Qatil məmur balaları

05.12.2014 - 12:35

Son zamanlar
bəzi məmur balaları cəmiyyətdə özlərini apara bilmirlər. Qudurğanlıq edirlər.
Öz qeyri-insani hərəkətləri ilə insanlara ziyan verirlər. Baxmayaraq ki, ölkə
başçısı da dəfələrlə bu məsələdə yüksək vəzifəli şəxslərə xəbərdarlıq edib.
Lakin məmur balalarının özbaşınalığı hələ də davam edir. Xüsusilə də bahalı
avtomobilləri sürərək qəzalar törədirlər. Və günahsız insanların ölümünə səbəb
olurlar. Bir sözlə, bu şəxslər o qədər harınlayıblar ki, insan həyatı onlar
üçün heç nəyə çevrilib.

Dekabrın 2-də
saat 15 radələrində 1975-ci il təvəllüdlü, Şabran şəhər sakini Kamran Süleymanov
idarə etdiyi “Mercedes Benz-E320” markalı, 90-XG-046 dövlət nömrə nişanlı
avtomobillə Şabran şəhəri, M.Rəsulzadə küçəsində hərəkətdə olarkən yolu keçmək
istəyən piyada Fikrət Əfəndini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən
hadisə yerində vəfat edib. Faktla bağlı Şabran şəhərində baş verən yol
nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işi başlanıb. Bəlli olub ki, 62 yaşlı
piyadanı vuran Şabran rayon sakini Süleymanov Kamran Nadir oğlu deputat Tahir
Süleymanovun qardaşı oğludur. Deputatın qardaşı və hadisəni törədən şəxsin
atası Şabran rayonu Maliyyə Idarəsinin rəis müavinidir. Qeyd edək ki,
xəsarət alan şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas
etmək mümkün olmayıb. Bu, nə birinci, nə də sonuncu belə hadisədir. Vəzifə
sahiblərinin övladlarının son vaxtlar törədikləri avtomobil qəzaları ilə bağlı cumhuriyyet.az-ın hazırladığı statistik
araşdırmanı diqqətinizə çatdırırıq.

Sabirabad
rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov
un kiçik oğlu qəza törətməklə mətbuat səhifələrinə
düşüb. Hadisə
Pambıq Zavodunun qarşısında baş verib. Atasının xidməti 54 AA 001 nömrə nişanlı
“Prado” avtomobilini idarə edən oğul İsmayılov birdən-birə iki “VAZ 06” markalı
“jiquli”ni əzib. Maşınlardan biri yararsız hala düşüb. Zədələnən “Jiquli”lərdə
həmin vaxt adam olmayib. Onlar yaxınlıqdakı aptekdə imiş.

Kürdəmirdə
Heydər Əliyev prospektində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş
verib. Kürdəmir sakini 1997-ci il təvəllüdlü Sadıqzadə Rahim İbrahim oğlu
“Hyundai Santafe” markalı avtomobillə Bakı prospektindən Heydər Əliyev prospekti
istiqamətində hərəkət edərkən yolu keçən piyada – 1948-ci il təvəllüdlü
Hümbətova Şükufə Qaraş qızını vurub. 65 yaşlı qadın aldığı xəsarətlərdən hadisə
yerində keçinib. İlkin məlumata görə, avtomobil 16 yaşlı oğlanın babasına məxsus olub.
Hadisə baş verən gün o, avtomobili ailəsindən xəbərsiz götürərək qəza törədib.
R.Sadıqzadə yolun sağ tərəfindən sol tərəfinə keçərkən idarəetməni itirib. Qəza
törətmiş şəxs Kürdəmir Rayon Polis
İdarəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru İbrahim
Sadıqzadə
nin oğludur. Baş Dövlət Yol Polis idarəsinin
İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi Hikmət Kərimovun verdiyi məlumata
görə, baş verən qəza zamanı piyadanın cəsədi bir neçə hissəyə parçalanıb. Onun dilini isə qəza yerindən xeyli
aralıda tapa biliblər.

Bərdə şəhərinin icra nümayəndəsinin
avtoxuliqan oğlu
da qəza
törədən vəzifəlilərin övladları sırasına daxil olub. Bərdə şəhərində Hüsü
Əliyev küçəsində “Mercedes” markalı avtomobillə “Qaz-24”
markalı 2 maşının toqquşması nəticəsində sürücülər xəsarət alıb. “Mercedes”in sahibi Bərdə şəhərinin icra nümayəndəsi
Əli Fərzəliyevin avtoxuliqan kimi tanınan oğludur. Amma icra nümayəndəsi qəzaya görə
digər avtomobilin sahibini günahlandırıb: “Oğlum elə bilib ki, saxlayıb
yol verəcək. O da yol verməyib, toqquşublar”. Ə.Fərzəliyev oğlunun adını
deməkdən imtina edib: “Adı nəyə lazımdır? Ümumiyyətlə, xəbər hazırlamaq
lazım deyil. Olan xəbərləri də dayandırdıq”.

Bir müddət
əvvəl Tərtər rayonunda icra başçısının
müavini Vidadi Bəylərovun oğlu
avtoxuliqanlıq edərkən, bir gəncin həyatına
son qoyub, digərinin isə ömürlük şikəst qalmasına səbəb olub. Vidadi Bəylərovun oğlu başqa bir
gənclə avtoşluq edirmiş. “Yarışa” çıxan icra başçısının müavininin
oğlu “rəqib”ini sıxışdıraraq, yoldan çıxmağa məcbur edib. Nəticədə
isə həmin gənc idarəetməni itirərək yol kənarındakı kanala düşüb. Hadisə
nəticəsində aldığı zədələrdən sonra həmin gənc dünyasını dəyişib. Qəzadan sonra isə maraqlı faktlar ortaya çıxıb. V.Bəylərovun
oğlunun törətdiyi avtoqəzanı araşdıran müstəntiq Nəsimi Hüseynov əvvəlcə
avtoqəzanın olmadığını söyləyib. Lakin sonradan bir avtoqəza olduğunu, lakin
məmur oğlunun həmin qəzanın iştirakçısı deyil, şahidi olduğunu deyib: “Bu
qəza mart ayının 17-də olub və qəza nəticəsində sürücü Ramil Azər oğlu Quliyev
dünyasını dəyişib. Maşın yoldan çıxıb və bir nəfər ölüb. Lakin Vidadi
Bəylərovun oğlu qəzaya düşən şəxsi xəstəxanaya aparıb”. Bununla belə həmin olaydan sonra
məmur oğluna bir söz deməsələr də, atasını işdən çıxardılar.

Ağdam rayonu
ərazisində vəzifəli şəxsin övladının iştirakı ilə avtoxuliqanlıq hadisəsi qeydə
alınıb. “Dövlətqaçqınkom”un Ağdam şöbəsinin müdiri Qabil
İbadovunoğlu
yol qəzası törədib. Onun idarə etdiyi
“Mersedes” markalı maşın KAMAZ-la toqquşub. Ötmə zamanı baş verən
hadisədə günahın məmur oğlunda olduğu bildirilir. Hətta bunu özünün Facebook
profilində də qeyd edən həmin gənc təsdiq edib ki, hadisə avtoxuliqanlıq etdiyi
zaman reallaşıb və günah da özündə olub. Qolundan
və bir neçə yerindən zədə alan məmur övladı bunları boynuna almasına rəğmən,
atası Qabil İbadov bütün günahı KAMAZ-ın sürücüsünün üzərinə yıxmağa çalışıb.

Bu
hamısı deyil…

Short URL: http://www.cumhuriyyet.net/?p=14186

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728