Ziya Məmmədovun sehrli çubuğu

05.12.2014 - 14:40

Sehrli çubuğu bir dəfə
fırladırsan 70 milyon manat bəs eləmir, olur 100 milyon manat, sonra da…

 

 

Artıq 3 ildir ki, paytaxt Bakıda nəqliyyat sisteminin
təkmiləsdirilməsi məqsədi ilə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi
fəaliyyətə başlayıb. Nəqliyyatın İntellektual İdarəetmə Sistemi
layihəsi Azərbaycan Nəqliyyat Nazirliyi ilə Cənubi Koreyanın “SKS”
şirkəti arasında bağlanmış müqavilə əsasında həyata keçirilib. Bu mərkəz yaradılanda deyilirdi ki, Bakı şəhərində nəqliyyatın
hərəkətində yaranmış və getdikcə artan problemlərin aradan qaldırılması
üçün ən müasir texnologiyalar tətbiq ediləcək, şəhər nəqliyyatının bir
mərkəzdən idarə edilməsi sistemi yaradılacaq. Layihənin əhatə dairəsinə
Bakı şəhərinin əsas yolları, çevrə və çevrədaxili paylayıcı yollar,
həmçinin paytaxtın mərkəzini ətraf hissələrlə birləsdirən istiqamətlər
daxil edildi.

Bildirilirdi ki, İntellektual İdarəetmə Sistemi marşrutlar üzrə
avtobuslar arasındakı intervalların avtomatik tənzimlənməsinə, avtomatik
rejimdə sürücülərə göstərişlərin verilməsi və ona nəzarətin həyata
keçirilməsinə, avtobusların hərəkətinin cari vəziyyəti, hərəkət sürəti,
dayanacaqlara çatma və yoladüşmə, avtobuslar və marşrutlar üzrə daşinan
sərnişinlərin sayı haqqında məlumatların toplanmasına, sıradan çıxmıs
avtobusların xətdən çıxarılmasi və ehtiyat avtobusların xəttə daxil
edilməsi proseslərinin avtomatik idarə olunmasına və ona nəzarətə, “pik”
saatlarda avtobusların sayının tənzimlənməsinə xidmət edəcək.

Ötən 3 ildə bu sadalananların heç olmazsa 20 faizinin həyata
keçdiyini, reallaşdığını görən oldumu? Görünən odur ki, bəh-bəhlə təqdim
olunan mərkəz özünü doğrultmadı. Əslində nəqliyyat nəinki intellektual
idarə olunmadı, əksinə, yeni problemlər yaranmağa başladı. Belə ki,
dayanacaqlarda quraşdırılan məlumat tablolarının demək olar heç biri
düzgün işləmədi və bu, yenə də davam edir. Tablolarda avtobuslar
arasındakı interval real göstərilmir. Heç saatlar belə düz göstərilmir.
İnsanları çaşdıran, onların əsəbləri ilə oynayan analoqsuz
“intellektual” sistemimiz təəssüf ki, bu vəziyyətdədir.  Hazırda bu
mərkəzin bəlkə də yeğanə işi, şəhərin hansısa yollarında tıxacların
olmasını göstərməkdir. Belə olan təqdirdə sual yaranır, buna görə
dövlətin milyonlarını göyə sovurmağa eytiyac var idimi? Eyni vəziyyəti,
yəni yollardakı tıxacları dövlət yol polisinin müşahidə kameraları da
aydın şəkildə göstərmirdimi?

Yeri gəlmişkən, qeyd edək ki, Bakıda nəqliyyatın
mərkəzləsdirilmiş intellektual idarəetmə sistemi layihəsi üçün əvvəlcə
77 milyon manat nəzərdə tutulsa da, həmişə olduğu kimi bu layihədə də
daha sonra xərclər artaraq 100 milyon manata qaldırıldı. Deməli,
dğvlətin vətəndaşlarımızın nəqliyyat sistemindən problemsiz istifadəsi
üçün ayrılan 100 milyonun üstündən qara bir xətt çəkildi. Əlbəttə,
nəqliyyat nazirliyinin başbilənlərinin “uzaqgörən” sosial-iqtisadi
siyasətinin nəticəsində…

