"Hakimiyyətin qarşısına daha böyük güc kimi çıxacağıq"
20.02.2014 - 10:07
“Kimsə İlham Əliyevə izah etsin ki, bu leksikonla danışmaq dövlət başçısına yaraşmır”
AXCP sədri Əli Kərimli fevralın 18-də “Azadlıq” radiosunun “İşdən sonra” verilişinin qonağı olub və ölkədəki vəziyyət, müxalifətin perspektivləri barədə suallara cavab verib. Verilişin əvvəlində aparıcı radionun digər əməkdaşı, tanınmış jurnalist Xədicə İsmayılın istintaqa çağırılması barədə xəbəri oxuyub və AXCP sədri ilə söhbətə bu mövzudan başlayıb.
AXCP sədri cavabında deyib ki, baş verənləri Xədicə İsmayıla qarşı təzyiq və gözdənsalma cəhdi kimi qiymətləndirir. Əli Kərimli bu xüsusda jurnalistlə bağlı bir müddət əvvəl hakimiyyətə yaxın mediada “casus siyahısı” iddialarının ortaya atılmasını da xatırladıb:
– Hökumət bütün media resurslarını bu məlumatların tirajlanmasından ötrü səfərbər etmişdi. Görünür, burada Azərbaycan cəmiyyətinin, müxalifət elitasının bir hissəsini Xədicə xanıma qarşı qoymaq niyyəti var idi. Digər tərəfdən də hökumət həmişə öz təbliğatında az məlumatlı kəsimə istinad edir. Həmin az məlumatlı kəsimdə Xədicə xanıma qarşı neqativ bir rəy, onun xaricə müəyyən məlumatlar ötüməsi haqqında fikir yaratmaq məqsədi də var idi.
Xədicə xanımın İlham Əliyevin özünün, ailəsinin, onlara aid olan bizneslərlə bağlı, korrupsiyayla bağlı apardığı araşdırmaların qisası alınır. Neçə illərdir ki, Xədicə İsmayıldan məhz qisas alınır. Bu da o kampaniyanın tərkib hissəsidir. Amma mən istisna etmirəm ki, başqa məqsədlər də var.
Yəqin hökumətin xəbəri olub ki, bugünlərdə Avstriyada Azərbaycan milli manatının istehsalı ilə bağlı bir məhkəmə işi başlayıb. Həmin məhkəmədə prokuror çıxış edib və bildirib ki, Azərbaycan tərəfindən milli pulların çap olunması üçün Avstriya şirkəri ilə müqavilə zamanı 20 faiz “şapka” alınması tələbi qoyulub. O pullar Panamadakı ofşor hesablar vasitəsilə Azərbaycan tərəfinə çatdırılıb. Hətta nəğd, kisələrlə pullar Azərbaycan tərəfinə keçirilib. Söhbət on milyonlardan gedir. Bu çox böyük bir beynəlxalq skandaldır. Bütün dünya mətbuatı artıq bundan yazır. Orada çox maraqlı bir detal var. Prokurorun çıxışında göstərilir ki, Suriya Milli Bankı da Suriya milli valyutasını həmin şirkətdə çap edib. Amma onlar Azərbaycandan insaflı davranıblar. Onlar yalnız 14 faiz “şapka” istəyiblər. Təsəvvür edin ki, Suriyadakı hökumətdən də daha çox korrupsiyalaşmış hökumətdən söhbət gedir. Bu işdə iştirak edənlərin hamısı bu gün də vəzifələrində qalırlar. Mən istisna etmirəm ki, bu agent söhbətlərinin, xaricə məlumat ötürməklə bağlı ajiotaj yaratmağın bir məqsədi də gündəmi məşğul etməkdir.
– Mən əslində ölkədə bütünlüklə nə baş verdiyini soruşmaq istəyirdim. Amma siz yalnız Xədicə İsmayılla bağlı məsələyə münasibət bildirdiniz. O zaman sualı belə qoyaq. Seçkilərdən sonra müxalifət daxilində vəziyyət necədir?
