Odessa Azərbaycanlıları Konqresindən 31 Mart soyqırımı ilə bağlı möhtəşəm tədbir

03.04.2018 - 10:19

31 Mart soyqırımının 100 illiyi ilə əlaqədar olaraq Odessa Azərbaycanlıları Konqresi anım mərasimi təşkil edib. Tədbirdə Odessa şəhərindəki soydaşlarımız, təşkilat üzvləri ilə yanaşı, Ukrayna cəmiyyətində böyük nüfuz sahibi olan tanınmış ziyalılar, görkəmli hüquq müdafiəçiləri də iştirak edib.

Olqa Ruseva erməni vəhşiliyini lənətlədi: vandalizm və soyqırım aktı…

Tədbirdə iştirak edən Ukraynanın tanınmış hüquq müdafiəçisi Olqa Ruseva 1918-ci ildə ermənilərin bolşeviklərlə birlikdə həyata keçirdiyi qətliamın soyqırım aktı olduğunu, uşaqlara, qadınlara, mülki vətəndaşlara qarşı misilsiz vandalizm nümunəsi sərgiləndiyini vurğulayıb. Hüquq müdafiəçisi Mart soyqırımının hələ də beynəlxalq aləmdə öz hüquqi-siyasi qiymətini almamasından təəssüf duyduğunu vurğulamaqla yanaşı, 1918-ci il hadisələrinə dünya dövlətlərinin, beynəlxalq təşkilatların qiymət verməsinin zəruriliyini qeyd edib.

Natiq Nağıyev: “Heydər Əliyev Mart soyqırımına hələ 1998-ci ildə siyasi qiymət verib”

Tədbirdə çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin Ukraynadakı nümayəndəsi Natiq Nağıyev ümummilli lider Heydər Əliyevin hələ 1998-ci ildə Mart soyqıırmına siyasi qiymət verdiyini, erməni vəhşiliyinə diqqət çəkdiyini vurğuladı: “Mart soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir və 100 il bundan öncə baş verən soyqırım aktı erməni vəhşiliyinin, erməni vandalizminin heç bir sərhəd tanımadığını göstərir. Bu baxımdan şübhəsiz ki, bütün dünyada Mart soyqırımının hüquqi-siyasi qiymət almasına çox böyük ehtiyac var. Xatırladım ki, hələ 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 31 Mart soyqırımı ilə bağlı məsələyə diqqət çəkmiş, erməni vəhşiliyinə siyasi qiymət vermiş və 1918-ci ildə baş verən olayları beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmağın vacibliyini vurğulamışdır. Hesab edirəm ki, ulu öndərin 1998-ci ildə Mart soyqırımı və onun dünyaya çatdırılmasının vacibliyi ilə bağlı səsləndirdiyi sözlər bizim üçün bir növ yol xəritəsi, bizim bu istiqamətdəki fəaliyyətimizi müəyyənləşdirən kompas olmalıdır. Biz 1918-ci ilin martında baş verən amansız qırğınların qurbanlarını yad etməklə yanaşı, baş verənlərə dünyanın aparıcı dövlət və təşkilatlarının hüquqi-siyasi qiymət verməsini də təmin etməliyik”.

Namiq Talıbov: “Mart soyqırımının tanıdılması istiqamətində daha ciddi addımların atılmasına ehtiyac var”

Mart soyqırımı ilə bağlı anım tədbirində çıxış edən konqresin sədr müavini Namiq Talıbov da soyqırımın bütün dünyada tanıdılmasının zəruri olduğunu qeyd etdi: “Mart soyqırımı ilə bağlı müəyyən araşdırmaların aparılmasına, bu soyqırımının dünyada tanıdılması istiqamətində müəyyən işlərin aparılmasına baxmayaraq, bu yöndə səylərin artırılmasına, daha ciddi, daha sistemli addımların atılmasına ehtiyac var. 100 il əvvəl Mart soyqırımını törədən ermənilər bu gün də Dağlıq Qarabağ və ətraf əraziləri işğal altında saxlamaqdadır. Hesab edirəm ki, Mart soyqırımı, erməni vandallarının bu soyqırım əsnasında törətdikləri vəhşiliklərin ifşa edilməsi, Azərbaycanın Qarabağ uğrunda apardığı mübarizəyə də dolayısı ilə töhfə verə, ermənilərin tarixən təcavüzkar siyasət yürütdüyünü bütün dünyanın diqqətinə çatdıra bilər. Bu baxımdan Mart soyqırımının tanıdılması, bu məsələyə hüquqi-siyasi qiymətin verilməsinin təmin olunması həm tarixi ədalətin bərpa edilməsi, həm də ölkəmizin bugünkü mübarizəsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Tədbirdə Odessa Azərbaycanlıları Konqresinin sədri Namiq Hacıyev, konqresin hüquq komitəsinin sədri Zaur Səfərov, hüquq müdafiəçisi Tanrıverdi Tanrıverdiyev və digər fəallar iştirak edib. Tədbirin sonunda Mart soyqırımının qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq havaya qara şarlar buraxılıb.

Seymur Əliyev

Short URL: http://www.cumhuriyyet.net/?p=116680

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728