Burada qeyd etmək yerinə düşərdi ki, nəqliyyat naziri Ziya
Məmmədov bir qədər əvvəl Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin
fəaliyyətinin özünü doğrultmaması barədə səsləndirilən iradlara belə
münasibət bildirmişdi: “Mən bu yöndə suallardan heç vaxt
yayınmıram, heç vaxt qaçıb gizlənmirəm. Bəziləri Nəqliyyatın
İntellektual İdarəetmə Mərkəzini sehrli çubuq sayırdılar. Hesab
edirdilər ki, bu yaradılandan sonra tıxaclar aradan qalxacaq. Avtomobili
insanlar idarə edir, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin
quraşdırdığı lövhələr, sadəcə, harada sıxlıq olduğunu göstərir”.

O zaman sual yaranır, axı siz demirdinizmi bu sistem
inkişaf etmiş ölkələrin nəqliyyat sistemi kimi işləyəcək? Siz
demirdinizmi bu sistemlə avtobuslar arasındakı intervallar avtomatik
tənzimlənəcək, avtomatik rejimdə sürücülərə göstərişlər veriləcək, ona
nəzarətin həyata keçirilməsi, avtobusların hərəkətinin cari vəziyyəti,
hərəkət sürəti, dayanacaqlara çatma və yoladüşmə, avtobuslar və
marşrutlar üzrə daşinan sərnişinlərin sayı haqqında məlumatlar
toplanacaq, “pik” saatlarda avtobusların sayı tənzimlənəcək və sairə, və
ilaxır?.. İndi bəs nə oldu, bunlar sehrli çubuq söhbətinə çevrildi?!.

Bütün bu sualların cavabı birdir: paytaxtın nəqliyyat sistemində
pərakəndəlik 3 il əvvəlki kimi yenə də hökm sürür. Nəqliyyat üzrə
ekspert Ərşad Hüseynov da təsdiqləyir ki, bu layihə nəticəsiz qaldı: “İntellektual
idarəetmə sisteminə çox gözəl ofis yaradıblar. Bizim üsün maraqlı o idi
ki, bu sistemi həyata keçirəndən sonra bir nəticə olacaqmı? Heç bir
nəticə olmadı. Nəqliyyat infrastukturunun, yol hərəkəti
təhlükəsizliyinin təşkilində pərakəndəlik yenə də hökm sürür. Nəqliyyat
nazirliyi yaradıldı və onlara bəzi səlahiyyətlər verildi, amma görünən
odur ki, bütün bunların səmərəsi yoxdur.”

Ə. Hüseynov bəzi səlahiyyətlərin yol polisindən alınaraq nəqliyyat
nazirliyinə verilməsinin də özünü doğrultmağı qənətindədir: “Dövlət
yol polisinin elə səlahiyyətləri var idi ki, bu alınıb verildi həmin
nazirliyiə. Sonra bu nazirlik bir az da qabağa gedərək yollara nişan
qoymağa başladı. Bu qanunsuz hərəkətdir. Beş-altı çəllək boyanı alıb
gətirib yolların qırağına sürtdülər. Yol hərəkəti təhlükəsizliyi
komissiyasının qərarı olmadan yola heç bir nöqtə də qoyula bilməz.
Sonralar yollara tablolar quraşdırılmağa başlandı. Bir müddət sonra
İntellektual İdarəetmə Mərkəzi yaradıldı. Yol ayrıclarının bəzilərində
olan işiqforlar onlara verildi. Bu mərkəz əslində nə ilə məsguldur?
İşıqforların bəzilərinin iş rejiminə nəzarət edirlər. İşıqforda problem
yarananda DYP-ni ittiham edirlər ki, niyə tıxac yaranıb? İşıqforun iş
rejimini isə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tənzimləyir.
Düymə onların əlindədir. Dünyanını hər bir yerində İntellektual
İdarəetmə Mərkəzinin xüsusi iş rejimi var.”