– Bir halda ki, siz bütün ölkədə nə baş verdiyini nəzərdə tutursunuz, o zaman düzgün olmaz ki, ölkədə baş alıb gedən intiharlara münasibət bildirmədən birbaşa müxalifətlə bağlı məsələlərə keçək. Azərbaycanda çox dəhşətli hadisələr baş verir. Gündəmi intiharlar zəbt edib. Əlbəttə, Azərbaycan hökumətinə nəyi irad tutursan, o saat dünyadan müəyyən nümunələr tapırlar ki, filan yerdə də filan hadisə vardı. Doğurdan da dünyada intiharlar çoxdur. Amma o intiharlar Azərbaycandakı intiharlarla müqayisə oluna bilməz. Onların müxtəlif motivləri var. Tənhaqlıqla bağlı motivləri var, həyat enerjisinin sönməsi ilə bağlı motivləri var, psixi motivləri var. Amma Azərbaycanda intihar edənlərin 80-90 faizi açıq-aşkar əvvəlcədən bəyan edir ki, o məhz Azərbaycandakı sosial problemlərə görə yaşaya bilmir. O məhz hüquqlarını ala bilmir. O artıq məmurların özbaşınalıqlarından boğaza yığılıb. O, çarə tapa bilmir. Bunlar Azərbaycandakı yarıtmaz idarəetmənin anonsunu verirlər. Bunlar Azərbaycanda insanların hədsiz narazılığının simptonlarıdır. Onlar o dərəcədə narazıdılar ki, problemlərin altında yaşaya bilmirlər, hətta ölümü belə göz önünə alırlar. Əlbəttə ki, heç bir halda belə hərəkətlərə haqq qazandırmaq olmaz. Mənim dəfələrlə müraciətim olub ki, mübarizə aparmaq üçün intihardan başqa daha uyğun yollar var.
Təkcə bir faktı deyim. Təbii ki, Azərbaycanda hamının problemi var. Amma etiraf edərsiz ki, müxalifətçilərin problemi biraz da artıq olur. Amma müxalifətçilərin arasında şükürlər olsun ki, belə tendensiya yoxdur. Çünki onların, əvvəla, həm həmfikirləri var problemini bölüşməyə, həm də mübarizə ilə məşğuldurlar. Onlar onları həyata küsdürən adamlara qarşı qəzəblidirlər və o insanlara qarşı real mübarizə aparırlar. Onların qarşısında əsir olub, özlərini yandırmaq olmaz. Bu, acizlikdir. Ona görə də xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycandakı intiharlara heç bir halda haqq qazandırmasaq da, bunlar sosial zəminlidir, ədalətsizliyə üsyandır. Azərbaycandakı idarəetməyə insanların fərdi şəkildə üsyan etməsidir. Azərbaycan hökuməti bu məsələləri mütləq müzakirə edib bir nəticə çıxarmalıdır. Xüsusən Qarabağ qazilərinin özlərinə qıymağı, onların buna məcbur edilməyi dəhşətli hadisədir. Axırıncı intihar cəhdindən sonra Sumqayıtdakı qazini Ruhi Xəstəliklər Dispanserinə yerləşdiriblər. Bu, ümumiyyətlə, dəhşətli bir haldır. Gözümüzün qabağında görün nə baş verir. İnsanlar əvvəlcə özünü öldürmə həddinə çatdırılır. Sonra da buna cəhd edən insanlara qarşı bu cür davranış olur. Bu çox mənəviyyatsız hərəkətdir. Mən təkcə bunun siyasi baxımdan səhv olduğunu vurğulamaq istəmirəm. Bunun siyasi baxımdan yaraşmayan olduğunu vurğulamaq azdır. Bu, həm də insani baxımdan olduqca mənəviyyatsız hərəkətdir. İnsanlar əzizlərini, ailələrini buraxaraq özlərinə qəsd edirlər, amma Azərbaycanın bütün hakimiyyət orqanları kardı, kordu, eşitmirlər, görmürlər, veclərinə deyil. Özlərinin azğın, harın həyat tərzlərini davam etdirirlər.
