Çeçenlər ruslarla yeni müqəddəs müharibəyə başlayır
Dekabrın 3-dən 4-nə keçən gecə Çeçenistan Respublikasının paytaxtı
Qroznıda mücahidlərin polislərə hücumu Rusiyada şok effekti yaradıb.
Düzdür, Çeçenistanda “üsyan” yatırılandan sonra da terror aktları və
polis məntəqələrinə hücumlar tez-tez təşkil olunur. Amma son hücum
onların heç birinə bənzəmir.
Qeyri-rəsmi məlumatlara görə, döyüşlərdə 70-80 nəfər “kadırovçu”
öldürülüb. Hücumu təşkil edən silahlıların sayı haqqında dəqiq məlumat
olmasa da, səslənən rəqəmlər Moskvanın narahat olması üçün kifayət qədər
əsaslar yaradır. Bəzi məlumatlarda onların sayının 300-ə qədər ola
biləcəyi iddia olunur. Yerli jurnalistlərdən biri şəhərdə 200-ə qədər
mücahidin hərəkət etdiyini bildirib.
Çeçenistan parlamentinin spikeri Dukuvaxa Abdurrahmanovun
Çeçenistanda baş verən terror hadisələrin təşkilatçılarının Vaşinqton və
Brüsseldə oturduğunu deməsi isə geosiyasi mətləblərdən xəbər verir. O,
ABŞ və Qərbi Avropadan Çeçenistana Ukrayna və Baltikyanı ölkələr
vasitəsilə faşizmin geri qayıtdığını bildirib.
Ukraynanın “obozrevatel.com” saytında Qroznıda baş verən son
hadisələri şərh edən jurnalist-ekspert Nikolay Feldmanın fikirləri isə
Moskva üçün daha qorxulu sayıla bilər. O qeyd edir ki, liderlər
Qroznıdakı hadisələrin xüsusi xidmət orqanlarının əməliyyatı, yaxud
“hibrid müharibəsi”nin ikinci cəbhəsinin olduğunu aydınlaşdırmağa
çalışırlar. Əslində isə Qroznıda baş verənlərin Rusiya üçün hansı
nəticələrə səbəb olacağına aydınlıq gətirməlidirlər.
N.Feldmanın fikirincə, əgər həqiqətən çeçen mücahidləri ikinci
cəbhəni açıbsa, o halda Donbas hövzəsindəki çoxsaylı “kadırovçular”
vətənə geri qayıdacaqlar: “Bu, çeçen xalqının bütün nümayəndələrinə
müqəddəs müharibənin başlandığı barədə siqnaldır. Bu siqnaldır ki,
onlar, nəhayət, qələbə, müstəqillik və tarixi ədalətin bərpası üçün real
şanslara malikdirlər. Bu həmçinin Kreml tərəfindən işğal edilmiş kiçik
qardaş xalqlara – dağıstanlılara, osetinlərə və abxazlara siqnaldır:
silahı ələ götürmək və torpaqları azad etmək lazımdır”.
Ekspertin sözlərinə görə, Qroznıda baş verənlər bütövlükdə real münaqişədir:
“Bu, Rusiya və Kreml üçün çox pisdir. Yaxınlaşan və qaçılmaz dağılma
əlamətidir. Hücumların sayı gec-tez Kremli vuracaq. Ehtimallardan biri
isə budur ki, Çeçenistan paytaxtındakı hadisələr “kadırovçular” və
Rusiya xüsusi xidmət orqanlarının “daxili irini” açmaq məqsədi ilə
həyata keçirdiyi birgə əməliyyatdır. Məqsəd isə Ukrayna ilə müharibədən
diqqəti yayındırmaq ola bilər. Amma bu, Rusiya üçün daha pisdir. Çünki
Kreml bu halda ikinci cəbhəni öz əlləri ilə açır və yuxarıda
sadaladığımız siqnallar zəncirini yaradır. Amma hər iki halda Qroznıdakı
hadisələr çox ciddi zəngdir, böyük miqyaslı problemlərin yaxınlaşdığını
göstərən siqnallar zəncirinin başlanğıcıdır”.
“Krımın zəbt edilməsi, Donbas hövzəsində oyuncaq respublikalarının
yaradılması və Ukraynaya qarşı müharibə müharibənin yeni mərhələsini
yaratdı. Yeni müharibə Rusiyanın öz ərazisində başlayıb. İnsanlar məhv
olur, binalar yanır, ağır silahdan istifadə olunur. Bu müharibədir və
görünür Rusiyanın daha çox ərazilərini əhatə edəcək. Və Rusiya üçün
yaxşı yol görünmür”.
Short URL: http://www.cumhuriyyet.net/?p=14204