"KURTLAR VADİSİ": "KƏMALƏDDİN" YAŞAYACAQMI?
“KURTLAR VADİSİ”: “KƏMALƏDDİN” YAŞAYACAQMI?
Türkiyənin ATV telekanalında yayımlanan “Kurtlar vadisi pusu” serialının son bölümləri Azərbaycanda xüsusi maraqla izlənir. Bunun da əsas səbəbi filmdə Azərbaycanla bağlı hadisələrə yer ayrılması və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun prototipi olan “Kəmaləddin” obrazının seriala əlavə edilməsidir.
Qeyd edək ki, xüsusən də sonuncu seriada on milyonlarla izləyicisi olan filmdə “Kəmaləddin” obrazının məhz Kəmaləddin Heydərovun prototipi olduğu təsdiqlənəndən sonra nazirin himayəsi altında olan bəzi yazarlar, nə qədər absurd olsa da, “Kurtlar vadisi pusu”nu azərbaycanlı tamaşaçının gözündən salmaq üçün yazılar yazdılar.
Bu yazılarda oxucuda gülünc doğuran “arqumentlərlə” silahlanan müəlliflər, naziri Azərbaycanda yüz minlərlə tamaşaçısı olan serialın “zərərli təqdimatından” xilas etməyə cəhd edirdilər. Hətta serialda “Kəmaləddin” “Rusiyanın uşağı” adlandırıldığı, mənfi obrazda verildiyi üçün yaradıcı heyəti iki ölkə arasında münasibətləri gərginləşdirməkdə qınayanlar, Ərdoğanın hakimiyyətini Türkiyəni “100 il geri saldığını” iddia edənlər də oldu. Ən maraqlısı isə odur ki, müəlliflər Kəmaləddin Heydərovla Azərbaycanı eyniləşdirərək, nazirin mənfi obrazda təqdimatını Azərbaycana qarşı təhqir kimi təqdim etməyə çalışdılar. Lakin nədənsə onlar serialda müsbət obraz kimi təqdim olunan başqa bir azərbaycanlını – “Bahtiyar”ı görməzlikdən gəldilər. Hətta deputat Aqil Abbas öz məqaləsində belə bir sual da qoydu ki,“bu Bahtiyar hardan hopp eləyib düşdü bura?” Belə çıxdı ki, serialın yaradıcı heyəti hansısa obrazı daxil edərkən hörmətli Aqil Abbasla məsləhətləşməli idi…
Əlbəttə, “Kurtlar vadisi pusu”nu “darmadağın etmək” təşəbbüsünün Kəmaləddin Heydərovdan gəldiyini düşünmək sadəlövhlük olardı. Çox guman ki, bu, müəlliflərin şəxsi təşəbbüsüdür və hörmətli nazirə xoş gəlmək cəhdidir.
Lakin bu faktdır ki, “Kurtlar vadisi pusu”ya qarşı bu “hücumlar”, ümumiyyətlə Azərbaycan KİV-ində gedən yazılar seriala marağı daha da artırıb.
Bu baxımdan son bölümdə bir neçə güllə yarası alan “Kəmaləddin”in taleyi maraqla gözlənilir.
Serialın yaradıcı heyətinin Kəmaləddin Heydərovun prototipi olan “Kəmaləddin”lə bağlı daha hansı planları var?
Onu yaşadaraq Kəmaləddin Heydərovla bağlı daha da nələrisə açıqlayacaqlar, yoxsa onu seraldan çıxaracaqlar?
Serialın bu axşamkı bölümündə bu suallara aydınlıq gətiriləcəyi gözlənilir.
AzPolitika.info
Short URL: http://www.cumhuriyyet.net/?p=12501