– Bəlkə intihar edənlər meydanda tək olduqlarını düşünürlər və mübarizəyə gücləri çatmır. Çünki onlar müxalifət partiyalarına da üzv deyillər.
– Bu yaxınlarda partiyamızın geniş müşavirəsi keçirildi və mən orada açıq danışdım. Dedim ki, əlbəttə, baş verənlərə görə Azərbaycan hökuməti məsuliyyət daşıyır. Amma dolayısı şəkildə mən özümüzdə də müəyyən məsuliyyət görürəm. Əvvəla, bütün bu ağır vəziyyətdə olan insanlar tənhalıqdan əziyyət çəkirlər. İmkan daxilində biz əzliən təbəqələrlə daha çox ünsiyyət qurmalıyıq. Onları tapmağa çalışmalıyıq. Xeyli adam tapırıq, onlarda sabaha ümid yaradırıq. Amma bizim əlimiz çatmayan, ünsiyyət qura bilmədiyimiz xeyli sayda insanlar tənhalığı, ümidsizliyi yaşayırlar. Ona görə də biz daha da genişlənməliyik. Çalışıb bütün Azərbaycanı əhatə etməliyik. Bütün səbr kasasında son damlanı yaşayan insanlarla ünsiyyət qurub, onlara sabaha yönəlik mesajlar verməliyik, onların tənha olmadığını göstərməliyik. Bu mənada sizin sualınız olmadan da mən cəbhəçilərlə bu məsələdə məsuliyyətimizdən danışmışam. İkinci bir məqam da var. Onunla da razıyam ki, bütövlükdə Azərbaycanda dəyişiklik istəyən qüvvələrin müəyyən mənəvi məsuliyyəti var ki, deməli, bizim indiyə qədər etdiklərimiz, edə biləcəklərimiz bu insanlarda kütləvi şəkildə hələ sabaha inam yarada bilməyib. Yəni insan nə qədər ağır vəziyyətdə yaşasa da, onun sabaha ümidi olsa, o heç bir halda intihar etməz. Deməli, Azərbaycan cəmiyyətində sabaha daha böyük ümid yaradıla bilməyib və bunda bizim də payımız var. Mən hesab edirəm ki, ümumiyyətlə, ağır faciələr yaşanan toplumda əlbəttə ki, hamımız günahkarıq. Hamımızın bu və ya başqa şəkildə məsuliyyətimiz var. Ölkənin bu gündə olmağına biz hamımız dözmüşüksə, sadə vətəndaşı da, müxalifəti də, müxalifət lideri də, bizim gözümüzün qarşısında bu dəhşətlər baş verə bilirsə, əlbəttə ki, bizim hamımız bu günahın içindəyik.
