Seçki adı altında seçki tamaşasında rol alanlar
Açıq şəkildə deyirəm ki, bu ölkədə uzun illərdi dəyişikliyin qarşısını alan təkcə rejim olmayıb, həm də bu və ya digər formada hökumətə nəfəslik verənlər olub. Yəni, zaman-zaman “qəhrəman” lar peyda olub, xalqa xialskar kimi təqdim edilib və sonda məlum olub ki, bu adamlar “ağ at”ı yox imiş. Beləliklə, hər dəfə fürsətçillər, yalançı qəhrəmanlar cəmiyyətə inamsızlıq toxumu səpib.
İndi vəziyyət daha da şəffaflaşıb, rejimin mahiyyəti daha da aydın görünür. Yəni, dünyada baş verənlər, ölkədə cərəyan edənlər birmənalı şəkildə dəyişikliyin düsturunu, reseptini ortaya qoyub. Bütün avtoritar rejimlər meydanların vahiməsinə düşür və geri çəkilir. Vəziyyət də təsdiqlədi ki, Azərbaycan üçün da bu xilas yolu meydanlardı. Və belə bir həssas məqamda yenə də qara atına ağ boya vurmuş adamlar, “seçki-seçki” deyərək, aləmə car çəkirlər. Axı, heç nə dəyişməyib, seçki islahatları yoxdur, repressiya davam edir. Belə bir halda bu seçki optimizmi hardan qaynaqlanır? Hökumətin iqtisadi islahatlar həyata keçirməyə iradəsi yoxdursa, siyasi islahatlara necə ümid edək?
O zaman bir məntiqli cavab qalır. Bu seçki aşiqi olanlar, seçilməyə yox, təyin olunmağa ümidlidilər. Yəni, millət davasını, mandat davasına dəyişirlər.
Bəlkə də “seçki-seçki” deməklə ağız şirin ola bilər. Amma millətin acı taleyi fonunda, ağızı şirin etmək həvəsinə düşmək olmaz.
Bundan əvvəl də xeyli “müxalifətçi” seçkiyə qatılıb, rejimi içəridən dağıdacağını vəd edirdi. Amma rejim bu adamları içəridən elə dağıtdı ki, çölə çıxa bilmirlər.
Əlbəttə, siyasi partiyanın əsas hədəfi seçkilərdə iştirak etmək olmalıdır. Amma seçki adı altında seçki tamaşasında rol alanlar, siyasi intihara əl atmış olacaqlar. Biz isə belə olan halda kiminsə boğazından kəndir çıxarmayacağıq. Özü yıxılan ağlamaz. Bu mandat kəndiri çoxlarının boğazında ömürlük iz qoyub.
Demək istəyirəm ki, reqressiv vəziyyəti sizin mandatınızla proqressiv fazaya keçirmək mümkün deyil. İndiki şəraitdə istarla “seçkiyə gedirəm” demək, sadəcə özünü mandatla qoruma altına almaqdı.
Biz isə mandatla millət arasında seçim etmirik. Çünki bizim yalnız bir seçimimiz var və biz xalqdan mandat almaq istəyirik.
Mandatdan yapışıb, meydanlara dil uzatmaq isə növbəti riyakarlıqdır. Bir də ki, bu gün depressiv vəziyyətdə olanlar mübarizədən qaçanlardı. Bütün məhrumiyyətlərə baxmayaraq meydanlara can atanlar, depressiyanı yaxına buraxmayan adamlardı.
Siz mandatı seçin, biz milləti seçirik. Millət hakim olanda, mandat da halal olacaq. Millətin “halallıq sertifikatı” yoxdursa, biz mandatı nuş edə bilmərik.
Elxan Məmmədli
Short URL: http://www.cumhuriyyet.net/?p=134966