"Müharibə veteranı var ki, heç müharibə görməyib"

20.02.2014 - 12:35

“Müharibə veteranı var ki, heç müharibə görməyib”

“Onun üç mərasimi günü mitinq etmək istədik, ancaq atası qoymadı”Rey Kərimoğlu: “Biz Qarabağ qaziləri taleyin ümidinə buraxılmışıq”
Rey Kərimoğlu ilə müsahibə üçün danışanda Zaur Həsənov təzəcə rəhmətə getmişdi. Elə müsahibəmizin mövzusu da əslində onlar idi – Qarabağ qaziləri. Özünü yandırmağa başlayan qazilərin bugünkü vəziyyəti, problemləri, eləcə də sabahkı günə ümidləri… Varmı? Deyəsən, var. Çünki R.Kərimoğlu onlara qarşı münasibətin dəyişəcəyinə inanır.
– Geriyə baxsaq, problem nədən başladı? 2001-ci ildəki parçalanmadan danışaq…
– Bu gün Qarabağ qaziləri arasında, şəhid ailələri, veteranlar arasında parçalanma yoxdur. Onların hamısının spesifik problemləri var. Biz bu gün də fərqli düşünürük. Ancaq fərqli düşünsək də, bu illərdə bir yerdə olmuşuq. Ən gərgin vaxtımız Zaurun dəfninə təsadüf etdi, onda da bir yerdə olduq. Biz siyasət adamlarından, sənətçilərdən fərqlənirik. 2001-ci ildə Qarabağ Əlillər Cəmiyyəti aclıq aksiyasına başladı. Və bizim iki tələbimiz vardı – biri Qarabağ qazilərinin pensiyası idi. Biz o vaxtı 11 şirvan (11 000 manat – köhnə pulla) pensiya alırdıq. Bu pensiyanın 3 dəfə qaldırılmasını istəyirdik. İkinci tələbimiz – Qarabağ əlillərinə, bu insanlara aidiyyatı olan qanun, Prezidentin fərman və sərəncamlarının icrasına nəzarət edəcək dövlət komissiyasının yaradılması idi. Məsələn, 26 avqust 1994-cü ildə Heydər Əliyevin 193 saylı fərmanı var. Azərbaycan torpaqlarını erməni təcavüzündən müdafiə edərkən əlil və şikəst olmuş şəxslərin sosial müdafiəsi ilə bağlı. Orda yeddi-səkkiz məsələ var. Onlar icra olunmurdu. Əlillər haqqında qanun vardı. Orda elə maddələr vardı ki, birbaşa əlilin özünə fərdi təsir edə biləcək məsələlər idi, ancaq icra olunmurdu. Biz də cəmiyyət olaraq o problemlərin həlli ilə məşğul olurduq. O da cəmiyyətdə çox ciddi gərginlik yardırdı. Çünki biz həmişə əlillərin yanında olmuşuq. Yanlışlıqlarımız onda olub ki, əlil haqsız olanda da onu müdafiə etmişik. Bu gün o səhvi təkrar etmək istəmirik. Biz ilk dəfə deyildi aksiya edirdik. 1994, 1995, 1996, 1998-ci illərdə Qarabağ Əlillər Cəmiyyəti mütəmadi olaraq problemlərlə bağlı aksiya keçirib. Bu təbəqənin özünəməxsus ağrıları, acıları var…
– 2001-ci ildəki məsələdə Qarabağ əlillərinin adından istifadə etməklə obyektlər götürüb vergidən yayınma halları olurdu…
– O məsələlər 2001-ci ilə qədər həll olunmuşdu. Artıq elə bir Qarabağ əlili qalmamışdı ki, vergidən kənarda qalsın. Qalan güzəştlər işıq, qaz, su, nəqliyyatdan istifadə idi. Onu da ləğv edəndən sonra pensiyanı da artırmadılar. Onun üstünə 1 şirvan pul gəldi. Dövlət komissiyası yaratdılar, o da dağıldı getdi. Bəzən bizi düz anlamırlar. Deyim niyə? Qarabağ Əlillər Cəmiyyətinin sədri Etimad Əsədov idi. Onun 72 rayon şöbəsi vardı. Bu günləri də nə Etimad, nə Firudin, nə mən acından ölmürük. Ancaq bizim o vaxt da, indi də dediyimiz məsələ var idi. Söhbət öz problemini həll edə bilməyən, ağır vəziyyətdə – iki qolunu, iki ayağını itirmiş