– Yəqin ki, müxalifət partiyaları və liderlər insanlara sabaha ümiddən öncə güvən problemini həll etməlidirlər…
– Bunlar bir-birinə çox ciddi şəkildə bağlı məsələdir. Biz hesab edirik ki, məqsədyönlü şəkildə buna çalışırıq. Mən sizə bir şey deyim. Azərbaycanda şərtlər müxalifət üçün çox ağırdı. Xeyli obyektiv səbəblər açıqlaya bilərəm ki, nəyə görə burda güclü müxalifət formalaşdırmaq çətindir. Repressiyaların cəmiyyətdə yaratdığı ümumi xof var, qorxu var. Partiya üzvlərinin, müxalifət fəallarının ağır sosial məşəqqətləri var. Onların hamısının çiynində ağır sosial yüklər var. Müxalifət partiyaları bütün maliyyə imkanlarından məhrum edilib. Sərbəst toplaşmaq yox, informasiya resursları yox və s. Amma mən onun tərəfdarı deyiləm ki, bu obyektiv səbəblərə görə biz özümüzə haqq qazandıraq. Deyək ki, indiki vəziyyət elə belə də olmalıdır. Mən ona görə də bugünlərdə keçirdiyimiz həm müşavirəmizdə, həm Ali Məclisimizdə cəbhəçilərin qarşısında vəzifə qoymuşam ki, biz ən tez bir zamanda iki dəfə güclənməliyik. Hər yerdə olmaq, hər yerdə təşkilatlanmaq. Daha çox sayda dəyişiklik istəyən qüvvələri səfərbər etmək. O güvəni bizim fəaliyyətimiz qazanmalıdır. Biz çalışdıq. Məsələn, 2013-cü il seçki ili idi. Seçki ili həm də müxalifət partiyalarına, liderlərinə bir baxış idi. Uzun zaman hökumət mediası bizə qarşı kampaniya aparırdı ki, bizim dəhşətli ambisiyalarımız var, bu ambisiyalar bizi bir araya gəlməyə qoymur. Biz nələrisə bölüşdürə bilmirik və s. Amma nə oldu. İlk gündən mən müxalifətin birliyi üçün əlimdən gələni etdim. Çox asanlıqla əvvəlcə Rüstəm İbrahimbəyovu, sonra Cəmil Həsənlini vahid namizəd kimi müdafiə elədik. Əvvəldən axıra qədər həmin şəxslər də etiraf edirlər ki, bütün gücümüzü, resurslarımızı qələbə üçün səfərbər etdik. Özümüzə hansısa bir imtiyaz istədikmi? Xeyr. Hansısa vəzifə umduqmu? Xeyr. Vəzifə bölgüsü eşqinə düşdükmü? Xeyr. Bunların heç birini etmədən, öz vəsaitlərimizi səfərbər etməklə əlimizdən gələnin hamısını etdik və bu, insanlarda təbii ki, xeyli dərəcədə o hökumət mediasının yaratdığı təəssüratı vurub dağıtdı ki, biz doğrudan da ümumi qələbə üçün çalışırıq. Burda şəxsi ambisiyalar uğrunda mübarizə getmir. Bizim yetərincə güvən və inam yarada bilməməyimiz bizim fəaliyyətimizlə bağlı deyil, resusrlarımızın azlığı ilə bağlıdır. Məsələn, bizim bu danışdığımız söhbəti onminlərlə azərbaycanlı eşidəcək. Mən əminəm ki, bu onminlərlə insanın yarıdan çoxunu biz inandıra biləcəyik ki, bu danışdıqlarımız səmimidir və arxasında real işlər durur. Amma biz yüzminləri və milyonları əhatə edə bilmirik axı. Onlar yalnız hökumət televiziyalarına baxırlar. Onların bizi eşitmək imkanları yoxdur. Bizim haqqımızda bu qədər şər-böhtan deyirlər. Mən sizə açıq deyim ki, özümüzə çox tənqidi yanaşıram. Açıq da tənqid edirəm, öz toplantılarımızda da tənqid edirəm. Eyni zamanda bunu da qeyd etmək lazımdır ki, bu qədər birtərəfli, aqressiv informasiya müharibəsi ki bizə qarşı aparılır, qara PR aparılır, bunun müqabilində bizim heç bir alternativ informasiya resursumuz olmaya-olmaya, mesajımızı milyonlara çadırmaq imkanımız olmaya-olmaya biz hər seçkidə bu hökuməti məğlub ediriksə, deməli, bu xalq bizim haqqımızda müsbət fikirdədir. Cəmi bir aylıq kampaniya ilə vahid namizəd kimi irəli sürdüyümüz Cəmil Həsənli o qədər səs aldı və ATƏT kimi mötəbər qurum elan etdi ki, seçki məntəqələrinin 58 faizində seçkini saxtalaşdırıblar. Özünüz düşünün, güclü müxalifət mövqeyi olmasaydı, mövqeyimizi xalq dəstəkləməsəydi, niyə bu milyardlara, inzibati resusrlara sahib olan partiya saxtakarlıq etmək məcburiyyətində qaldı. Deməli, bizim mövqeyimizə inam və güvən var. Amma o mövqedən çoxları xəbərsizdir. Ona görə də biz indi çalışırıq ki, bu şərtlər daxilində də, məhz sizin dediyiniz məsələ bizim partiyanın prioritetidir ki, artıq onminlərə, yüzminlərə yox, nəyin bahasına olursa olsun milyonlara xitab etmək imkanı əldə eləmək, internetin, canlı ünsiyyətin imkanlarından maksimum istifadə eləmək və insanımızda sabaha ümidi, onu sabaha aparacaq qüvvələrə güvəni tamamilə bərpa eləmək.
