Dünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib

02.02.2019 - 15:43

Bu gün Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya
Mərkəzinin (MOM) təşkilatçılığı ilə Ümumdünya Xərçəng Gününə həsr
olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib.
AZƏRTAC xəbər verir ki, müasir ümumi onkologiyanın və nüvə təbabəti
problemlərinin müzakirə olunduğu bu mötəbər beynəlxalq səhiyyə forumunda
Azərbaycan onkoloqları ilə yanaşı, Avstriya, İsveçrə və Türkiyənin ən nüfuzlu
tibbi mərkəzlərinin aparıcı mütəxəssisləri və elmi dairələrin nümayəndələri də
iştirak ediblər. III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumunun əsas
müzakirə mövzularından biri də nüvə təbabətinin müasir vəziyyətinə və
perspektivlərinə, eləcə də xərçəngin profilaktikası və müalicəsində tətbiq edilən
ən son metodlara dair məruzələrin dinlənilməsi və təcrübə mübadiləsi
aparılması olub.
Simpoziumu giriş sözü ilə Milli Onkologiya Mərkəzinin baş direktoru,
akademik Cəmil Əliyev açıb. Xərçəng xəstəliklərinin erkən diaqnostikası və
müalicəsi üzrə Azərbaycanın aparıcı tibb müəssisəsi olan Milli Onkologiya
Mərkəzinin son illərdə əldə etdiyi yüksək nailiyyətlərdən danışan C.Əliyev
müasir dünyada onkoloji xəstəliklərin dinamikasının artması faktını təəssüflə
vurğulayıb. Akademik bu sahədə müvafiq beynəlxalq strukturların ümumi
bəlaya qarşı mübarizənin gücləndirilməsinin və birgə səylərin koordinasiyasının
zəruriliyini xüsusi vurğulayıb.
Akademik C.Əliyev qeyd edib ki, əsrin bəlasına qarşı mübarizə işinə
Azərbaycan onkoloqları, Milli Onkologiya Mərkəzinin elmi və tibbi personalı
da layiqli töhfə verir. Bildirilib ki, tibbin ən ağır, ən məsuliyyətli sahələrindən
biri olan onkologiya problemləri daim dövlətimizin diqqət mərkəzindədir. Son
illərdə Milli Onkologiya Mərkəzində xərçəng xəstəliklərinin diaqnostikası və
müalicəsi üçün hər cür şərait yaradıldığını bildirən akademik Cəmil Əliyev bu
nəcib işdə həmişə əhalinin sağlamlığını və sosial rifahını düşünən Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd edib.
O, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın himayəsi ilə
Milli Onkologiya Mərkəzində Uşaq Klinikasının inşa edilib istifadəyə
verilməsini onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara diqqət və qayğının
bariz nümunəsi olduğunu bildirib.

