Hacıqabulda məktəb direktorunun rüşvət görüntüsü yayıldı

05.12.2014 - 17:50

Hacıqabul rayon Talış kənd tam orta məktəbinin müəllimləri həmin təhsil müəssisəsinin rəhbəri ilə bağlı müraciət ediblər. Müəllimlərin
sözlərinə görə, məktəbin 71 yaşlı direktoru Mirsaleh Mirabbas oğlu
Məmmədov dövlətə məxsus məktəbi öz mülkü hesab edərək vəzifəsindən
sui-istifadə edir. Onun məktəbə məxsus maddi-texniki vasitələri
mənimsədiyi, məktəbin texniki işçilərinin əksəriyyətinin maaş kartlarını
alıb uzun müddət özündə saxladığı, ayda bir neçə dəfə işə çıxmaq və ya
ümumiyyətlə, gəlməmək şərti ilə onlara cüzi miqdarda pul verdiyi
bildirilir. İddia olunur ki, hətta bu fakt Hacıqabul Rayon Maliyyə
İdarəsindən gələn yoxlama tərəfindən aşkarlanaraq, maaş kartları öz
sahiblərinə qaytarılıb. Buna baxmayaraq, həmin xoşagəlməz əməl cəzasız
qalıb.
Qeyd olunur ki, direktor digər texniki
vəzifələrə öz yaxın qohumlarının adlarını yazdırıb, müvafiq dövlət
sənədlərini (tabel cədvəlini-red) saxtalaşdıraraq uzun müddətdir işə
gəlmədikləri halda, onların adına olan maaşları mənimsəyir. Bir zamanlar
hətta məktəbə aid elektrik enerjisindən evinə gizli xətt çəkdirib, uzun
müddət qanunsuz olaraq istifadə edirdi. Gənc müəllimlərin narazılığı
sayəsində bu xətt ləğv edilib.
Həmçinin dərs
bölgüsü zamanı dərslər müəyyən məbləğ müqabilində qeyri-ixtisas
müəllimlərinə verilir (ixtisas müəllimi olduğu halda-red). “Digər
hallarda biz ona problem olduğumuz, həmçinin hər ay yaşlı müəllimlər
kimi pul vermədiyimiz üçün müxtəlif bəhanələrlə gənc müəllimlərin öz
işini görməsinə maneçilik törədir. Nəzərinizə çatdırırıq ki, bizdən
əvvəl işləyən müəllimlər hər ay müəyyən miqdarda guya məktəbin
“qonaq”larını yola salmaq üçün haqq verirdilər. Qalan texniki işçilərin
isə adı ya işdə gedir, ya da ayda nəyinsə qarşılığında bir neçə dəfə işə
gəlməklə “işləyirlər” deyə şikayətdə vurğulanır.
Sakinlər
bildirirlər ki, direktorun yaxın qohumu olan səkkiz müəllimin maaş
kartı Mirsaleh müəllimdədir. Onlar məktəbdə işləməsələr də, adları
müəllim kimi qeyd olunub. Bundan başqa, gənc müəllimlərin məzuniyyəti
faktiki 56 gün hesablandığı halda, 42 gün məzuniyyət pulu hesablanıb. Şikayətçilər
Mirsaleh Mirabbas oğlu Məmmədovun əməlləri ilə bağlı əyani fakt kimi
video faylları da əməkdaşımıza göndəriblər. Həmin görüntülərdə ibtidai
sinif müəllimələrindən ikisinin dərs saatlarına görə hər ay direktor
M.Məmmədova 40 azn verməsi, həmçinin xadimə Əliyeva Hafizə Etibar
qızının hər ay maaş əvəzi 40 azn alması və maaş kartının direktorda
olması, habelə tarix müəllimlərindən birindən hər ay 30-40 azn istəməsi
əks olunur.
Müəllimlər qeyd etdilər ki,
dəfələrlə Hacıqabul Rayon Təhsil Şöbəsinə müraciətlərin, şikayətlərin
daxil olmasına baxmayaraq, bu problemlə bağlı heç bir nəticə olmayıb:
“Ona görə Hacıqabul Rayon Təhsil Şöbəsində bu şikayətə baxılmasını
istəmirik, çünki bilirik ki, direktorun əməlləri ört-basdır ediləcək”. 
Talış kənd tam orta məktəbinin müəllimləri əlavə etdilər ki, yaxın günlərdə təhsil naziri Mikayıl Cabbarova müraciət edəcəklər.
Hacıqabul Rayon Təhsil Şöbəsi
müdirinin müavini Balaxanım Ələsgərova isə  direktordan
şöbəyə şikayət daxil olmadığını bildirdi: “Həmin orta məktəbdən bizə şikayət daxil olmayıb. Mümkünsə, şikayətçi müəllimlərin adlarını açıqlayın”.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=14207

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930