əlillərdən gedir. Onu nə mən, nə siz, nə bir qəzet rəhbərliyi həll edə bilər. Onu dövlət həll etməlidir. Dövlət meydana çıxıb o problemin həllində iştirak etməlidir. Bilirsiniz, biz bəzən danışırıq, asan gəlir. İncəliklər var. Nə var deməyə əlillər niyə üsyan etməlidir? Qarabağ əlili var – iki qolu, çənəsi yoxdur. Heç nə yox, ailə üzvlərinizdən birini o cür təsəvvür edin. Onun xidmətçisinə dövlət ayda 15 manat pul verir. Siz bir insan olaraq onun gecə su içmək və yaxud su başına çıxmaq istəyini düşünün. Bizim əlillərin arasında doğma anasının bezib qaçdığı anlar olub. Ana dözməyib. Üstümüzə ağlayıb, deyib ki, bacarmıram. Ancaq onu bu halında qəbul edən qadın var. Hər gün onu gündə 3 dəfə su başına aparan qadın var. Biz bunları birinci dəfədir danışırıq. Bunu kim etməlidir? Dövlət bu insanların yanında olmalıdır. Biz dövlətdən 3 dəfə ev alıb, 3 dəfə obyekt alıb 100 minlik maşın sürüb sonra da bizə zəng edib “mən özümü yandıracam. Mənim filan yerdəki 200 000-lik obyektimin sənədini niyə vermirlər?” deyənin davasını etmirik. Biz o cür insanların, imkanı olmayanların probleminə diqqətlə yanaşılmasını, onların haqqını yeməmələrini istəyirik. Qarabağ əlili var, güllə ağzından dəyib. Qaçanda dəyməyib düşmənlə üz-üzə savaşanda dəyib. 49 yaşı var, ailə qura bilməyib. Nə dişi var, nə də dodağı. Deyəndə deyir ki, kimin qızına elçi gedim? Kim mənə gələr? Heç bilirsiniz qolda, ayaqda olan protez bir balaca gec təmizlənəndə necə dəhşətli qoxusu gəlir? Onu illərlə qəbul edən qadınlar var. Qazilərin xanımları var. Üç balası olan qaziyə 160 manat pul verir dövlət. Necə dolansın? Onun protezini hər gün yuyan qadının yanına sığınıb. Bu azacıq pensiya ilə o, atalıq, ərlik qürurunu itirir, sınır həmin xanımın yanında. İki qolu, iki ayağı, iki gözü olmayan oğlanlar var. İllərdir ev ala bilmirlər. İki gözü olmayan İlqar adlı oğlan var. Ev ala bilmir o yana, iki uşağı da xəstədir. Xəstəxanaların yollarında qalıb. Bizim dərdimiz odur ki, bu problemlər köklü şəkildə həll olunsun. 
– Zaur Həsənov özünü yandırandan sonra Səttar Mehbalıyev ona şərçi demişdi. Ancaq sonra 100 000 manat pul verdi. Bu da qazilər üçün yanlış president oldu. Qazilər razı qalmışdı bu məsələdən. Halbuki Zaur özünü balalarının gözünün qarşısında Səttar Mehbalıyevə “rekertdir, quldurdur” deyib yandırmışdı…
– Ayın 25-i Zaur özünü yandıran günü uşaqlar mənə zəng etdilər. Gecə getdim ora. Bir belə Qarabağ əlili var ki, bunların içində yaza bilən 5-3 nəfər var. Mən də ora getdim. Vəziyyət gərgin idi. Səbəb bizim başdan dediyimiz problemlər idi. Normal təqaüd olsa, qazilər dövlət təminatında olsalar, heç kim özünü yandırmaz. Və mən yenidən bu proseslərə qoşuldum. İki aydır bu işin içindəyəm. Tənqid edənlər də var, söyənlər də var. Bizə isə dövlətin atacağı addımlar lazımdır. Səlim Müslümovla, Əli Əhmədovla, səhiyyə nazirinin birinci müavini Elsevər Ağayevlə görüşmüşük. Əlillərin ən ciddi probelemlərindən biri Səhiyyə Nazirliyi ilədir. Bu gün dövlət səhiyyədə hər bir insana vəsait ayrır. Siz – sağlam insan səhiyyə müəssisəsində pulsuz müalicə ala bilirsinizmi?
