpərvər olması heç də Ə.Həsənova haqq vermir ki, 20 ildən artıqdır əzablı qaçqın həyatı yaşayan soydaşlarımızın rəsmi nümayəndəsi kimi belə bir bəyanat versin. Yeri gəlmişkən elə bu məqamda, cumhuriyyet.az olaraq ötən ilin yayında Ağdam qaçqınlarının keçirdiyi aksiyada səslənən ilginc ittihamları diqqətinizə çatdırırıq. İnternat məktəbi müəllimlərinin aksiyasında Ə.Həsənovun həyat yoldaşının milli mənsubiyyətinə toxunulmasıdır. Aksiya iştirakçılarından biri açıq şəkildə bəyan edir ki, onun xanımı milliyyətcə ermənidir və o, 1 milyon qaçqının səsini eşitmir. Təbii ki, 1 milyon azərbaycanlı öz yuvasından məhz erməni işğalına məruz qaldığı üçün didərgin düşüb. Bu halda Ə.Həsənovun Azərbaycan xalqına münasibətinə diqqət yetirilməlidir. Həqiqətən də komitə sədri millətini sevirmi, köçkünlərin dərdinə şərik çıxırmı, yaralarını, ağrılarını bölüşürmü?

…Və bir məmuru ki, fitə basalar…

Sonda mediadan narazı qalıb, özünə qarşı haqsız hücumlar iddiasında olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun diqqətinə qaçqınlarla görüşdən bir video kadrı təqdim edirik. Fikrimizcə bu kadrlara hər hansı şərh verməyə ehtiyac yoxdur:

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=114571

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930