Günün aktual videosu: "O qanı boynuma götürə bilmərəm – Elçibəy"
21.02.2014 - 17:10
Günün aktual videosu: “O qanı boynuma götürə bilmərəm – Elçibəy”
Bu videogörüntü 1993-cü ildə lentə alınıb. Lentdə görünənlərin geyimindən hiss olunur ki, soyuq aylardır. Azərbaycanının ikinci prezidenti Əbülfəz Elçibəy Kələkidə brifinq keçirir. Yanında silahdaşları da var: Nəcəf Nəcəfov, İbrahim İbrahimli və başqaları. Jurnalistlər sual verirlər, Elçibəy isə onlara cavab olaraq, “prezident vəzifəsindən istefa verməmişəm” deyir, qiyamçı polkovnik Surət Hüseynovun baş nazir təyin edilməsindən narazılığını bildirir və deyir ki, qiyamçıdan baş nazir olmaz.
Daha sonra Ə.Elçibəy Heydər Əliyevi hakimiyyətə gətirdiyinə görə onu qınayanlara cavab olaraq deyir ki, bu addımın məsuliyyəti onun üzərindədir. Elçibəy, Əliyevi parlament sədri seçdirmək üçün Milli Məclisin deputatlarına təzyiq göstərdiyini etiraf edir.
Videolentin bir məqamı isə çox ibrətamizdir. Elçibəy deyir: “Dəfələrlə demişəm ki, mən sadəcə olaraq istəməmişəm ki, mənim üstümdə hər hansı bir Azərbaycan gəncinin, uşağının, kişisinin, qadınının qanı tökülsün. Mən o qanı boynuma götürə bilmərəm”.
Bu gün Ukraynada baş verənlərə baxanda Elçibəyin 1993-cü ilin iyununda atdığı addımı dürüstlüyünə haqq verməyə bilmirsən.