– Xeyr.
– Qarabağ əlili də ala bilmir. Elə məsələlər olub ki, biz onları qabartmamışıq. 2001-ci ildə bizi siyasətə bağlamışdılar. Biz hansı siyasətə qarışmışdıq ki? Problemlərimizi çatdırmışdıq. Zaur Həsənovun problemi 10 ildir bu problemlərin malalanmasından yarandı. Qarabağ qaziləri həkim deyil, müəllim deyil, bu sözləri pis mənada demirəm, onlar problemlərlə yaşayır. Biz reablitasiya kursu keçməmişik. Ən böyük fəlakətlərdən biri budur. Taleyin ümidinə buraxılmışıq biz. Ağır vəziyyətdə olan qazilərimizlə bir dənə də psixoloq işləməyib. Psixi travmalı adamlarıq. İlqarın üzünü qəlpə aparıb. Üzü, burnu, gözləri yoxdu. Gözlərinə şüşə qoyublar. Bədənindən ət götürüb burun düzəldiblər. Nəfəs ala bilmir, burnuna xüsusi boru qoyublar. Evi-eşiyi də yoxdur. Dövlət sağ olsun, ona maşın verib. Onu da qardaşı hərləyir. Uşaqlarını həkimə aparır. Səhhətində ciddi problemlər var. Qazilərin özünü yandırmasını eşidəndə pis olur. Deyir, bəs onda mən neyniyim? Problemləri ilə baş-başadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətə gedir. Hələ qəbul etməyiblər, gözləyirik. (Fevralın 18-də nazir Səlim Müslmov İlqarı qəbul edib dinləyib, onun mənzil problemlərinin həll edilməsinə yardımçı olacağını deyib. A.F) Birini qoyub o birinə keçirəm. 
Zaurla bağlı mən Səttar Mehbalıyevlə heç bir görüşdə iştirak etməmişəm. Bizim təşkilatın rəhbərliyi olub həmin görüşdə. Düşünmürəm ki, onlar hər hansı bir səhvə yol veriblər. Belə danışaq. Sizin atanız var? Misal çəkim, siz olmayandan sonra sizin atanız, əminiz, oğlunuz orda olur. Onların məsələyə reaksiyası olur. Elə reaksiyalar var ki, onu ayaqlayıb keçmək mümkün deyil. Elə şeylər var ki, Etimaddan, Firudindən, məndən asılı deyil. Elə şeylər var ki, bu gün mən deyirəm bu düzdür, amma həqiqət var. Zaurun atası, əmisi orda idi. Onların bizə dedikləri var. Biz üçü günü yaşadığı evin həyətində matəm mitinqi etmək istədik, ancaq atası qoymadı. Sonra bildik ki, Zaurun cəsədini ləngitmək olmaz, tez dəfn etmək lazımdır. Çünki yarası kəfəni bulaya bilərdi. Onda dini qaydalara görə yenidən yuyulub kəfənlənməliydi. Zaurun bir balaca videosu da var. Uşaqlara çəkiblər. Orda Zaur da açıqca deyir ki, “mən ölürəm, ancaq ucunu qoydum. Siz davam etdirin. Siz də ölü kimi şeysiniz”. O hər şeyi bildi öldü. Zaur özünəqəsdi ailəsi üçün edib. Ayrı bir məsələ yoxdu. Zaur həm ailəsinin, həm də əlillərin problemini ictimailəşdirdi. Elə detallar var bilmirəm, elə detallar var bilirəm danışası deyiləm. Ən əsası Zaur ailəsindən nigaran getmədi. 