Ekspert bildirdi ki, bu mərkəzin yaranması heç də problemlərin aradan
qaldırılmasına xidmət etmədi. Əksinə, əlavə problemlər meydana gəldi:”Ekspert
kimi deyil, bir sürücü və vətəndaş kimi deyə bilərəm ki, bu mərkəzin
fəaliyyətinin heç bir nəticəsi yoxdur. Nə dəyişdi? İctimai nəqliyyatda
olan problemlər əvvəlki kimi qalıb, tıxacların sayı artıb. Onların bir
bəhanəsi var ki, Azərbaycanda avtomobillərin sayı artıb. Azərbaycanda
avtomobil orta dünya səviyyəsindən azdır. Ökədə 8 nəfərə 1 avtomobil
düşür. Dünyada 1 milyarddan çox avtomobil var ki, 6,5 nəfərə 1 avtomobil
düşür. Biz özümüzü Rusiya ilə müqayisə edək. Məsələn, Rusiyada 4 nəfərə
1 avtomobil düşür, orada avtomobilləsmə səviyyəsi 25 faizə qalxıb.
Bizdə isə 13 faizdir. Onda Azərbaycanda bu 50 faizə çatsa nə edəcəklər?”

Ə. Hüseynov paytaxtda işiqforsuz hərəkət mexanizminin yaradılmasını
təhlükəli sayır: “Bakı şəhərinin 1000-ə yaxın küçəsi var. O küçələrdən
60-a yaxını yaxşı səviyyədə təmir olunub, yol ötürücləri də normal
fəaliyyət göstərir. Yerdə qalanlarının isə vəziyyəti acınacaqlıdır.
İndi fəxrlə deyirlər ki, Ziya Bünyadov prospektində işiqforsuz hərəkət
mexanizmi yaratmışıq. Bu şəhərin digər küçələri üçün təhlükəlidir.
Qələbə dairəsində həmişə tıxac var. Bu pərakəndəlik, sistemsizlik və
intellektsizlikdən irəli gəlir. Külli miqdarda vəsaiti xərclədilər,
ortada heç bir nəticə yoxdur. İşə kompleks yanaşmaq lazımdır.”

Azərbaycanda məskunlaşma ilə bağlı problemlərin olduğunu qeyd edən Ə.
Hüseynov paytaxtda hündürmərtəbəli binaların tikilməsnin nəqliyyat
infrastrukturu üçün də problemlər yaratdığını vurğuladı: “Soruşmaq
lazımdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Sovetin qoyduğu
qırmızı xətti keçərək, 18 mərtəbəli binaların tikilməsinə niyə icazə
verdiniz? Bir misal çəkim, nəqliyyat nazirliyinin yanında yaşayış
kompleksi tikirlər. Bu kompleksdə yaşayan adam binaya haradan daxil
olacaq? Bu orta əsrlərdən qalan təfəkkürdür. XXI əsrdə belə məsələlər
olmamalıdır. Bunun qarşisını almaq lazımdır. İntellektual idarəetmə
bunlar üçün boş şeydir. Belə gətsə Bakı şəhəri yaşayış üçün yararsız
beton cəngəlliyə çeviriləcək.”

Belə olan halda isə yenə də suallar meydana çıxır: Bakıda
nəqliyyat sisteminin bərbad vəziyyətini görəsən Cənubi Koreya
mütəxəssisləri həll edə bilmədi, buna intellektləri çatmadı, yoxsa burda
intellektual idarəetməni intellektsiz vəziyyətə salıb, əhaliyə
sırıdılar? Və yaxud bəlkə bizim intellektimiz çatmır ki, nəqliyyat
sistemindəki intellektual idarəetməni görüb, ondan bəhrələnə bilək?
Bəlkə Ziya Məmmədov düz deyir, sehrli çubuq arzuladığımız yerdə
xərclənən milyonların ardınca baxıb köks ötürmək, yollarda əsəb
keçirmək, rəngli tablolara baxb təsəlli tapmaq və sairə elə özü də bir
intellektual oyunun detallarıdır? O detallar ki, sehrli çubuğu bir dəfə
fırladırsan 70 milyon manat bəs eləmir, olur 100 milyon manat, sonra bir
də çubuğu fırlayanda görürsən qəşəng bir ofis çıxdı ortaya, içərisində
və fəaliyyətində isə intellektual idarəetmədən əsər-əlamət belə yoxdur!  

 

R. ZEYNALLI/Analitik.az

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=14194

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031