Ramiz Mehdiyev kimləri vurdu?

15.12.2014 - 10:26
PA rəhbərinin Dövlət Idarəçilik Akademiyasındakı hədəfləri

Prezident yanında Dövlət Idarəçilik Akademiyasının 15 illik yubileyi
münasibətilə keçirilən Elmi Şurasının iclasında Prezident
Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev çıxışı zamanı ad
çəkmədən rəqiblərini hədəf seçib. Əvvəlcə qeyd edək, bu çıxışda nə insan
haqlarının pozulmasına, nə korrupsiya və rüşvətin çiçəklənməsinə diqqət
yetirilib.

Ramiz Mehdiyev ümumi kursa uyğun olaraq analoqu olmayan inkişafdan
geniş danışıb. PA rəhbərinin tənqidi fikirləri isə konyunktur xarakter
daşıyıb və məqsəd rəqiblərini hədəfə gətirmək olub. Ramiz Mehdiyev
əvvəlcə təhsilin səviyyəsinə diqqət çəkib. “Son illər ərzində Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən orta məktəblərdə keçirilən
buraxılış imtahanları göstərir ki, ölkəmizdə elə gənclər var ki, imtahan
verə bilmir. Yüzlərlə hallarda imtahanın nəticəsinə dair xüsusi
protokol tutulur. Protokolda göstərilir ki, məsələn, Məmmədov Məmməd
“hərfləri və rəqəmləri tanımır”. Beləliklə, 70 il bundan qabaq qalib
gəldiyimiz savadsızlıq elə bil təzədən həyatımıza qayıdır. Mən bunu şərh
etmək istəmirəm”,- deyə Ramiz Mehdiyev bildirib. Təhsil PA rəhbərinin
yaralı yeridir. Ona görə yox ki, bu sahə bərbad vəziyyətdədir. Ona görə
ki, təhsil Ramiz Mehdiyevin tam nəzarətində deyil. Bu sahəyə Paşayevlər
nəzarət edir. Ramiz Mehdiyevin isə bu qruplaşma ilə münasibətlərinin
gərgin olması sirr deyil. Təsadüfi deyil ki, təhsil naziri Mikayıl
Cabbarov rayon və şəhər təhsil şöbələrinin bazasında regional təhsil
idarələrinin yaratmaqla icra hakimiyyətlərin, faktiki olaraq Ramiz
Mehdiyevin bu sahəyə müdaxilə imkanlarının qarşısını almaq istəyirdi.
Bununla bağlı ölkə başçısı sərəncam imzalasa da, təhsil naziri istəyinə
nail ola bilmədi. Regional təhsil idarələrinin yaradılması müəmmalı
şəkildə təxirə salındı.

Ramiz Mehdiyev daha sonra erkən nikahlardan və hicablı qadınların
sayının artmasından narahatlığını dilə gətirib:  “Hicabla təhsil
müəssisələrinə, o cümlədən ali məktəblərə getmək istəyənlərin sayı da
gündən-günə artır. Mən əmin deyiləm ki, bu, gənc xanımların özlərinin
daxili mənəvi tələbatıdır. Təhlil göstərir ki, bu, əksərən ailədaxili
mühitin tələbidir və gənc qızlar da buna tabe olurlar.

Bir çox regionlarda, xüsusilə də cənub bölgəsində azyaşlı qızların
təhsildən yayınaraq qeyri-rəsmi ailə qurması artıq adi hala çevrilir”.

Ramiz Mehdiyev bu məsələyə diqqət çəkməklə əslində Qafqaz
Müsəlmanları Idarəsinin rəhbəri, şeyxülislam Allahşükür Paşazadəni
“vurub”. Yoxsa Ramiz Mehdiyev gözəl bilir ki, bu problemin kökündə məhz
təmsil etdiyi hakimiyyətin yürütdüyü siyasət dayanır. Ökəyə missioner
təşkilatların axınına şərait yaratmaq, demokratik təsisatları məhv
etməklə insanların dinə, fanatizmə, mövhumata meyllənməsini
şərtləndirmək məhz bu hakimiyyətin apardığı siyasətin nəticəsində baş
verib. Bunun qarşısını almaq üçün bütövlükdə idarəetmə metodu
dəyişməlidir. Bu isə Ramiz Mehdiyevin marağına uyğun deyil. PA rəhbəri
sadəcə soyuq münasibətdə olduğu Şeyxi vurmaq üçün bu məsələyə diqqət
çəkib. Hər halda QMI qeyri-rəsmi də olsa ölkədəki dini sahəyə nəzarət
edən qurumlardan biridir.

Azər Kazımov

Short URL: http://www.cumhuriyyet.net/?p=13052

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728