“Korrupsiya kralı” həbs edildi
Bu vaxta qədər o, ev dustağı idi və 2014-cü ilin mart ayında
istintaq onun 14,5 milyard dollarlıq pul vəsaitlərinə və müxtəlif
qiymətli aktivlərinə həbs qoymuşdu. Bu, kommunist Çini tarixində ən iri
korrupsiya faktıdır.
Keçmiş nazir həmçinin Çin Kommunist Partiyasının sıralarından qovulub.
İstintaqın versiyasına görə, Çjou Yunkan rüşvət almaq və korrupsiya ilə
məşğul olmaqla yanaşı bir çox mühüm partiya və dövlət sirlərini də açıb.
Həmçinin o, arvadına xəyanət etməkdə və Çin lider Si Tszinpinə sui-qəsd
hazırlamaqda şübhəli bilinir.
Çin Kommunist Partiyasının bəyanatında deyilir ki, Yunkan partiya
intizamını kobud şəkildə pozub. Onun hərəkətləri partiyanın imicinə
ciddi zərbə vurub. Keçmiş naziri ölüm cəzası gözləyir.
Yunkan bu yaxınlara qədər Çinin ən nüfuzlu siyasətçilərindən hesab
olunurdu. O, 2003-2007-ci illərdə ictimai təhlükəsizlik naziri olub,
habelə Çin Kommunist Partiyasının ali siyasi orqanı olan Siyasi Büroya
daxil idi.
Həmçinin Çjou Yunkan Çinin keçmiş lideri Tszyan Tszeminə yaxın fiqur
hesab edilib. 2013-cü ildə korrupsiyada ittiham olunaraq ömürlük həbsə
məhkum edilən Bo Silayın tərəfdaşı olub.
Bo Silay həbs olunandan sonra Yunkan da bütün postlarından
uzaqlaşdırılıb, onun barəsində korrupsiya ittihamı ilə cinayət işi
qaldırılıb. Keçmiş nazirlə yanaşı onun 300-ə yaxın qohumu, habelə xeyli
tərəfdaşı da istintaq altındadır.
Onun Çin banklarında 6 milyard dollar, xarici banklarda 8,3 milyard
dollar pulu, 300-ə yaxın villası və apartamentləri, 60-dan çox
avtomobili, əntiq əşyaları, tonlarla qızıl və gümüşü, nəğd pulları, elit
alkaqol kolleksiyası və s. tapılıb. Çjou Yunkan bu sərvətinə görə
“korrupsiya kralı” adını alıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=14247