Bəziləri sosial şəbəkələrdə, mediada məni tənqid bəzən təhqir etdi… Mən istədim bir şey yazam ki, dostlarımın başını aşağı edəcək heç bir addım atmamışam, atan da deyiləm. Ancaq yazmadım. Mən xəstəxanada olanda da çağırdım adamları. Nə qədər adam gəldi? Az gəldilər. Dəfninə nə qədər adam gəldi? Ora da az gəldilər. Ora bir 50 000-60 000 adam gəlsəydi, mən neyniyəsi idim? Ya sən neyniyəsi idin? Biz 2001-ci ildə bunu yaşamışıq. Mənim arxivimdə durur. Xalqa müraciətlərimiz var idi. Metrolara yapışdırırdıq ki, “başınıza dönüm, bizi əzirlər. Yanımızda olun”. Ləliyirdik. Ondan sonra bizim nə qədər əlillərimiz öldü. Semaşko adına xəstəxanada biri qolunu doğrayıb öldü. Biri İqtisad Universitetində qolunu doğradı. Uşağının təhsil haqqına görə. Bizdə bir Qarabağ əlili vardı, Azad adında, özünü binadan atdı. Sinir xəstəliyi vardı, dırnaqlarının, barmaqlarının arasından ət tökülürdü. Kağız da yazıb özünü 1999-cu ildə atdı. Ona heç bir dərman kömək etmirdi…
– Ağdamın işğalı gününün səhəri icra başçısının verdiyi 1000 manatlıq televizor Rey Kərimoğlunun nəyinə lazım idi? Zaur Həsənovun dəfnində də oldum. Ordakı şüarları da eşitdim. Bəlkə də sizdən daha çox umuruq ona görə sizə yüklənirik, ancaq elə məsələlər var ki, olmaya bilərdi…
– Mən başa düşürəm. Mən bir söz deyim. Mənim Rey olaraq baxışım, düşüncəm fərqli ola bilər. Amma mənim missiyam var. Mən Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəriyəm. Mən bu işləri yönəldən adamların yanındayam. Mən bu işə pəl vura bilmərəm. Mən hansısa partiyanın funksioneri deyiləm, heç bir partiyanın da üzvü olmamışam. Siz bilirsinizmi ki, mən illərlə Ağdama gedə bilməmişəm. Mən Ağdama nə vaxt gedirdim KQB, MQB hamısı arxamca tökülürdü. Xeyrə gedə bilmirdim, yasa gedə bilmirdim, gedə bilmirdim. Buraxmırdılar məni. Konflikt yaradırdılar. Bir dəfə gedirdim xalamoğlunu işdən çıxardırdılar, bir dəfə gedirdim əmim qızını işdən çıxarırdılar. Ancaq bu başçı gəldikdən sonra Ağdamın işğalının 20 illiyi ilə əlaqədar rayondakı yürüşə dəvət etmişdilər. Bir gün əvvəl də Milli Mətbuat günü idi, prezident jurnalist kimi ev vermişdi mənə də. Ola bilər insanlar başqa cür başa düşüb. Ömrü boyu jurnalistikada nə rüşvət almışam, nə də hədiyyə götürmüşəm. Mən bunu ictimailəşdirməyə də bilərdim. Elə ictimailəşdirəcəyimi deyib hədiyyəni qəbul etmişəm. Ondan sonra icra başçılarına nümunə oldu. Hansı jurnalistin paltaryuyan maşını yox idi, ona bir paltaryuyan, hanısının soyuducusu olmayıb, soyuducu verib. Ancaq mən nə yazılarımdan imtina edirəm, nə də fikirlərimdən. Hökuməti ən radikal, ən sərt tənqid edən vaxtlarımda da nazir müavini, icra başçısı maşınını saxlayıb mənimlə görüşüb. Mən fikirlərimi dəyişməmişəm, insanlarla salam-sağolum olub. Dövlət əlil maşını hələ mən almamışam. Niyə almamışam? Çünki qanunvericilikdə propblemlər var.
Rey Kərimoğlu: “Azərbaycanın büdcəsi bundan 10 dəfə az olanda Qarabağ əlillərinin vəziyyəti daha yaxşı idi””Allah Zaura rəhmət eləsin, onun ölümündən sonra bizə qarşı münasibət dəyişib”
– Az basqılarla üzləşməmisiniz…
– 2007-ci ildən keçmiş nazir Füzuli Ələkbərov 50 rayondan mənim əleyhimə məktub hazırlatmışdı. Guya, Rey Kərimoğlu dövlətin əlillərlə bağlı etdiklərini görmür, onalara qara yaxır və sairə. Məhkəməyə verməyə hazırlaşırdılar məni. O əlillər də mənə zəng vururdular ki, Rey, başına dönüm, bizə qol çəkdirdilər. Neynəyək? Onda gərək mən də cırnayaydım. Heç nə demirdim. “Mən” deməkdən zəhləm qaçır. Əslində bizim hökumətlə davamızın səbəbi həmin adamlar idi. Bəy kimi yaşayırdıq, nə desək də edirdilər. Mən gedib daldada danışmamışam, gizli bir işim olmayıb. Mən bəzilərindən fərqli olaraq Ramil Səfərovu qorxaq hesab eləmirəm. Mənim bayrağımı təhqir edənin anasını ağladaram. 
