Neft Şirkətinin Təhlükəsizlik İdarəsi məhkəməyə verildi

05.12.2014 - 11:57

ARDNŞ Təhlükəsizlik İdarəsi  rəhbərliyi ilə Nəqliyyat sexinin 12-ci
dərəcəli mühəndisi Qabil Hacıyev arasında sürən 6 aylıq müharibə
işçinin ixtisar olunduğu səbəbindən işdən çıxmaq barədə ərizə yazmaq
xahişi ilə nəticələnib. Qeyd edək ki, Q.Hacıyev hələ iyin ayında “Bizim
Yol”a müraciət edib, işlədiyi Təhlükəsizlik İdarəsinin nəqliyyat xüsusi
texnika sexində “struktur dəyişikliyi” adı altında ixtisar olunduğunu
bildirib. Struktur dəyişikliyinin səmərəli idarəetmə zərurətindən
yarandığını desələr də, proseslər ona görə subyektiv aparılıb.
Bildirdiyinə görə şirkət rəhbərliyi “idarəetmənin təkmilləşdirilməsi”
adı altında xüsusi mülkiyyət olan “Etallon” MMC-nin bazasını
genişləndirir. İdarənin nəzdində olan mühafizə komandalarının yarıdan
çoxu MMC-nin tabeliyinə verilib. 
Mühəndisin
sözlərinə görə, sex rəisi Ehtiram İmanovla aralarında konflikt ordan
başlayb ki, o, avtomobillərə vaxtaşırı qulluq tələb edib, onun bu tələbi
rəisin xoşuna gəlməyib. Bundan sonra onu işdən uzaqlaşdıracağı ilə
hədələyib.  Dediyinə görə iş prosesində avtomobillərə texniki qulluq
qrafikə uyğun həyata keçirilmir. Bundan başqa mühəndis rəisi avtomobil
ehtiyat hissələrini qanunsuz olaraq bazara çıxarıb satdırmaqda, istifadə
olunmayan hissələrin isə istifadə olunduğu barədə raport yazmaqda
ittiham edirdi. Q.Hacıyevin fikrincə, onu başqasının yerinə ixtisara
salırlar. Çünki ARDNŞ-dən göndərilən əmrdə “12-ci dərəcəli mühəndis
ştatı ləğv edilsin” yazılmayıb. 
Lakin Hacıyevin barəsində
şikayət etdiyi sex rəisi E.İmanov qəzetimizə müsahibəsində sözdə bütün
ittihamları inkar etsə də, deyilənlərin bir çoxunu təkzib edə
bilməmişdi. O, ARDNŞ-dən gələn əmri də bizə göstərmədi. Lakin nəqliyyat
sexi özü də tamamilə Dövlət Neft Şirkətinin yeni yaranmış idarəsinə
verildi, cənab İmanov özü isə Təhlükəsizlik İdarəsində iş aldı.   
Axır ki, “öz xahişi ilə” ixtisar edildi
Redaksiyamıza
yenidən müraciət edən Q.Hacıyev bildirir ki, yazdığı şikayət ərizələri
ilə əlaqədar çap olunmuş məqalələrdən sonra ARDNŞ Təhlükəsizlik İdarəsi rəhbərliyi ona qarşı qərəzli mövqe tutub, komissiya təşkil edib,
müalicə olunduğu müəssisədə yoxlama aparıblar: “Mən ürəyimdə
stenokardiya diaqnozu ilə həm ambulator, həm də stasionar müalicə
almışam. Əvvəlcə Kardiologiya İnstitutunda 2 həftəyə qədər yatdım, sonra
5 saylı poliklinikada müalicəmi davam etdirdim. İdarədən, həmkarlardan
bir neçə nəfər poliklinikaya gəliblər ki, bu qədər vaxtda müalicə
olunmağımın səbəbi ilə maraqlansınlar. Həkim də deyib ki, “səhhəti
yaxşılaşmayandan sonra hətta 10 ay da müalicə oluna bilər”. Onlar
yoxlamaya gələndən 2 ay sonra müalicəm bitib. Sonradan xəstəlik
vərəqəsinin qəbul edilməsinə əngəllər yaratdılar, bütün bunlar məni
stressə saldı, müalicəmin effekti heç oldu. 2014-cü il oktyabr ayının
10-da həkim komissiyasının müayinəsindən keçdim, mənə 2-ci qrup əlillik
(öz peşəsində işləyə bilər qeydi ilə) təyin etdilər. Bundan 3 gün sonra
xəstəlik vərəqəm bağlanaraq ARDNŞ-nin Təhlükəsizlik İdarəsinə işə
çıxdım. İdarənin kadrlar üzrə şöbə müdiri Sübhan İsmayılovla görüşdüm.
“İşlədiyin ştat ixtisar olunub, səni işə buraxa bilmərəm”, dedi. Mən isə
ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi sədrinə yazdığım şıkayət ərizələrini xatırlatdım. Onlara
yazdıqları cavabda bunun əksini göstərmiş, mənim işdən çıxarılmadığımı
söyləmişdilər. Mən müvəqqəti olaraq əmək qabiliyyətini itirdiyimi,
onların isə Əmək Məcəlləsinin tələblərini pozduqlarını dedim. Cavabında
şirkətin oz qayda-qanunları olduğunu bildirdi. Görüş zamanı mənə qarşı
xüsusi qərəz nümayiş etdirilir, nə olursa-olsun işdən azad olunmağıma
çalışılırdı. Mənə verilən əlillik qrupu sənədini ona təqdim etdim.
Əvvəla, Nazirlər Sovetinin  10 may 1994-cü il 185 nömrəli qərarı birbaşa
mənim işdə qalmağımı və işlə təmin olunmağımı müdafiə edir. İkincisi də
ARDNŞ-nin ixtisarla bağlı əmrində mənim icra etdiyim ştatın adı belə
yoxdur. Onu qanunlara hörmət etməyə çağırdım. Onda o, Təhlükəsizlik
İdarəsinin rəisi ilə telefon əlaqəsi yaratdı və söhbət etdilər. Bundan
sonra üzünü mənə tutub bir gün sonra gəlməyi məsləhət gördü. Səhərisi
günü kadrlar şöbəsinin rəisi məni şirkətin qəbul etdiyi proqrama qoşa
biləcəklərini bildirdi, “bunun ücün isə reqlament qaydası odur ki, sən
ərizə yazıb işdən azad olmalısan və oradaca həmin proqrama qoşulmaq
haqqında ərizə yazmalısan”, dedi. Qəzetinizdə yazılan araşdırmalarda