Simpoziumda rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzinin Azərbaycanda
göstərdiyi çoxillik səmərəli fəaliyyətinə və onkologiya sahəsində bütün dünyada
qəbul olunmuş yüksək elmi-praktik nailiyyətlərinə görə akademik Cəmil
Əliyevə Birləşmiş Millətlər Təşkilatının “Elm və sülh elçisi” fəxri mükafatı
təqdim edilib. Fəxri mükafatı akademik C.Əliyevə BMT-nin İnsan Hüquqları
üzrə Ali Komissarlığının məsul işçisi, BMT Beynəlxalq Mükafatlar Şurasının
Cenevrə ofisinin rəhbəri Mehmet Şükrü Güzel təqdim edib, Milli Onkologiya
Mərkəzinə və akademik C.Əliyevə yeni nailiyyətlər arzulayıb.
Tədbirdə çıxış edən Milli Onkologiya Mərkəzi baş direktorunun birinci
müavini, tibb elmləri doktoru, professor Əziz Əliyev son illər Azərbaycanda
bütün sahələrdə, o cümlədən tibb sahəsində mühüm uğurlar əldə edildiyini
diqqətə çatdırıb. Professor öz çıxışında xatırladıb ki, son illər Milli Onkologiya
Mərkəzi onkoloji xəstələrin müalicəsi üçün zəruri yeni texnologiyaların
istehsalçısı olan dünyanın aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir. MOM ilə
Amerikanın bədxassəli şişlərin radioterapiyası üçün müasir texnologiyaları
layihələşdirən və istehsal edən “Varian Medical Systems” şirkəti arasında 2014-
cü ilin oktyabrında imzalanmış əməkdaşlıq haqqında saziş buna sübutdur.
Bununla da, Milli Onkologiya Mərkəzi rəsmi referens-mərkəz statusunu alıb.
Sənəd tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsinə, müasir
texnologiyaların Azərbaycana daha qısa vaxt ərzində çatdırılmasına, xarici
mütəxəssislərlə geniş fikir mübadiləsi aparılmasına şərait yaradır. Bununla
yanaşı, imzalanmış saziş Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə
göstərilən yüksək səviyyəli xidmətin dünyanın aparıcı klinikaları tərəfindən
tanınmasını təsdiq edir.
Tədbirdə qeyd olundu ki, 2008-ci ildə ölkəmizdə radionuklid diaqnostika, dörd
il sonra radionuklid terapiya şöbələri, 2014-cü ildə Nüvə Təbabəti İctimai
Birliyi yaradılıb. 2015-ci ildə nüvə təbabəti ixtisası təsdiq edilib və 2016-cı ildə
Nüvə Təbabəti Mərkəzi fəaliyyətə başlayıb. Nəinki Azərbaycanda, hətta
regionda ilk və yeganə tibb müəssisəsi olan Nüvə Təbabəti Mərkəzi xərçəng
xəstəliklərinin erkən aşkar edilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Mərkəzdə pozitron emissiya tomoqrafiya/kompüter tomoqrafiya (PET/KT)
cihazı quraşdırılıb. Bu, orqanizmdə hüceyrə mübadiləsini molekulyar səviyyədə
göstərməyə imkan verən müasir tibbi diaqnostik görüntüləmə üsuludur. Nüvə
Təbabəti Mərkəzinin fəaliyyətinin əsas prinsipi yüksək səviyyədə xidmət
təqdim etməkdir. Mərkəzdə işləyən həkimlər, əczaçılar, fiziklər, mühəndislər,
kimyaçılar, hətta kiçik və orta heyət xaricdə təhsil alıb və zəngin praktiki
biliklərə malikdirlər. Onların sırasında müvafiq sahədə böyük təcrübəsi olan
xarici mütəxəssislər də var.

Diqqətə çatdırılıb ki, 2016-cı ildən Avropa Nüvə Təbabəti Assosiasiyası
tərəfindən akkreditasiya olunaraq dünyanın 29 ölkəsinin ən mükəmməl
mərkəzləri sırasına daxil edilib. Bunun nəticəsi olaraq Milli Onkologiya
Mərkəzinə dünyanın müxtəlif ölkələrindən müraciətlərin sayı xeyli artıb.
Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Əfqanıstan, Liviya, Suriyanın, eləcə
də bir sıra Avropa və Asiya ölkələrindən olan pasiyentlər Nüvə Təbabəti
Mərkəzində uğurla müayinədən keçiblər. 2017-ci ildən etibarən mərkəzdə
hədəfə yönəlmiş radionuklid müalicələrə başlanılıb. Bir çox qonşu ölkədən
xəstələr bu xüsusi təyinatlı Litesium-177 və Actinium-225 müalicəsini almaq
üçün ölkəmizə müraciət ediblər.
Simpoziumun sessiyalarında Beynəlxalq Atom Enerjisi Agentliyinin baş
inspektoru, professor Françesko Giammarile, MOM-un nüvə təbabəti şöbəsinin
müdiri Fuad Novruzov, Bern Universitetinin nüvə təbabəti bölməsinin rəhbəri
professor Aksel Rominger, Ankara Universitetinin nüvə təbabəti bölməsinin
professoru Özləm Küçük və başqaları müxtəlif mövzularda məruzələrlə çıxış
etmişlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=126662

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2019
BE ÇA Ç CA C Ş B
« Yan    
 123
45678910
11121314151617
18192021222324
25262728