Ramiz Mehdiyev Şeyxi “ofsayd”a saldı
Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri
Kamal Abdullayevin iştirakı ilə ölkədəki mövcud dini duruma həsr
olunmuş müşavirə keçirilib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, DQIDK sədri Mübariz Qurbanlı
gündəlikdəki məsələlər barədə ətraflı məlumat verərək bildirib ki,
Dövlət Komitəsi qarşıdan gələn Aşura mərasimləri ilə bağlı müəyyən
tədbirlər hazırlayıb və artıq həmin tədbirlərin icrasına başlanılıb.
Dövlət müşaviri Kamal Abdullayev isə bölgələrə səfərləri zamanı
dindarlar və ziyalılarla görüşlərdə qaldırılmış məsələlər və verilmiş
tapşırıqların icra vəziyyəti ilə maraqlanıb.
Müşavirədə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri,
dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri,
milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı
fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Aşura günü təziyə
mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı
şəhid olan soydaşlarımız və qazilərimiz də anılmalıdır.
Maraqlıdır ki, tədbirdə Qafqaz Müsəlmanları Idarəsinin (QMI)
təmsilçiləri gözə dəyməyib. “Azadlıq”a daxil olan məlumata görə, QMI-dən
tədbirə dəvət edilən olmayıb. Bu da bir sıra mülazihəzələrə səbəb olub.
Bəzi ehtimallara görə, bu Prezident Administrasiyasının rəhbəri Ramiz
Mehdiyevlə QMI sədri Allahşükür Paşazadə arasındakı ziddiyyətlərin
təzaühürüdür. Bir neçə gün əvvəl Ramiz Mehdiyev Prezident yanında Dövlət
Idarəçilik Akademiyasının Elmi Şurasının iclasında çıxış edərkən QMI
sədrinin də bostanına daş atmışdı. Bundan başqa “Azərbaycan” qəzetində
Ramiz Mehdiyevin dəsti-xətti seçilən “Mentalitet manifesti” məqaləsində
də Allahşükür Paşazadənin fəaliyyətinə eyhamlar var. “Akademik Ramiz
Mehdiyev 7 il öncə din xadimlərinə ictimai nüfuzlarını yüksəltməyi,
cəmiyyətdə özlərinə etimad yaratmalarını, dini etiqadı cahillikdən uzaq,
tam kamil səviyyədə həyata keçirməyi tövsiyyə edir, onları kənar
təsirlərdən qorumağa çağırırdı. Dini maariflənmə məsələsinin
aktuallığını xüsusi qabardır, bu sahəyə diqqət ayırmağı vacib sayırdı.
Amma çoxsaylı təəssüflərin biri də məhz hələ də həllini tapmayan bu
məsələlərə düşür…”
Məqalədə Mübariz Qurbanlı və Kamal Abdullayevin fəaliyyəti müsbət
xarakterizə olunub və onların təyinatı da dolayısı ilə Ramiz Mehdiyevin
adına bağlanıb.
Görünür, Ilham Əliyevin Rusiya ilə münasibətləri qaydasına
salmasından sonra mövqeləri güclənən Ramiz Mehdiyev dini sahəni də tam
nəzarətə götürmək, QMI-ni sıradan bir QHT səviyyəsinə endirmək istəyir.
Short URL: http://www.cumhuriyyet.net/?p=13132