əmək qanunvericiliyinə istinadən göstərirdiniz ki, ixtisar zamanı ərizə
yazmağa ehtiyac yoxdur. Bu səbəbdən də təklifdən imtina etdim. O isə
çıxış yolumun sadəcə ərizə yazmaq olduğunu dedi. Otaqda olan idarənin
digər əməkdaşları da məni dilə tutdular və nəhayət psixoloji təzyiqə tab
gətirmədim, razılaşdım. Məni aldatmayacaqlarına söz verdilər”. 
10-cu dərəcəli mühəndis kimi qəbul olundu, işdən mühəndis kimi çıxarıldı
Dediyinə
görə onlara güvənməsə də, fikirləşib ki, bir kollektivdə işləyib,
kompromisə getmək lazımdır: “Nəhayət, Təhlükəsizlik İdarəsi tərəfindən
mənim ərizəmə əsasən, oktyabrın 16-da 14-2000-000802 qeydiyyat nömrəli
məktub hazırlanaraq Neft Şirkətinə göndərildi. Mənə isə 2 həftə sonra
cavab veriləcəyi bildirildi. Lakin 2 həftə sonra heç nə baş vermədi.
Şifahi müraciətlərim isə nəticəsiz qaldı. Proseslərin gedişindən anladım
ki, bu, mənim ərizə yazıb öz xahişimlə işdən getməyim üçün qurulmuş bir
oyun imiş. Çünki bu proqrama qoşulmaq üçün “tapşırovka” lazımdır. Necə
ki, ixtisar “əməliyyatı” tapşırıq əsasında, “kim kimin adamıdır”
prinsipi ilə aparıldı. Necə olur ki, o boyda şirkətdə rəhbər şəxslərə iş
tapılır, sıravi işçiyə yox? Həqiqətən də ixtisar qanuni yolla
aparılırdısa, mənim ərizə yazmağım zərurəti hansı tələbdən irəli
gəlirdi? Bir də maraqlı olan budur ki, niyə mənim işə götürülməyim
haqqında əmrdə 10-cu dərəcəli mühəndis kimi qəbul olunmuşam, işdən
mühəndis kimi azad edilirəm? İxtisarla bağlı altı aydan yuxarı müqavimət
göstərdim. Amma kadrlar şöbəsinin rəisi Həmkarlar Təşkilatının rəyinin
alınmasına da etinasızlıq göstərdi. Mənə qarşı atılan hər bir addımda
hüquqlarım pozuldu, qanunvericiliyə məhəl qoyulmadı. Ökənin bütün
aidiyyatı qurumlarına göndərdiyim şikayət ərizələri yenidən bumeranq
kimi şikayətçi olduğum idarəyə qayıtdı. Onlar isə həqiqi cavablardan
qaçdılar, yalan məlumatlar yazdılar. İdarədə baş verən qanunsuzluqlarla
bağlı Baş Prokurorluğa göndərdiyim məktub şirkətə qayıtmışdı. Ərizəmdə
idarənin illik fəaliyyətinin yoxlanılması və onun bazasında yaradılmış
“Etallon” MMC-nin hansı əsaslarla qurulmasına aydınlıq gətirilməsini
xahiş etmişdim. ARDNŞ-dən isə məktubu daxili araşdırmaya vermişdilər.
Sonradan mənə cavab gəldi ki, “ərizədə yazdıqlarınız yoxlanıldı,
müəssisədə gedən əməliyyatlar baş idarə tərəfindən qərara alınmış,
“Satınalmalar haqqında” Qanunla tənzimlənən bir proses olub”. Bir sözlə,
xüsusi bir araşdırma aparılmadı və təbii olaraq da hər hansı tədbir
görülmədi. Əlac qalıb bir məhkəmə icraatına. Noyabrın 13-də iddia
ərizəsi ilə Xətai rayon Məhkəməsində işə bərpa olunmağım və qanunsuz
işdən çıxarıldığım gündən indiyə qədər verilməli olan əməkhaqqımın
alınmasına dair iddia qaldırmışam, ümid edirəm ki məhkəmə
qanunvericiliyimizdən cıxış edərək bütün bu qanunsuzluqlara son
qoyacaq”.
Məhkəməni belə “təxirə saldı”
ARDNŞ-in
mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Şirkətin Təhlükəsizlik
İdarəsinin Nəqliyyat xüsusi texnika sexinin mühəndisi barədə
redaksiyamızın sorğusuna cavab olaraq bildirmişdi ki, Qabil Hacıyevə
tutduğu vəzifəyə uyğun iş təklif edilsə də, o, bundan imtina edib. Lakin
müsahibimiz deyir ki, ona heç vaxt şirkətdə konkret iş təklif
olunmayıb, sadəcə proqrama qoşacaqları barədə əvvəlcə söz versələr də,
sonradan özləri fikirlərindən daşınıblar: “İndiki kimi o vaxt da məni
tələsdirirdilər ki, “tez elə, ərizə yaz işdən çıx”. İdarənin rəisi
şirkətin başqa bir idarəsinə zəng edib guya qohumu olduğumu söyləmişdi.
Lakin orada mənə bildirdilər ki, sadəcə İnsan Resursları Departamentinin
göndərişi ilə işə götürürlər, tapşırıqla yox. O vaxt da çalışdıqları
məni işdən çıxartmaq idi, əslində işlə təmin etmək istəmədikləri üçün
ora-bura göndərirdilər”.
Q.Hacıyev deyir ki,
məhkəməyə müraciətindən sonra idarədə əl-ayağa düşüblər, onun tezliklə
işlə təmin olunacağını bildirib, iddiasını geri götürmək barədə xahiş
ediblər. Q.Hacıyev bu dəfə də keçmiş iş yoldaşlarına inanmaq istəyib,
dünən təyin olunan məhkəmənin hazırlıq iclasına getməyib. Dediyinə görə,
bu işdən tam olaraq əl çəkməyib, sadəcə gözləmə mövqeyindədir, söz
verdikləri kimi onu proqrama qoşmasalar, onsuz da məhkəmə işi yerində
qalır. Dedikləri doğru çıxmazsa, təyin olunan növbəti məhkəmədə  iştirak
edəcək: “Neçə gün idi şirkətin prezidenti Rövnəq Abdullayevin ölkədə
olmadığını deyirdilər. Amma sonradan bildirdilər ki, gəlib, məktubu
imzalamağı gözlənilir”.  
 