– Aksiyalardan, etirazlardan sonra nə dəyişdi?
– 2001-ci ildən bu yana bu məsələlər ortalıqda qaldı. Neqativ hallar var. Mənim missiyam budur. Ev tikilir, avtomobil verilir, protez-ortopedik vasitələr verilir. Amma problemlər var. Məsələn, protez corab istəyirsən. Deyirlər, yoxdur. Ancaq gedib 20 manat versən verəcəklər. Səlim Müslümov hara gedib orda ciddi dəyişikliklər hiss olunur. Bu məsələlər illərdir yığılıb üst-üstə qalıb. Güzəştlər ləğv olunduqdan sonra belə mənzərə yarandı ki, əlillərin heç bir güzəşti yoxdur. …Azərbaycanın büdcəsi bundan 10 dəfə az olanda Qarabağ əlillərinin vəziyyəti daha yaxşı idi. Yaxşı müalicə alırdıq, təminat da yaxşı idi. Büdcə qalxıb, vəsait artıb, xəstəxanaların sayı artıb, ancaq problem var.
– 2 ev alan əlillərdən danışırsınız?
– 2 ev alanı da var, 3 ev alanı da. Birini nazirlik verib, birini icra hakimiyyəti, birini firma verib. Nazirlik verən evlərin siyahısını nazirliyin saytında da qoyublar. Bu tək nazirlik məsələsi deyil, əlillərin özlərində də problemlər var. Bu gün işsiz əlillərə, hər kəsə müraciət edirik ki, özünüzü yandırmayın. Necə olur Kürdəmirdən olan bir ayağı yox, 3 balasının ikisi xəstə olan Zahid hər gün zəng vurur ki, Rey, möhkəm olun yanınızdayıq. Necə olur o dözür? Sən də elə də. Evi, maşını, dükanı olan əlil də zəng edib şantaj edir…Belə olmaz! Ən əsas məsələyə qayıdaq. Azərbaycanda 11 000 civarında Qarabağ əlili var. Onların 7000-8000 arası əsgərlərdir. Mənim kimi 185 manat pensiya, 85 manat da prezident təqaüdü alırlar. Amma təxminən 2000-3000 civarında zabitlər Daxili İşlər Nazirliyinin və MTN əməkdaşlarıdır. Onlar fərqli pensiya alır – 500-600, 800, 1000, 1200, 1500 manat civarında. Rütbələrinə, əlillik qruplarına, tutduqları vəzifələrinə görə. Biz onları özümüzdən kənarlaşdırmırıq.
– Siz niyə az alırsınız?