– Sizcə indiki şəraitdə bunu etmək mümkündürmü? Qayıdaq əvvəlki sualımıza. Müxalifət daxilində vəziyyət necədir. Müxalifətin özü özünə qarşı qara PR apardığı bir zamanda inam olacaqmı?
– Çox təəssüf ki, hər seçkidən sonra bənzər situasiya yaranıb. Hansısa bir jurnalist araşdırma edib orata çıxara bilər ki, digər seçkilərə nisbətən bu seçki ilində nisbətən az itki ilə çıxdıq. Çünki seçki dövründə müəyyən koalisiyalar formalaşır. İnsanların hamısı eyni dərəcədə yetkin deyil ki, onlar uğursuzluğun dəqiq səbəblərini tapsınlar. Uğursuzluqla, səbəbləri arasındakı dəqiq səbəblə əlaqəni tapmaq o qədər də asan deyil. Ona görə də bir çox insanlar başlayırlar uğursuzluğun səbəbini başqa yerdə axtarmağa. Bəziləri yoldaşlarında axtarmağa, bəziləri qurulmuş təşkilatın strukturlarında axtarmağa və s.
Beləliklə, son 20 ildə Əliyevlər ölkədə seçkiləri ləğv edib. Ölkədə faktiki seçki şouları, tamaşaları keçirilir. Bütün seçkilərdən sonra müxalifət daxilində seçkilərin nəticələri ilə bağlı müəyyən daxili çəkişmələr olur. Bir qayda olaraq indiyə qədər seçki sonrası sindrom bütövlükdə müxalifətin növbəti seçki yaxınlaşana qədər tamamilə pərakəndə olmağına gətirib çıxarırdı. Amma bu dəfə biz ona nail olduq ki, bəzi neqativ tendensiyalar olsa da, Müsavat partiyası Milli Şuranı tərk eləsə də, biz Milli Şuranı qoruyub saxlaya bilmişik. Milli Şura ideyasının arxasında hansı fikir dayanırdı. Deməli, ölkənin mübarizə aparmaq istəyən, birləşmək istəyən siyasi qüvvələrinin, ziyalılarının, vətəndaş cəmiyyətinin, gənclərin, inanclı kəsimin, yazarların, hüquqşünasların birliyini qurmaq. İndi o birlik qalır. Oranı bir partiya tərk edib və onların da tərk etməməsi üçün əlimizdən gələni eləmişik. Amma hər halda bu bizim iradəmizdən kənar olub. Bizim bu situasiyada borcumuz tezliklə Milli Şuranın strukturlarını bərpa etmək, 2013-dəki səviyyəyə gətirməkdir. Yanvar ayının 16-da keçirilmiş sessiya bu baxımdan çox uğurlu oldu. Ondan sonrakı fəaliyyətimiz bu əminliyi yaradır ki, biz çox qısa müddətdə yaranmış böhranlı vəziyyətdən çıxa biləcəyik. Milli Şurada səfərbər olunmuş qüvvələrin mütləq əksəriyyəti bundan sonra da bir arada olmaqda qərarlıdır. Milli Şura bir institut, mexanizm olaraq qalacaq və bundan sonra da o ideyanın yaşamağı sübut etdi ki, ölkənin həm siyasi müxalifəti, həm vətəndaş cəmiyyəti, həm ziyalıları bir arada dəyişikliklər üçün çalışmalıdırlar. Bu konsepsiya yaşayır və davam edir. Ona görə də mən vəziyyətimizi çox da pis hesab etmirəm. Əlbəttə ki, düşünürəm ki, kaş bu yanvar ayının əvvəlində olanlar olmayaydı, kaş ki, Milli Şuradan heç kim ayrılmayaydı. Amma bizim iradəmizdən asılı olmayaraq bu baş veribsə, biz yola davam deyirik. Mən inanıram ki, biz tezliklə Milli Şurada yaranmış neqativ prosesləri konpensasiya edə biləcəyik, Milli Şura dəyişiklikləri Azərbaycana gətirə biləcək əsas qüvvə kimi özünü növbəti dəfə təsdiq edəcək.
