Misir Mərdanovun qardaşının adı sabiq hakimin məhkəməsində
Dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, habelə
Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi bu
gün Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilib. Prosesdə iştirak edən virtualaz.org saytının əməkdaşı xəbər verir ki, hakim Mübariz Məmmədovun sədrlik etdiyi
prosesdə bu gün iş üzrə zərərçəkənlərdən biri Əmiraslan Mustafayev ifadə
verdi. Qeyd edək ki, Ə.Mustafayev bu iş üzrə məhkəmə prosesində ilk
dəfə idi ifadə verirdi.
Ə.Mustafayevin sözlərinə görə, oğlu Qurban Mustafayev Xəzər
Universitetində təhsil alıb və o, oğlunu dövlət ali məktəblərinin birinə
köçürmək istəyib: “Oğlum Qurban Mustafayev isə Elman
Məmmədovla tanış idi. Elman Məmmədov Qurbanı dövlət ali məktəblərinin
birinə köçürə biləcəyini deyib. Bunun üçün Elmana 6 min manat verdik.
Elman Məmmədov Qurbanı hətta keçmiş təhsil naziri Misir Mərdanovun
qardaşı İlham Mərdanovla da tanış etmişdi. Rabitə Nazirliyində çalışan
İlham Mərdanov da köçürülməyə köməklik edəcəyinə söz veribmiş”. Elman Məmmədov isə zərərçəkənin bu ifadəsi ilə razılaşmadı. O, Qurban Məmmədovdan pul almadığını da dedi.
Bundan sonra sabiq hakim Həsən Əliyev ifadə verdi. Həsən Əliyev dedi ki, o, məhkəmədə zərərçəkən qismində iştirak edən Ramazan Səlimovdan pul almayıb.
Xatırladaq ki, istintaq materiallarına görə, Həsən Əliyev Ramazan
Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı
təyin etdirəcəyi barədə vəd verib. Bu işin müqabilində Ramazan
Səlimovdan 1 milyon dollar (800 min manat) istənilib. İş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi əvvəlcədən verilib.
Belə ki, Həsən Əliyev R.Səlimovdan 2011 və 2012-ci illərdə hər dəfə
300 min olmaqla iki dəfəyə ümumilikdə 600 min manat pul alıb. Bildirilib
ki, qalan 200 min manat da sərəncam imzalanandan sonra verilməlidir.
R.Səlimov xeyli müddət gözləyib və nəhayət, ötən ilin martında Nərimanov
Rayon Polis İdarəsi 16-cı polis bölməsinə şikayət edib.
Həmin şikayətdən sonra Həsən Əliyev 600 min manatın 250 min manatını ona qaytarıb. Qeyd edək ki, iş materialları arasında Həsən Əliyevə hər dəfə 300 min
manat olmaqla iki dəfə pul verildiyini sübut edən faktlar var. Bunların
birində hakim özü Ramazan Səlimovdan 300 min manat aldığını yazıb.
Digər sənəd isə notarial qaydada təsdiqlənmiş borc müqaviləsidir. Orada
Ramazan Səlimovun Həsən Əliyevə 300 min manat borc verdiyi göstərilib.
2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən
Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı
ilə bu ilin fevral ayında xitam verilib.
Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə
orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli
miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə)
maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək
haqqında iltizam qətimkan tədbiri seçilib.
İnarə Rafiqqızı
Short URL: http://www.cumhuriyyet.net/?p=14193