Elşad Miri: "Müşviqabad məscidinin icmasına təzyiq olub"
25.02.2014 - 14:12
Elşad Miri: “Müşviqabad məscidinin icmasına təzyiq olub”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qaradağ rayonu, Müşviqabad qəsəbə məscidi dini icmasının özünü buraxması haqqında müraciət etdiyi haqda məlumat yayıb. Komitənin yaydığı açıqlamada bildirilir ki, 1998-ci ildə qeydiyyatdan keçmiş dini icma 2009-cu ildə “Dini Etiqad Azadlığı haqqında” qanuna edilmiş dəyişikliklərə uyğun olaraq yenidən dövlət qeydiyyatına alınmaq məqsədilə müvafiq sənədlərini Dövlət Komitəsinə təqdim etməyib və bununla da mövcud qanunvericiliyin tələblərini pozub. Məlumatda o da qeyd olunub ki, Müşviqabad məscidinin dini icması özünü buraxmaq barədə, Komitəyə müraciət edib.
Avropa.info-ya açıqlamasında ilahiyyatçı Elşad Miri əslində bunu məscidin bağlanması üçün ortaya atılmış bir ideya olduğunu bildirib.
“İndi açıq şəkildə məscidi bağladıqlarını ört-basdır etmək üçün bildirirlər ki, məscidin dini icması özünü buraxmaq barədə müraciət edib. Bu olduqca absurd bir yanaşmadır”.
Elşad Mirinin fikirincə, Müşviqabad məscidinin dini icmasına bununla bağlı təzyiq olub.
“Məscidin icmasına özünü buraxmaqla bağlı ərizə ilə müraciət etməsi üçün böyük ehtimalla təzyiqlər edilib. Yəni bu cür təzyiqlər olmadan heç bir icma belə müraciət etməz. Onsuz da uzun müddət idi ki, Müşviqabad məscidinin bağlanılması yönündə iş gedirdi. Dəfələrlə məscidin qeydiyyata alınması üçün müraciətlər edilmişdi. Əvvəl QMİ şərt qoydu ki, məsciddə şiə icması da olmalıdır. Sonradan isə heç bununla da razılaşmadılar. Məscidin dini icmasını get-gələ saldılar. İndi də bu addımla məscidi bağlamağa qərar verdilər”.
Elşad Mirinin fikirincə, prosesləri bu həddə gətirib çıxarmaq düzgün deyil. Onun dediyinə görə, Azərbaycanda məscidləri nəinki bağlamaq, əksinə, onların sayını artıqmaq lazımdır.
“Azərbaycan məscidlərin tikilməsinə görə, insanlara dini inanclarını yerinə yetirilməsinə şərait yaradılmasına görə digər müsəlmanlar yaşayan ölkələrə nümunə olmalıdır. Lakin təssüf ki, bizdə hələ Əbu Bəkr məscidi yenidən açılmamış, Şəhidlər məscidinin fəaliyyəti bərpa olunmamış, Müşviqabad məscidini də dolayısı ilə bağlayırlar. Bu təssüfedici haldır.” (musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=12574