– Prezident İlham Əliyev son müşavirədə müxalifəti rəzil adlandırdı, satqın dedi. Buna münasibətiniz necədir.
– Dövlət başçısı birinci dəfə deyil ki, belə leksikonla danışır. Bir dəfə çıxır satqın deyir, bir dəfə xəyanətkarlar deyir, bir dəfə naftalin iyi verənlər deyir. Bu dəfə rəzil sözünü öyrənib, indi onu deyir. O, onsuz da bizi eşitmir. Kimsə ona izah eləsin ki, dövlət başçısına bu leksikonla danışmaq yaraşmır. Ən önəmli məsələ bax budur. Onun qarşısında kimin olmağından asılı olmayaraq müxalifətə münasibətdə heç düzgün deyil. Amma, ümumiyyətlə, heç bir vətəndaşa münasibətdə özünü dövlət başçısı sayan insan, and içib, azərbaycanlıların hüquqlarını, mənafelərini qorumağı üzərinə vəzifə götürən insana yaraşmır bu leksikonla danışmaq. Bunu mütləq ona başa salmaq lazımdır. Özünə əmin, özünə güvənli, xalqın dəstəyinə güvənli dövlət başçıları necə olurlar. Onlar xalqı sevirlər. Hətta müxalifətlə olan fikir ayrılıqlarını, mübahisələrini mütləq siyasi dillə, mədəni leksikonla müzakirə edirlər. Xalqın qarşısında müsbət nümunələr yaradırlar. Onlar xalqa mesaj verirlər ki, elitadakı münasibətlər belə yüksək səviyyədədir, siz də məişətdə münasibətlərinizi yüksək səviyyədə qurun. İndi Azərbaycanın dövlət başçısı özü bu nümunəni cəmiyyətə təqdim edirsə, ölkə vətəndaşlarının məişət münasibətlərində o yüksək mədəniyyəti, qarşılıqlı anlaşmanı necə görə bilərik.
– Seçkidən öncə bəzi hakimiyyət nümayəndələri deyirdilər ki, Milli Şura seçkiyə hesablanıb. Seçkidən sonra həmin birlik digərlərinin aqibətini yaşayacaq. Etiraf edək ki, haqlı çıxdılar.
