Emin Axundzadə: “Karbamid zavodunun fəaliyyəti Azərbaycan iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır”

16.01.2020 - 18:20

Ötən ilin yanvarın 16-da SOCAR-ın Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş Karbamid zavodu istifadəyə verilib. Zavod il ərzində 435 mln. kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70%-i ixrac üçün nəzərdə tutulur. Zavodun məhsulu ixrac olunmaqla yanaşı, daxili bazara da yönəldilir. Karbamid Zavodunun təməli 2011-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Zavodun tikintisi Cənubi Koreyanın “Samsung Engineering Co., Ltd.” şirkəti tərəfindən həyata keçirilib. Karbamid zavodu hazırda ölkənin qeyri-neft sektorunda reallaşdırılan ən iri layihədir, onun ümumi dəyəri təqribən 800 milyon avro təşkil edir.
Bəs Karbamid zavodunun Azərbaycan üçün hansı üstünlükləri var?
Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə bildirib ki, bu gün Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün bir sıra prioritet hədəflər mövcuddur. “Bunlar qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, idxaldan asılılığın azaldılması, ölkəyə xarici valyuta axınının təmin edilməsi və yeni iş yeri imkanlarının yaradılmasıdır. “SOCAR Karbamid” zavoduna nəzər saldıqda, Azərbaycanın bu strateji hədəflərinin hər birinə cavab verən bir layihə olduğunu görə bilərik”, – E. Axundzadə deyib.
O qeyd edib ki, Azərbaycanda atılan əsaslı addımlar nəticəsində son illərdə qeyri-neft sektorunda yüksələn xətt üzrə artım qeydə alınır. “Təkcə ötən il qeyri-neft ixracımız 14% artıb. Bildiyiniz kimi, ölkəmizdə qeyri-neft sektorunun inkişafında “lokomotiv” olan sektor kənd təsərrüfatı sənayesidir. Kənd təsərrüfatı sənayesinin inkişafında və əlavə dəyər yaradılmasında isə əsas faktor xarici komponentlərdən asılılığın aradan qaldırılmasıdır. Məlumdur ki, bu sektorda əsas xam mal mineral gübrələrdən meydana gəlir. Ancaq Azərbaycan 2018-ci ilə qədər tamamən gübrə idxalından asılı vəziyyətdə idi və illik təqribən 90 mln. ABŞ dolları gübrə idxalına ayrılırdı. Belə bir vəziyyətdə, Azərbaycanın daxilində gübrə istehsal edən zavodun tikilməsi labüd idi”, – deyə energetika üzrə ekspert vurğulayıb.
Onun sözlərinə görə, bu çərçivədə “SOCAR Karbamid” zavodunun fəaliyyəti Azərbaycan iqtisadiyyatı baxımından strateji əhəmiyyət daşıyır: “Bildiyiniz kimi, mineral gübrələr içərisində azot gübrələri ən keyfiyyətli gübrə sayılır. Azot gübrələri içərisində isə karbamid azotun tərkibinə görə ən dəyərlisidir. Çünki karbamidin tərkibində 46,3% azot mövcuddur . Tədqiqatlar göstərir ki, torpağa verilən hər ton azot əlavə olaraq 10-15 ton buğda, 30-40 ton şəkər çuğunduru almağa, eyni zamanda torpağın məhsuldarlığını dəfələrlə artırmağa səbəb olur. Bu səbəbdən, dünyada istifadə olunan azot gübrələrinin 75%-i məhz karbamidin payına düşür. Beynəlxalq Gübrə Assosiasiyasına görə, 2023-cü ilə qədər qlobal karbamid tələbatı 1,2% artaraq 183 milyon tona çatacaq”.
E. Axundzadə xatırladıb ki, “SOCAR Karbamid” zavodunda istehsal olunan karbamidin 30%-i daxili bazar, 70%-i isə ixrac üçün nəzərdə tutulur. O qeyd edib ki, idxal üçün ayrılan illik 90 mln. dollar məbləğində vəsait ölkədə ərazisində qalacaq və əlavə olaraq illik təqribən 160 milyon dollar ixrac gəliri gözlənilir.
“Beləliklə, idxal əvəzləməsi və ixrac nəzərə alındıqda karbamid zavodunun Azərbaycanın xarici ticarət saldosuna illik 250 milyon dollar müsbət təsir göstərəcəyi proqnozlaşdırılır. Xarici ticarət saldosunun artması Azərbaycanın milli valyutası olan manatın da dəyərinin güclənməsinə səbəb olacaq”, – deyə E. Axundzadə bildirib.
Karbamid zavodunun yerli fermerlər üçün üstünlüklərinə gəldikdə isə E. Axundzadə qeyd edib ki, nəqliyyat xərclərinin və nəqliyyat risklərinin aradan qaldırılması, habelə yerli fermerlərin daha keyfiyyətli məhsul ilə təchiz olunması qeyd edilə bilər: “Bildiyiniz kimi, bundan əvvəl gübrə müxtəlif ölkələrdən Azərbaycana idxal olunurdu. Bu da əlavə maliyyət demək idi. Nəzərə alsaq ki, ölkəmizin birbaşa dənizlərə çıxışı yoxdur, dəniz yolu ilə idxal olunan məhsullar birbaşa Azərbaycana gətirilə bilmir və 3-cü tərəflərin limanlarından istifadə edilir. Bu həm əlavə xərc yaradır, həm də nəqliyyatın müddətini və riskini artırır. Risk ona görə artır ki, nəqliyyat əsnasında hər hansı gecikmə olduqda, bu, məhsulunun yetişmə müddətini uzadır, nəticədə məhsulun maya dəyərinə mənfi təsir göstərir. Bəzi hallarda sahibkarlar gecikmələrdən sığortalanmaq üçün ehtiyacdan daha çox gübrə alıb anbarlarda saxlamalı olurlar. Belə halda saxlama maliyyəti də maya dəyərinin üstünə əlavə olunur. Ancaq hazırda yerli fermerlər üçün nəqliyyat və saxlama xərci, gecikmə riski yoxdur, ən əsası isə daha keyfiyyətli gübrə ilə təmin olunurlar. Məhz atılan bu və digər addımlar nəticəsində 2019-cu ildə kənd təsərrüfatı sektorunda 7% artım qeydə alınıb”.
Ekspert, həmçinin qeyd edib ki, zavod Azərbaycanda məşğulluq səviyyəsinin artırılması baxımından da önəmli funksiyanı yerinə yetirir. “Təkcə karbamid zavodunda hazırda 500 nəfər işlə təmin olunub. Əlavə olaraq, zavod kənd təsərrüfatı sektorunun canlanmasına, istehsal həcmlərinin artmasına şərait yaratdığı üçün bu sektorda yeni iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin artmasına da dəyərli töhfə verir.
Artıq 2019-cu ildə zavodda 171 min ton karbamid istehsal olunub, bunun da, 107 min tonu Braziliya, Bolqarıstan, Türkiyə, Rumıniya, Rusiya, Ukrayna və Moldova kimi xarici ölkə bazarlarına ixrac olunub. Bu da öz növbəsində sözügedən ölkələrlə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da güclənməsinə, yeni əməkdaşlıq imkanlarının ortaya çıxmasına imkan yaradır. Bu il isə zavodun tam gücü ilə fəaliyyət göstərəcəyi planlaşdırılır. Yəni, karbamid zavodunun Azərbaycana qazandıracağı dividendlər bu il dəfələrlə artacaq”, – deyə E. Axundzadə əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=140973

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031