Azərbaycan nüvə dövləti olacaq

07.12.2014 - 01:02

Azərbaycan özünün ilk atom elektrik stansiyasının (AES) tikintisi barədəki planlarını açıqlayıb. Virtualaz.org
saytı xəbər verir ki, Rusiyanın nüfuzlu lenta.ru portalı bu barədə
Azərbaycanın “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri Adil
Qəribovun iki gün öncə yerli KİV-ə verdiyi açıqlamaya istinadən məlumat
yayıb.
A.Qəribovun sözlərinə görə, 20 meqavat
gücündə ilk reaktorun layihələndirilməsi üzrə tender gələn il elan
ediləcək. Nüvə reaktorundan başqa 2 kilovatlıq tədqiqat-təlim reaktoru
da işə salınacaq. A.Qəribov qeyd edib ki,
Azərbaycanda tikilməsi planlaşdırılan reaktor ölçülərinə görə unikal
olacaq: “Hesablamalarımıza əsasən, reaktorların tikintisi üzrə işlər
2020-ci ildə başa çata bilər, çünki Beynəlxalq Atom Enerjisi
Agentliyindən (MAQATE) icazə almaq üçün iki il tələb olunur. Azərbaycan
icazə üçün MAQATE-yə artıq müraciət edib, lakin nüvə reaktorunu tikəcək
podratçı şirkətin zəruri lisenziyasının olması çox vacibdir”.
Rusiya
nəşri xatırladır ki, Azərbaycanda AES tikintisi hələ SSRİ dövründə
planlaşdırılırdı, lakin 1986-cı ildə Çernobıl AES-də qəza baş verəndən
sonra bu ideyanın üstündən birdəfəlik xətt çəkildi: “Bu gün isə hətta
mümkün risklər də karbohidrogen asılılığından xilas olmağa qərar vermiş
Azərbaycan rəhbərliyini narahat etmir və bu ideyadan çəkindirmir”.
Məlumatda
bildirilir ki, artıq AES tikintisi üçün 15 hektar ərazi də ayrılıb və
onun harada inşa olunacağı təxminən bəllidir. Həmin ərazidə reaktordan
başqa inzibati bina, məlumat mərkəzi və elmi-tədqiqatlar üçün lazımi
infrastruktur da yerləşəcək. “Doğrudur,
rəsmi Bakı AES-in konkret harada tikiləcəyini açıqlamır. Amma böyük
ehtimalla söhbət Xırdalan şəhərinin həndəvərindəki ərazidən gedir. Bu da
Bakı ilə Sumqayıtın arasına düşür. SSRİ rəhbərliyi bir vaxtlar
Azərbaycan AES-ini məhz Nəvaidə tikməyi planlaşdırırdı. Azərbaycan
rəhbərliyi isə AES-i Bakıdan cənub-şərqdə yerləşən Nəvai adlı ərazidə
tikmək fikrindən daşınıb. Halbuki bu rayon seysmik baxımdan AES üçün
daha münasibdir” – deyə rus nəşri yazır.
Məqalədə
deyilir ki, Azərbaycanın öz atom energetikası sistemini yaratmasının
vacibliyi Bakıda çoxdandır müzakirə olunur. Hesablamalara görə, ölkənin
karbohidrogen ehtiyatları 2020-2025-ci illərdən tükənməyə başlayacaq.
Azərbaycanın iqtisadiyyatı isə sürətlə inkişaf etməyə başlayıb. Əgər bu
inkişaf tempi davam etsə, Azərbaycanın enerji potensialı iqtisadiyyatın
tələbatını ödəyə bilməyəcək.
Azərbaycan
Radiasiya Problemləri İnstitutu hələ 2007-ci ilin martında ölkə
hökumətinə 1500 meqavatt gücündə AES tikilməsinə dair təkliflər paketi
təqdim etmişdi. İnstitutun hesablamalarına görə, bu stansiya 4 il
ərzində tikilə və büdcəyə 3 milyard dollara başa gələ bilərdi. MAQATE
elə həmin ilin sonunda Azərbaycanda ilk nüvə-tədqiqat reaktorunun
tikintisinə başlamağa icazə verib. “Əgər
Azərbaycanda nüvə reaktoru tikilsə, bizim ilk işimiz atom energetikası
sahəsində yerli kadrları hazırlamaqdan, ikinci işimiz isə izotop
istehsalını sahmana salmaqdan ibarət olacaq. İzotoplardan Azərbaycanda
hazırda da istifadə edilir, lakin biz onu xaricdən alırıq” – deyə o
zaman Radiasiya Probleməri İnstitutunun direktoru postunu tutan
A.Qəribov bildirirdi.
A.Qəribov onu da vurğulamışdı ki, Azərbaycan tərəfi reaktorda işləyəcək kadrları Rusiyada, konkret olaraq Dubnada hazırlayacaq. Nəhayət,
2014-cü ilin mayında prezident İlham Əliyev Azərbaycan Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin nəzdində “Milli Nüvə Tədqiqatları Mərkəzi”
QSC-nin yaradılması barədə sərəncam imzaladı. Elə həmin ay Bakıya rəsmi
səfərə gələn Fransa prezidenti Fransua Olland bəyan etdi ki, Fransanın
“VINCI Construction Grands Projets” şirkəti Azərbaycanın atom enerjisi
proqramında iştirak etməkdə maraqlıdır.
Azərbaycanın AES tikmək planlarını rabitə naziri Əli Abbasov da təsdiqləmişdi. “Biz
tikintisi hələ sovet dövründə başladılmış AES-in inşasını bərap etmək
niyyətindəyik. Tikinti işləri ola bilsin ki, 3-4 ilə yekunlaşdı” – deyə
nazir bildirmişdi. Bununla belə lenta.ru
portalı AES layihəsini tənqid edənlərin də mövqeyinə diqqət ayırır.
Tənqidçilər isə AES üçün ərazinin düzgün seçilmədiyini bildirirlər.
Onların fikrincə, əvvəla, Bakıətrafı ərazilər seysmik aktiv zona
sayılır, burada AES tikmək olmaz, ikincisi isə Azərbaycanda atom
stansiyasına, nüvə reaktivlərinə texniki xidmət göstərə biləcək kifayət
qədər mütəxəssis yoxdur.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=14273

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031