– Əvvəla, Milli Şuranın yaranmağı hökuməti bir müddətlik tərk-silah etmişdi. Çünki bütün təbliğatı onun üstündə qurmuşdular, axı. Birləşə bilməzlər, pərakəndə olacaqlar, bir birilərini qıracaqlar, şəxsi ambisiyalarından imtina edə bilməzlər. Biz onları tərk silah elədik. Seçki kampaniyası dövründə Azərbaycan xalqı gördü ki, biz müxalifət olaraq uduzmağımız üçün, məblub edilməyimiz üçün bir bəhanə vermədik. Bizdən asılı olan hər şeyi elədik. Hökumət gəldi, maskasını çıxardı və özünün əsl sifətini göstərdi. Göstərdi ki, o əsl sifəti ilə saxtakar, zorakı sifəti ilə utanmadan, həya eləmədən, bütün dünyanın şahidliyi ilə seçkilərin nəticələrini saxtalaşdırdı. Indi bunlar çox pərtdilər. Çünki başa düşürlər ki, bu struktur qalacağı təqdirdə Azərbaycan müxalifəti 2013-cü ildə əldə elədiyi mənəvi siyasi uğurları inkişaf etdirəcəyi təqdirdə Azərbaycanda dəyişikliklər sürətlənəcək. Dəyişikliklər onsuz da olacaq. Bu qaçılmazdır. Amma Milli Şura formatı və müxalifətin birliyi bu dəyişikliyi sürətləndirə bilər. Ona görə də Azərbaycan hökuməti əlindən gələni edir ki, Milli Şura dağılsın. Amma dağıda bilmədilər. Mən sizinlə razı deyiləm. Milli Şuranı dağıda bilməyiblər. Milli Şura onların qarşısındadır. Bütün yarıtmaz siyasətlərinə anındaca reaksiya verir. Yenidən meydanlara da çıxacağıq. Azərbaycan xalqının demokratik dəyişikliklərlə bağlı arzularını gerçəkləşdirmək üçün bütün mümkün olanların hamısını eliyəcəyik. Biz inanırıq ki, çox uzun vaxt qalmayıb. Bütün proseslərin özünün daxili məntiqi, yetişmə sürəci var. Azərbaycandakı dəyişikliklər üçün də artıq zəmin yetişir. Fikir verin, Azərbaycanda “Sovetski” məhəlləsinə qədər 60 min insanın evini sökmüşdülər. Siz nə zaman yüz nəfərdən artıq evi sökülənin bir araya gəldiyini görmüşdünüz. Olmamışdı, mən də görməmişdim. Amma indi mindən artıq insan bir araya gəldi. Hökumət məcbur oldu ki, onları eşitsin. Mən əminəm ki, bu günlərdə onlara edilən təkliflər də müsbətə doğru dəyişəcək. Bunun özü dəyişikliklərin simptomlarından biridir. Artıq insanlar başa düşürlər ki, çarə elliklə mübarizədən keçir. Bu baxımdan o müsbət dəyişikliklər Azərbaycana da yaxınlaşacaq. Azərbaycan xalqının 2013-cü ildə əldə etdiyi mənəvi siyasi uğurdan Azərbaycan hökuməti məcbur olub xəlvət inaqurasiya keçirdi. Bir ay gözləri yollarda qaldı. Təbrik gözləyirdilər. Bütün dünya bunlara tənə elədi. Hamısı bunların qeyri-legitim olduğunu vurğuladı. Bütün bunların hamısı Azərbaycan insanında özünə inamı artırır. Milli Şuranın ətrafında onları birləşdirir. Azərbaycan Xalq Cəbhəsinin Milli Şuranın daxilində təbii ki, özünəməxsus bir yeri var. Xalq Cəbhəsi mühüm bir təşkilat kimi Milli Şura ideyasına bütün strukturları ilə dəstək verir. Mən təkcə Xalq Cəbhəsinə olan axından, Azərbaycan gəncliyinin Xalq Cəbhəsinə sözün həqiqi mənasında olan axınından artıq bu mesajı alıram ki, Azərbaycandakı dəyişikliklər yetişməkdədir. İnsanlar bu vəziyyətlə barışmaq niyyətində deyil. Ona görə də qoy bu hökumət adamları da qətiyyən özlərinə təsəlli verməsinlər. Nə gücləri çatardısa Milli Şuraya o qədər zərbə vurdular. Amma indi bizim vaxtımız var. O zərbələrin hamısının yerini bərpa edəcəyik. Daha böyük güc kimi onların qarşısına çıxacağıq.
– Dediniz ki, Milli Şura fəaliyyətini davam etdirir, etdirəcək. Hətta meydanlara da çıxacaqsız. Amma seçkidən sonra bəzi partiyalar və bir çox önəmli şəxslər bəyanat verib Milli Şuradan ayrıldılar. Ayrılmalarla bağlı xəbərlər bütün ölkə mediasında yayımlandı. Sizcə, bundan sonra müxalifət partiyaları bir araya gələ biləcəkmi və yenidən insanların rəğbətini qazana biləcəklərmi?
