Demokratiyaya düşmən, düşmənə dost rejim

27.01.2015 - 16:29

22 ildir Azərbaycan hakimiyyəti “Qarabağ boyda dərdimiz var” deyə-deyə, Qarabağ problemini böyütməklə məşğuldu. Bu illər ərzində baş verənləri, hakimiyyətin atdığı addımları yada salanda, hazırki reallıq təəccüb doğurmur. Çünki, hakimiyyət bütün prinsipial məqamlarda şəxsi maraqlları önə keçirilib, dövlətin maraqları, Qarabağ problemi həmişə arxa planda qalıb. Azərbaycanın ərazibütövlüyünü dəstəkləyənlər, Xocalı soyqırımını tanıyanlar, Qarabağla bağlı müsbət qətnamə qəbul edənlər həmişə “qara siyahı”ya salınıb. Hakimiyyət “bizim öz yolumuz var” şüarına sarılaraq, demokratik dünyanın dəstəyindən yararlanmayıb, dünyanın hər yerində “tərifdeyənlər” axtarıb. Məhz buna görə də qondarma erməni soyqırımını tanıyıb, amma hakimiyyətdən demokratiya, azadlıq tələb etməyən ölkələrə qucaq açıblar. Bu mənada ən parıltılı nümunə Rusiyadır. Azərbaycan hakimiyyəti Rusiyanı qarşılıqsız sevir, “Rusiya bizi satmaz” təbliğatı aparır, Rusiyanın aşırı erməni sevgisini görməzdən gəlir.
Amma hər dəfə ermənilər atəşkəsi pozanda, əsgərlərimizi və mülki əhalini gülədən keçirəndə Avropaya qarğış yağıdırırlar, ATƏT-in üstünə hücum çəkirlər, dünyadan ədalət tələb edirlər. Əslində, “Bundestaq özünü nə zənn edir”, “Avropa Birliyi Azərbaycana qərəzli münasibət sərgiləyir” deyənlərin, bu qurumlardan ədalət istəməsi də absurd görünür. Yaxud, ATƏT-in Bakı ofisini qapadıb, demokratik dünyayla yalnız iqtisadi əməkdaşlıqda maraqlı olduğunu bildirən hökumətin, ATƏT-dən şikayət etməsi, dünyanı Ermənistana barmaq silkələməyə çağırması da yersiz görünür.
Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan hakimiyyəti apardığı yanlış siyasətlə dostluq əlini uzadanlara arxa çevirib, düşmənin dostlarına isə əl uzadıb. Son baş verənlər isə daha dəhşətlidir və hakimiyyətin məsuliyyətini bir daha üz çıxarır. Amma 2 yaşlı Zəhranın erməni gülləsinə qurban getməsi də, hökuməti oyatmayıb. Yenə də Avropanı, Amerikanı günahlandırmaqla, Minsk qrupunu lənətləməklə məşğuldular. Ölkə müxalifətinə, beynəlxalq təşkilatlara göstərilən hikkəni düşmənə göstərə bilmirlər. Bugünə qədər Rusiyanın ermənipərəstliyinə etiraz edə bilməyiblər. Hakimiyyət son baş verənlərdə də məsuliyyətdən yayınmaq üçün başqalarını qətiyyətsizlikdə suçlayır. Halbuki, Azərbaycan demokratik yolla idarə olunsaydı, dünyaya inteqrasiya xətti seçilsəydi, beynəlxalq öhdəliklərə əməl edilsəydi, bugün əlimiz daha güclü olardı, dünya qarşısında daha ərklə tələblər qoya bilərdik. Amma düşmənin təbliğat gücü, lobbiçilik fəaliyyəti daha önə çıxır. Haqlı olduğumuz halda Azərbaycan həqiqətlərini dünyaya çatdıra, birmənalı üstünlük qazana bilməmişik.
Çünki, xaricə axıdılan pullar Qarabağ təbliğatına, erməni vandalizminin ifşasına yönəlməyib. Bütün səfərbərlikləri ölkədəki repressiyaları gizlətməyə, rüşvətlə adam ələ almağa, beynəlxalq aləmdə məddahlar tapmağa, çirkli əməkdaşlıqları davam etdirməyə yönəlib.
Bəli, mənasız idman yarışlara, xeyirsiz qonaqlara xərclənən milyardlar Qarabağ probleminin həllinə yönəlsəydi, bugün başqa mənzərənin şahidi olardıq. Bugünə qədər hakimiyyətin hansısa Avropalı deputata, komissara, hüquq müdafiəçisinə Qarabağa görə rüşvət verdiyini, bahalı hədiyyələr təklif etdiyini eşitməmişik. Amma şəxsi maraqların təmin olunmasına görə, siyasi məhbus probleminin gizlədilməsinə görə, “YAP hakimiyyəti mələkdir” təbliğatının aparılmasına görə milyardlar havaya sovrulub.
Ermənilərin son vəhşilikləri bir daha göstərdi ki, hökumətin sülh danışıqları da imitasiyadır. Bir daha sübut olundu ki, bu dövləti, bu xalqı müdafiə etmək iqtidarında deyillər və buna həvəsləri də yoxdur.
Yenə də dişsiz bayanatlarla dövləti qürursuzlaşdırmağa davam edirlər. Jirinovskilərin, Proxanovların qarşısnda ikiqat olublar. Amma bu adamların Azərbaycanın maraqlarını ifadə edən yarımqat açıqlamasının şahidi olmamışıq. Əksinə, həmişə erməninin dayısı olublar, düşmənin dostu kimi görünüblər.
Artıq dünyanı aldatmaq mümkün deyil. “Şərab diplomatiyası”, düşmənə qarşı humanizm mesajlarıyla reallığı dəyişmək olmaz.
Hakimiyyət yaxşı bilir ki, Qarabağ probleminin həllinə Jirinovskilər, Proxanovlar, Putinlər yardım etməyəcək. Sadəcə olaraq daimi hakimiyyət sevdası, çapıb-talamaq ehtirası dövlət və xalq sevgisindən önə keçib. Ölkədəki korrupsiyanı, seçki saxtakarlığını, repressiyanı tənqid edən beynəlxalq təşkilatlar, hüquq müdafiə təşkilatları, ölkəyə buraxılmayan tənqdiçi jurnalisltər bizə yaxşı münasibət göstərəcəkmi? İllər ərzində aparılan yanlış və anti-milli siyasətin müsbət nəticəsi ola bilərmi? Rusiyanın, Ermənistanın əməllərinə görə Qərbi günahlandırmaqla nəyə nail olmaq olar?
Xülasə, dünən, bugün gördüklərimiz və sabah görəcəklərimiz mənfi halların əsas günahkarı mövcud hakimiyyətdir. Daxildə xalqla, xaricdə demokratik dünya ilə ipləri qırıblar. İpi qırılmışların isə quyudan çıxması çətin olur. Bütün dövrlərdə Qarabağ münaqişəsi hakimiyyət üçün alver predmeti olub. Bugün də bu çirkli alverin cəzasını çəkirik.

Amid Nağıyev

Short URL: http://www.cumhuriyyet.net/?p=122975

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930