Əliyevlər rejimi ilə demokratiya savaşı
Hakimiyyətlə danışıq tonu xeyli sərtləşdirilib və rəsmi Bakıdan insan haqlarına hörmət tələb olunur
20 ildən artıqdır ki, Azərbaycanda eyni komanda hakimiyyət başındadır. Bu müddət kifayət edib ki, hakimiyyətin xarakter və mahiyyətinin nədən ibarət olduğunu öyrənək. Məsələn, müharibə bəyanatları veriləndə, Qərbə hücum təşkil ediləndə, bunun hansı zərurətdən yarandığı və hansı auditoriyaya hesablandığı aydın olur. Bu yazımızda da çalışacağıq ki, hakimiyyətin son günlər “repertuar”ına saldığı “tamaşa” ların, əsl “janr”ını müəyyən edək.
Öncə ABŞ səfiri Riçard Morninqstar “mühasirə”yə alındı və bütün istiqamətlərdən atəşə tutuldu. Vəziyyət o həddə çatdı ki, ABŞ iğtişaşlar törətməkdə, “Molotov kokteyli” hazırlamaqda ittiham edildi və səfirin ölkədən qovulması ilə bağlı təkliflər səsləndi. Bütün bunlar ona görə baş verdi ki, ABŞ səfiri hakimiyyətin “monolit” olmadığını bildirdi və bəzi çatışmazlıqları dilə gətirdi.
Daha sonra eyni hücumlar Böyük Britaniyaya qarşı təşkil edildi. Bu hücumların səbəbi isə, Britaniya Xarici Işlər Nazirliyinin Azərbaycandakı siyasi məhbuslarla bağlı bəyanatı oldu. Həmin bəyanatda deyilir ki, hakimiyyət vətəndaş cəmiyyətinə qarşı təzyiqlərə son qoymalı və ölkədə qanunun aliliyi təmin etməlidi.
Təbii ki, ölkə vətəndaşları da demokratiyanın, qanunun aliliyinin, sosial ədalətin bərpasının tərəfdarıdı və Qərbin bu çağırışlarını müsbət qarşılayır. Hakimiyyət ölkədəki real vəziyyəti, vətəndaşların kütləvi narazılığını bildiyinə görə və xalqın qərbdən gələn çağırışlardan ilhamlanmasının qarşısını almaq üçün, anti-qərb ritorikasına üstünlük verdi. Bu kampaniya elə bir forma aldı ki, sanki hakimiyyət ABŞ və Böyük Britaniyanı məhv etmək iqtidarındadır, hər iki ölkənin səfirliyini dərhal ləğv edə bilərlər və bu ölkələrlə bütün əlaqələri kəsmək problem deyil. Təbii ki, bütün bunlar daxili auditoriyaya hesablanıb və “bizim işimizə heç kim qarışa bilməz” “şüar”ını, xalqa yenidən nümayiş etdirmək cəhdidir.
Amma son proseslər onu göstərir ki, Qərb hakimiyyətlə danışıq tonunu xeyli sərtləşdirib və rəsmi Bakı öz maraqlarını prinsipial şəkildə müdafiə edəndə Azərbaycanda `siyasi məhbuslar` məsələsini qabardırır. Avropa strukturları yenidən bu məsələni qaldırmağa başlayıblar. Bu dəfə “Avropa Sabitliyi Təşəbbüsü” təşkilatı və Almaniyanın yeni ombudsmanı Berlində “Siyasi məhbuslarsız Avropa yolunda” adı ilə Azərbaycan əleyhinə növbəti konfrans təşkil edib. Bəli, bəli, bu, o Ştrasserdir ki, onun müəllifi olduğu Azərbaycanda siyasi məhbuslar haqqında` qətnamə uğursuzluğa düçar olmuşdu.
İndi başlayacaq konfransda Avropalı siyasətçilər, parlamentarilər və hüquq müdafiəçiləri iştirak edirlər. Konfransda bütün Avropada siyasi məhbus məsələsinin müzakirə edilməsinə baxmayaraq, gündəliyinə və çıxış edənlərin siyahısına nəzər yetirdikdə, onun məhz Azərbaycan hakimiyyətinə qarşı yönəldiyi aydın görünür. Qeyd edək ki, məhz “Avropa Sabitliyi Təşəbbüsü” qalmaqallı “Kürü diplomatiyası” hesabatının müəllifidir. Bu hesabatda bildirilirdi ki, Azərbaycan hakimiyyəti xüsusilə qara kürü bankaları olmaqla avropalı siyasətçiləri müxtəlif hədiyyələrlə satın alırdılar. Konfransda Azərbaycandan müxalif bloqer Emin Milli və jurnalist Xədicə İsmayıl çıxış edir. Bu iki şəxs Azərbaycandakı insan haqları haqqında dəhşətləri bütün dünyaya yayır.
Konfransda çıxış edənlərdən biri də ATƏT-in İrlandiyadan olan deputatı Maykl Maknamara olacaq. O, bu yaxınlarda Bakıya etdiyi səfər zamanı Kristofer Ştrasserin qətnaməsinin uğursuz olmasına təəssüflədiyini bildiririk bəyan edib ki, o, azərbaycandakı siyasi məhbuslar haqqında yeni qətnamə hazırlayıb və bu qətnamə ATƏT-in iyun ayında keçiriləcək sessiyasında müzakirə ediləcək. Konfransda o cümlədən, Avropada Azərbaycan əleyhinə bütün kampaniyaların təşəbbüskarı, Almaniyanın sabiq ombudsmanı Markus Leninq də çıxış edəcək.
Qeyd etmək lazımdır ki, indiyə qədər ATƏT hər il Azərbaycandakı vəziyyətlə bağlı bir neçə qətnaməni, layihələri “paçka-paçka” qəbul edir, Azərbaycandakı insan hüquqlarının acınacaqlı vəziyyətini` vurğulayaraq tövsiyələr göndərir. Azərbaycan hökuməti isə yalnız onun siyasi maraqları və praktiki hədəflərinə uyğun gələn tövsiyələri nəzərə alır.
Görünən odur ki, Azərbaycanın Avropa Şurasındakı sədrliyi yenidən anti-Azərbaycan güclərini aktivləşdirib. Onların hədəfi aydındır. Onlar bizə problemlər yaratmaq istəyir, Avropa Şurası üzvilərilə qarşılıqlı əlaqələri çətinləşdirmək və bizim ölkənin beynəlxalq arenadakı imicinə zərbə vurmaq istəyirlər. Bu, birinci səbəbdir.
İkinci səbəb isə budur ki, Azərbaycan hökuməti getdikcə dünya və Avropa liderlərinə tam şəkildə açılır və ölkədəki demokratiya, insan haqlarının durumu hər kəsə aydın olur.
Namiq Muradlı
Short URL: http://www.cumhuriyyet.net/?p=117356