– Əvvəlcə dəqiqləşdirək. 2013-cü ildə müxalifət olduğunu iddia edən bütün qüvvələr Milli Şurada bir araya gəlmişdilər?
– Ən azı hakimiyyətin radikal müxalifət dedikləri bir arada cəmlənmişdi.
– Deməli, o qüvvələr bir araya gəlirlər ki, onlar birləşmək istəyirlər. Onlar dəyişiklik istəyirlər. İndi də birləşib dəyişiklik etmək istəyən qüvvələr Milli Şuradadılar. Kimsə birləşmək istəmirsə, birləşmək istəyənlər birləşmək istəməyənlərin məsuliyyətini daşıya bilər? Kimsə hesab edir ki, birlik Azərbaycanı müsbət dəyişikliyə aparmır. Birləşmək Azərbaycanda köklü dəyişikliklərə aparmayacaq və təkbaşına fəaliyyətlə, birlikdə əldə edilməsi mümkün olmayanlar təkbaşına əldə edilə bilər. Kimsə belə düşünürsə, biz ona necə təsir edək? Bizim borcumuz olduğumuz doğru yolu davam etdirməkdir.
– Müxalifət qəzetləri “Yeni Müsavat” və “Azadlıq” arasında gedən soyuq müharibəyə münasibətiniz necədir?
– Mənim böyük rəğbət bəslədiyim, əmək fəaliyyətinə başladığım “Azadlıq” qəzeti üçün, ölkədə köklü dəyişikliklər əsas hədəfdir. Bu qəzet hazırda yeganə qəzetdir ki, İlham Əliyevin də, onun yaxın ətrafının da korrupsiya əməllərini, xalqa zidd siyasətlərini çox ciddi qətiyyətlə ortaya qoyurlar. Ona görə hesab etmirəm ki, nə Azərbaycan Xalq Cəbhəsi Partiyası üçün, nə də “Azadlıq” qəzeti üçün hər hansı başqa bir subyekt maraqlıdır. Amma zaman-zaman müəyyən manevrlər olur ki, bizim diqqətimizi özlərinə cəlb etsinlər. Biz də çalışırıq ki, tez bir zamanda diqqətimizi əsas hədəfimizə yönəldək. Əsas hədəf də Azərbaycanı bu günə salanlardı. Təbii ki, Azərbaycanı bu günə salan hökumətdən bu və yabaşqa şəkildə asılı olan yardımçı hədəflər də olur. Amma onlar əsas hədəfi əvəz edə bilməz. Şübhəsiz ki, Azərbaycanı bu vəziyyətə gətirən İlham Əliyevin idarəetməsidir. Azərbaycanda hakimiyyətin zəbt olunmasıdır. Son baş verənlərə münasibət də bir daha onu göstərdi ki, Azərbaycan hakimiyyəti xalqın qarşısında məsuliyyət hissini tamamilə itirib. Sosial zəmində hər gün bir intihar baş verir. Bunlar pensiyanı 1 manat 30 qəpik artırırlar. İlham Əliyev özünə 245 milyon dollar dəyəri olan təyyarə alır. Mətbuatın verdiyi məlumata görə, bu beşinci təyyarəsidir.
– Sizə elə gəlmirmi ki, hədəflərlə mübarizədə son zamanlar Cəmil Həsənli və AXCP təkdir?
– Biz azıq ki? Cəmil Həsənli, AXCP, gənclər, Milli Şuradakı ziyalılar, digər partiya təmsilçiləri və başqaları var. Biz az deyilik. Hərçənd ki, biz bu meydanda, ümumiyyətlə, tək olduğumuz zamanlar olub. Uzun müddət, 2005-ci ildən 2010-cu ilə qədər biz meydanda özümüzü tamamilə tək hiss etmişik. Məhbuslar da bizim sıralarımızdan idi, təzyiqlər də bizə olurdu. Amma indi artıq Azərbaycan cəmiyyəti ayaqdadır. Yeni-yeni insanlar da prosesə qoşulurlar.(azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=12542