Gəncliyin "like" etdiyi Ramiz Mehdiyev….

09.02.2014 - 18:48

Prezident Administrasiyası rəhbərinin facebook-a gəliş sirri və
“otvyorka” ilə silinən sualların cavabı “Yeni Cümhuriyyət”də

 

SSRİ-nin qatı kommunistləri və bürokrat
məmurları yenidənqurma illərində demokrat libasına bürünmüşdülər. Dünənə qədər
yoldaş Stalinin başına and içib, kommunizmə sədaqətdən dəm vuranlar bu gün qəfil
dönüb demokrat, liberal olmağa başlamışdılar. Elə bu da Sovet İttifaqının
dağılacağının əlamətlərindən idi.
Necə olurdu ki, Kommunist Partiyasının
nizamnaməsindən kənara çıxa bilməyənlər, liberal iqtisadiyyatı qamçılayanlar
demokrat qiyafəsində görünməyə başlayırdılar? Təəccüblü idi. Xalq ikrah hissi
ilə onları qarşılayırdı. Bunu xatırlamaq yersiz deyil. Bu günlərdə Prezident
Sarayının rəhbəri Ramiz Mehdiyev qəflətən facebook-da zühur etdi. Gözlənilməyən
halda R.Mehdiyevin profil səhifəsi açıldı. PA rəhbəri facebook-dan dərhal məmurlara
barmaq silkələdi: “Məmurlar rüşvət almamalıdır”. Görəsən “otvyorka” ilə çamadan
açdıran, mandat üçün 1 milyon istəyən hansı məmur olmuşdu. Ona görə face-də bu
statusu görəndə ilk reaksiyam belə oldu: “Ətiniz tökülməsin”. 

Sosial şəbəkələri lənətləyən, “Molotov
kokteyli” qondarması ilə gəncləri tutduran, AzTV-də virtual şəbəkələrin
ziyanından danışanlar facebook-da rəsmi səhifə açmaq qərarı verirlər. Və məqsəd
gün işığı kimi aydındır. Dünənin kommunistləri bu günün demokratı kimi görünmək
istəyirlər. Bu imitasiyalı jestlərdən biri də R.Mehdiyevin face profil
açdırmasıdır.

Sarayın ən qocaman siyasi texnoloqunun
facebook-a gəlişi yerli və beynəlxalq ictimaiyyətdə müasir görünmək, internet əsrinin
qayda – qanunlarına, azad sözə, plüralizmə, düşüncəyə hörmət etmək, cəmiyyətə
açıq ola bilən bir siyasi xadim vitrini yaratmaq istəyindən doğan bir hadisədir.
Bu variantla hakimiyyət köhnə qvardiya və qaragüruh ittihamlarından qurtulmağın
yolunu tapıb.

Ancaq R.Mehdiyevin face-ə gəlişi
qanqaraldıcı vəziyyətlə yadda qalıb. O, profilində sual atəşinə tutulub.
Parlamentdə mandatın qiymətinin qalxması, “otvyorka” və başqa qalmaqallı
suallarla PA rəhbəri “topa tutulur”. Bu da o deməkdir ki, R.Mehdiyevin dövlət
xadimi imici facebook-da darmadağın olunmaq üzrədir. Bir tərəfdən isə
açıq-saçıq sual verənlərin siyahısını tutmaq asanlaşıb və həbslər üçün bundan
rahat şərait ola bilməz.

Beləliklə, facebook-un kimlərə
arzuolunan, kimlərəsə arzuolunmaz şəxsi peyda olub. Onunla bütün haqq-hesabları
sual şəklində çəkmək olar. Bir şərtlə hədəfə çıxarılmayasan. Haşiyədən kənara
çıxmayıb, əslində PA rəhbərinin sosial şəbəkədə görünməsinə toxunaq. R.Mehdiyev
bəlkə də müasir dövrlə ayaqlaşmaq üçün bu qərara gəlib. Çağda texnologiyadan
geri qalmayıb, ictimai-siyasi sektorun olduğu fəzaya doğru gəlib.

Ramiz Mehdiyev tənqidlərdən
və şikayətlərdən qurtulmaq üçün isə tikanlı sözlər yazan istifadəçiləri əngəlləməyə
üstünlük verir. Eyni zamanda yazılanlar dərhal silinir. Ona görə də nümunələri
təqdim edə bilməcəyik. Lakin bəzi gənclər yazdıqlarını əvvəlcədən “skreen şot”
edib, paylaşırlar.

Məsələn, fəal gənclərdən biri yazıb ki,
aşağıdakı şərhinə görə əngəllənib: “Tənqidi şərhlər yazdığıma görə, İlham
Əliyev rəsmi səhifəsində məni əngəlləyib. Ona deyə bilərsinizmi ki, məni blok
siyahısından çıxarsın, yoxsa siz də elə edəcəksiniz?”.

Başqa bir gənci belə bir şərhə görə əngəlləyiblər:
“”Ramiz müəllim, “otvyorka” söhbətinin axırı nə oldu?”

İstifadəçilərdən biri isə Mehdiyevə belə bir
sual edib: “2015-ci ildə deputat mandatının qiyməti neçəyə olacaq?” Təbii
ki, bu istifadəçi də əngəllənib. Çünki belə sərt, sarkazm dolu suallar
qarşısında tab gətirmək əzabdır.

Ya arqumentlə cavab
verməlisən, ya da sualların silməli. Ancaq nə deyək, burda da R.Mehdiyev ifadə
azadlıqlarının boğulmasının tərəfkeşidir, profilində yazılan suallara da
tolerant yanaşmır. Biz isə facebook-a gəlişinə görə cənab Mehdiyevə 
xoş gəlib, səfa gətirdin demək düşür.
Dostlar gəlin bir “like” eləyək. Nə də olmasa, PA rəhbəri pozitiv və kreativ
addım atıb.

Ramiz Mehdiyevlə yanaşı, fövqəladə
hallar naziri (FHN) Kəmaləddin Heydərovun facebookda səhifəsinə rast gəlmək
mümkündür. FHN rəhbərinin ara-sıra səhifəsində K.Heydərovla bağlı xəbərlər
paylaşılır, nazirliyin fəaliyyəti ilə bağlı məlumatlar verilir. Fövqəlnazir
facebooka 2012-ci il yanvarın 4-dən qoşulub.  Xarici işlər naziri Elmar Məmmədyarov
da ötən ildən facebooka qoşulub. Baş nazir Artur Rasizadənin rəsmi səhifəsi
olmasa da, onun adına facebookda bir neçə profil qeydiyyatdan keçib.  Dövlət
Neft Şirkətinin prezidenti, Milli Məclisin deputatı, AFFA-nın prezidenti Rövnəq
Abdullayevin facebookda profili var. Amma onun saxta, ya da həqiqi olması məlum
deyil. Təhsil naziri Mikayıl Cabbarov sosial şəbəkələrdən aktiv istifadə
edir. Nazir 23 iyun 2013-cü ildən facebookdan yararlanır. Rabitə və
informasiya texnologiyaları naziri Əli Abbasovu facebookda görmək olar. O da
digər həmkarları kimi ötən il bu şəbəkəyə üzv olub. Gənclər və idman
naziri Azad Rəhimovun da facebook səhifəsi var.  Bundan əlavə daxili işlər
naziri Ramil Usubov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov,
müdafiə naziri Zakir Həsənovun adına facebook profili qeydiyyatdan keçsə də rəsmi
açıqlamada onların saxta olduğu bildirilib.

Fərid

Short URL: http://www.cumhuriyyet.net/?p=12470

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930