Heydər Əsədov Kəmaləddin Heydərovu "satdı"
Ziya Məmmədovun qudası
“fövqəlnazir”in “dövlət içində dövlət” sistemin ifşa etdi
Fevralın 25-də kənd təsərrüfatı naziri Heydər Əsədov Xaçmazda
vətəndaşları qəbul edib. Görüşə gələnlər əsasən gömrükdə süründürməçilik və
rüşvətdən, onlara çatacaq gübrənin pulla satılmasından və meyvəçilikdə istifadə
olunan dərman preparatlarının keyfiyyətsizliyindən gileylənirdilər.
Nazirlə vətəndaşın söhbətində diqqət çəkən xüsusi bir məqam var.
Həmin görüşdə iştirak edən cumhuriyyet.az-ın əməkdaşı dialoqu qeydə alıb və bu
söhbəti olduğu kimi diqqətinizə çatdırırıq:
Təsərrüfatçı:
– Cənab nazir. Kənd təsərrüfatı ilə məşğul
olan adamların adından sizdən xahiş edirik: İstifadə etdiyimiz kimyəvi
dərmanların ölkəyə gətirilməsinə dövlətin nəzarəti olsun.
Nazir:
– Mən razıyam sizinlə…
Təsərrüfatçı:
– İnanın, bağlar məhv olub
gedir. Belə getsə, bu ərazidə bircə bağ da qalmayacaq. İşlətdiyimiz dərmanların
dozaları uyğun gəlmir. Qələmlər 5 ildən sonra quruyur. Elə vaxt olur, 1 hektar
sahədə birdən-birə 100 qələm quruyur.
Nazir:
– Siz fikrinizi sadəcə bir
dərmana yönəltmisiniz. Ancaq təkcə dərman problemi deyil. Torpağı suvaranda
suyu nətəhər buraxırsınızsa, torpağın üzərində nə qədər mineral varsa, hamısını
yuyub aparır…
Fermerlər məhsulun ixracındakı problemlərdən də danışıblar. Onlar
başqa ölkələrin gömrüklərində 2-3 saat, öz gömrüyümüzdə günlərlə ləngidiklərini
deyıblər:
– Üç günlərlə gömrükdə düşüb
qalırıq. 5 min manat almamış malımızı o tərəfə buraxmırlar. Gedib Moskvada,
orda-burda qazandıqlarımızı gətirib buradakı gömrüyə veririk.
Nazir:
– Mən özüm gömrüklə danışacam.
Problem varsa, deyəcəm həll etsinlər. Kəmaləddin müəllimə bir də deyərəm. Biz
toplantı etmişik, biləsiniz. Ramiz müəllim səviyyəsində… Qubada almanın
qiyməti düşəndə, yadınızdadırsa, bax o vaxtlar toplantımız oldu.
Ramiz müəllim deyərkən cənab Əsədov çox güman ki, Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi nəzərdə tutub. Bu səviyyədə “Quba
almaları ilə bağlı xüsusi müşavirənin” nə zaman keçirildiyini deyə bilmərik.
Amma bir sual üzərində xeyli düşündük. Gömrükdəki problemlə bağlı nazirin
müraciət edəcəyi “Kəmaləddin müəllim” kimdir? Gömrük Komitəsinin rəsmi internet səhifəsində cumhuriyyet.az bu
adla bağlı xeyli axtarış aparıb. Nəticə: Azərbaycan Respublikasının Gömrük
Komitəsinin rəhbərliyində Kəmaləddin adlı şəxs yoxdur. Elə isə H.Əsədov kimi
nəzərdə tutur? Heç Şübhəsiz Kəmaləddin Heydərovu!
Kəmaləddin Heydərov artıq neçə ildir ki, Gömrük Komitəsinin sədri
deyil. Amma Heydər Əsədovun gömrükdəki problemlə bağlı ona müraciət edəcəyini
söyləməsi unutqanlıqla bağlı deyil. Azərbaycanda hər kəs bilir ki, Dövlət
Gömrük Komitəsi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olan
qurumdur. “Fövqəlnazir” Naxçıvan qruplaşmasının rəhbərlərindən hesab edilir.
Elə bu səbəbdəndir ki, Dövlət Gömrük Komitəsində yüksək vəzifədə çalışanlar da
əslən Naxçıvandandırlar. Bu sırada komitə sədri Aydın Əliyevin birinci müavin
Səfər Mehdiyevi, müavinləri Əsgər Abdullayevi, Rza Həsənəliyevi və Nazim
Məmmədovu göstərmək olar. Həmçinin komitənin idarə rəislərinin çoxu da məhz
Naxçıvan əsilli kadrlardır. Konkret olaraq Xarici Əlaqələr Idarəsi, Audit və
Risk Analizləri Idarəsi, Daxili Təhlükəsizlik Idarəsi, Əsaslı Tikinti və
Maddi-Texniki Təchizat Idarəsi, Hüquq şöbəsi, Gömrük Mühafizə Xidməti, Mətbuat
Xidməti, Avtomobil Təsərrüfatının rəisləri məhz naxçıvanlılardır. Bakı Baş
Gömrük Idarəsi, Avtonəqliyyat Gömrük Idarəsi, Xəzər Dənizində Azərbaycan
Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük Idarəsinə Muxtar
Respublikadan olan şəxslər rəhbərlik edir. Bütün bu “regional yaxınlıq” bəlkədə
təsadüfdür. Amma nazir postunda olan olan bir şəxsin bir məmurun heç bir rəsmi
aidiyyatı olmayan bir quruma nəzarətini rəsmən etiraf etməsi biabırçılıqdan
başqa bir şey sayıla bilməz.
Ən maraqlısı isə Kəmaləddin Heydərovun idarəçilik monopoliyasının
ifşasının “fövqəlnazir”in əzəli rəqibi Ziya Məmmədovun qudası tərəfindən ifadə
edilməsidir.
Çingiz Coşqun
Short URL: http://www.cumhuriyyet.net/?p=12587