Dünən Q.Hacıyev bildirdi ki, kadrlar
şöbəsinin rəisi S.İsmayılov proqrama qoşulmaq barədə müraciətləri ARDNŞ
prezidentinin imzaladığını, Q.Hacıyevin adının da həmin siyahıda
olduğunu söyləyib. Müsahibimizin sözlərinə görə, məktub İnsan Resursları
Departamentinə göndəriləndən sonra, o, vakansiya açılana qədər, işdən
çıxmaq barədə ərizə yazdığı gündən etibarən respublikada orta aylıq
əməkhaqqının 50 faizi qədər pul alacaq. Vakansiya yaranan zaman da
imtahan verib, işə qəbul olma şansı qazana bilər. Amma Q.Hacıyev
söylənənlərin hələlik sadəcə sözdə olduğunu deyir, imzalanan məktubu
gözləri ilə görməyib.  
Məsələ ilə bağlı
ARDNŞ-in kadrlar şöbəsinə zəng elədim. Şöbənin rəisi bildirdi ki, onlar
sadəcə kadrların işə götürülməsi ilə məşğuldurlar, ixtisar olunanların
yerləşdirilməsi məsələsini İnsan Resursları Departamenti tənzimləyir.
Departamentdən isə telefonu götürən olmadı. (bizimyol.info)
 

Short URL: http://www.cumhuriyyet.net/?p=14183

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930