Hakimiyyətin mənimsənilməsi və demokratik seçki tələbi
19 yanvar mitinqinin effekti onun iştirakçılarının sayından daha böyükdür. Bu son beş ildə Milli Şuranın keçirdiyi 20-ci mitinq idi və daha möhtəşəm, çoxminli idi. Mitinq o demək deyil ki, hamı meydanda olmalıdır. Xalqın siyasi cəhətdən fəal hissəsinin ortada olması xalqın əzminin və iradəsinin ortada olması deməkdir. Ona görə də 19 yanvar mitinqinin effekti böyük oldu. Çünki hakimiyyət başa düşdü ki, ölkəni hansı fəlakətə, hansı böhrana, hansı vəziyyətə gətirib çıxarıb.
Azərbaycan hakimiyyətində belə təsəvvürlər vardı ki, vətəndaş cəmiyyətini şumlayıb, cəmiyyəti diz çökdürüb, xalqı əzib və onun yarıtmaz antimilli, kriminal siyasətinə xalqın “yox” demək imkanı artıq aradan qaldırılıb. Mitinq hakimiyyət üçün şok effekti verdi, xalqın gücünü göstərdi.
Üç ay küçələrdə fırlanan şəhid ailələrinə münasibətdə nələr baş verdi? Minimum əmək haqqının artırılması ilə bağlı nələr baş verdi? İndi ölkə prezidenti hətta Şamaxıda dağılan bir neçə evdə vətəndaşları ziyarət edir. Onları yoxlamağı özünə borc bilir. 19 yanvar mitinqi hakimiyyətə öz yerini göstərdi. Onun ən böyük əhəmiyyəti bundadır.
İlham Əliyevin 15 illik hakimiyyətinin nəticələri indi ortadadır. Hakimiyyətin ifşası indiki kimi açıq şəkildə ortada olmamışdı. Bu, ilk növbədə beynəlxalq jurnalist şəbəkəsinin araşdırma mövzusuna çevrilən miqyaslı korrupsiya faktlarına aiddir. Hər bir hakimiyyətin faciəsi onun ironiyaya çevrildiyi gündən başlayır. Azərbaycan hakimiyyəti üçün bu, Konstitusiyanın dəyişdirilməsindən və birinci vitse-prezidentin təyinatından başladı. Bugünkü siyasi fəallıq bütün bunların nəticəsidir.
Çox güman ki, DQMŞ mitnqləri davam etdirəcək və hakimiyyət onlara icazə verməyə məcbur olacaq. Əgər hakimiyyət razılaşmasa, deməli “Sərbəst toplaşma haqqında” qanunu, Konstitusiyanı, beynəlxalq öhdəlikləri pozmuş olacaq.
Seçki qanunvericiliyi və praktika Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tövsiyələrinə uyğun olaraq dəyişdirilməlidir. Faktiki olaraq Azərbaycanda seçki institutu işləmir. Hakimiyyət mənimsənilir. Ölkənin bu günə düşməsinin ən böyük səbəbi hakimiyyətin mənimsənilməsidir.
Elxan Məmmədli
Short URL: http://www.cumhuriyyet.net/?p=135382