– Biz də onu deyirik ki, pensiyamız azdır. 7000-8000 nəfərin içində də iki gözünü, iki ayağını itirmiş, yatağa məhkum olanlar var. Yatağa məhkum olanların bir hissəsi bu illərdə dünyalarını dəyişdilər. Çox az qalıblar. Ağır vəziyyətdə olanların sayı 150 nəfər, uzağı 200 nəfər olar. Bu insanları saxlamaq bu qədərmi çətindir? Bizim problemlərimiz var, həlli yollarını da bilirik. Bunların hamısını demişik. Biz hara gedirdik bizi qaragüruh, müxalifətçi, təxribatçı adlandırırdılar. Dediklərimizi eşitməyiblər. Bu gün mən 3 təbəqədən – veteran, Qarabağ əlili, şəhid ailəsindən danışmaq istəyirəm. Mən Qarabağ əliliyəm. Veteran o adama deyirlər ki, çağırılıb, gedib döyüşüb, geri qayıdıb. Mən 1992-ci ilin avqustun 9-da yaralanmışam. Minaya düşmüşəm. 1993-cü il fevralın 26-da hərbi əməliyyatlara yararsız sayılaraq ordudan tərxis edilmişəm. Mən Qarabağ qazisi-əlili hesab olunuram. Şəhid ailələri isə ailə başçısını, övladını itirmiş qadındı. Nə o müharibə görüb, nə də balaları. Ancaq müharibənin acısını yaşayırlar. Bunların problemi tamam başqadır. Müharibə veteranı var ki, heç müharibə görməyib. Siz bilirsiniz ki, Qarabağa qənd aparan da, ərzaq daşıyan nə qədər adama müharibə veteranı adı verilib? Onların böyük əksəriyyəti müharibə görməyib. Ancaq Qarabağ əlillərinin 100-dən 90-nı döyüşdə yaralanıb. Bu fərqli təbəqədir. Taleyin sırf təsadüfü nəticəsində sağ qalan insanlardır. Müharibədə uşaqlar şəhid olurdu, dəfn edirdik. İndi onlara elə paxıllığımız tutur ki…O vaxt ölmədik ki, canımız qurtara… Giridin döyüşə bitdikdən sonra baxırdın ki, böyründə, başında 50 güllə dəliyi var. Necə olub sənə güllə dəyməyib anlaya bilmirdik… Firudin Məmmədov Ağdərədə Milli Qəhrəmanlığa təqdimatı verilmiş adamdı. Vermədilər. Ermənilər hansısa pozisiyada güc gəlib, komandir batalyon görüb ki, əsgərlər qırılacaq əmr verib geri çəkiliblər. Onun da başı qarışıb döyüşə-bir də ayılıb ki, yanında heç kim yoxdu. Batalyon 600-700 metr geri çəkilib. Baxıb ki, ermənilər gəlir. Bir dənə tank qabaqda gəlir ox kimi üçü də onun arxasında. Sıravi əsgərlər də onların yanında düz Firudunun üstünə-səngərə gəlirlər. Belə baxıb ki, qrantamyot. Adətən, səngər qazanda qarşısına torpaq tökürdük ki, bu həm də güllənin qarşısını alır. Deyir, qalxdım qrantamyotla vurmağa-bu tətiyi basıb tanka tank da bunu nişan alıb. Tankın snaryadı gəlib dəyib torpağa dəyib, qəlpələri isə sinəsinə, gözünə, başına. Firudinin sinəsi deşik-deşikdir. Üzü, gözləri o cür yaralanıb. Tankı da vurub. Uşaqlar deyir ki, Firudin tankı vurduqdan sonra tank dayanıb, ermənilər geri çəkilib. Elə biliblər bəs səngərdə adamlar var. Ondan sonra bizim əsgərlər hücum edib oranı qaytarıblar. Firudin aylarla başı sarıqlı gəzib. Gözləri görməyib o vəziyyətdə. Firudinin ağrısı, əsəbi ayrıdır. Öz övladı xəstə olur, onu həkimə apara bilmir, amma bu gün daha 3 Qazini xəstəxanaya aparıb. İşsizlik, evsizlik, şəraitsizlik, çətinlik – bunlar Qazilərimizin problemləridir.
– Nə təklifiniz var əlaqədar qurumlara? 
– Bizim hüquq-mühafizə orqanları ilə problemlərimiz var. Biz komissiya yaratmağı təklif etmişik. Orda əlaqəli nazirliklər və əlil təşkilatları olsun. Mən təklif edirik ki, əlillər qruplarla yanaşı kateqoriyalara bölünsünlər. Birinci qrup var iki əli, iki ayağı, iki gözü olmayanlar 1-ci qrup A kateqoriyasında getsinlər. Elə əlil var ki, bir ayağı yoxdur, başında travması var onu B kateqoriyası etsinlər. Ona uyğun pensiya, prezident təqaüdü və müavinətlər verilsin. Məcburi köçkünlər kimi kommunal xidmətlərdə limitlər verilsin. Bunlar olsa daha asan olar. Ayağı olmayan əlillə ayağı olan arasında çox fərq var. Firudinin heç təşkilatını da qeydiyyata almırlar. Deyirlər ki, qeydiyyata alacağıq. Allah Zaura rəhmət eləsin, onun ölümündən sonra bizə qarşı münasibət dəyişib. 
(politika.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=12543

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031