Bu dəfə saxtakarlıq oyunu keçməyəcək, saxta deputatlar qanundankənar sayılacaq

17.02.2020 - 08:55

MSK bu dəfə ona təqdim olunan namizədlərin şikayətləri ilə bağlı heç bir ləğvetmə qərarı vermədi. Nəticə gözlənilən kimi oldu, yuxarıların təlimatı ilə 4 dairənin nəticəsi ləğv olundu və şou bitdi. Bir daha hamı gördü ki, MSK-nın məşhur sehrbazı Məzahir Pənahov oyun çıxarır. Oyuna baxın, narazı namizədlər kisə-kisə pozuntu faktlarını toplayıb araşdırmaq üçün bunlara yollayırlar. Bunlar da həmin şikayətlərə yazılan rəyləri hərf, ifadə səhvləri ilə qaralayıb göndərirlər təkrar DSK-ların üstünə. Bunun anlamı nədir? Anlamı odur ki, bir az zaman keçsin, xalqın qəzəbi soyusun, ondan sonra qutudan siyahıdakı adamların çıxarılması asan məsələ. Adam bu işin əsl ustasıdır, çoxlarına da “master-klass” keçər. Məsələn, o sizə çox incəliklə izah edə bilər ki, “deputatınızı tanıyırsınızmı” sorğusunda iştirak edənlərin hamısı “yox” dediyi halda, Oqtay Əsədovu Abşerondan necə qalib edib? Yaxud 29 saylı Səbail seçki dairəsindən namizəd olan Nigar Arpadarainin xeyrinə 3079 səsi necə yazıb yekun protokollara? İmişlidən qovulan Razini, Salyandan qovulan Fəzaili, Tərtərdən qovulan Sahibi, Zaqataladan qovulan Elşəni hansı fokusla qalib edib? Adamın möcüzəsinin sirri yerə-göyə sığmır, şəkk eləyənin mandatı gedər.
Ləğvetmə şousunu burda bitmiş saymaq olar. Amma narazılıq heç bir halda bitməyəcək. Yeri gəlmişkən, sabah MSK-nın qarşısında seçki saxtakarlıqlarına etiraz olaraq aksiya keçiriləcək. Komik Pənahovun böyük polis zorakılığı ilə dağıdılan ötən aksiya haqqında dediklərini xatırlayırsınız yəqin: “MSK qarşısında təşkil edilmiş aksiyaya baxdım, sevindim və ləzzət aldım”. Adamın nədən ləzzət aldığı qaranlıqdır. Amma sabah bütün haqqı pozulan nümayəndələr MSK-nın qarşısına toplaşıb ona eyni ləzzəti təkrar yaşada bilərlər. Belə görünür ki, Pənahov xoşluqla insanların haqqını özünə qaytarmayacaq. O halda şikayətçi namizədlərə qalır qurumun qarşısına toplanıb haqlarını tələb etmək. Bəli, o insanların haqları özlərinə qaytarılmalı, ən azı şikayətçi namizədlərin tutarlı dəlilləri nəzərə alınıb, o dairələrin nəticələri ləğv olunmalıdır. Xalq illərdir MSK-nın bu oyunlarını əzbər bilir. Lakin bu dəfə həmin oyunlar keçməyəcək, rüsvayçı nəticələrlə parlamentə doldurulan saxta deputatlar da qanundankənar sayılacaq. İnsanlar baş verən biabırçı seçki saxtakarlıqlarına üsyan edir. MSK-DSK-nın bu ötür-ötür oyunu dayandırılmalı və narazı şəxslərin haqlı şikayətləri təmin edilməlidir. Əgər növbədənkənar seçki keçirib, qoca komandanı təkrar parlamentə qaytaracaqdınızsa, nə lüzum vardı bu şouya? Xalqa nə belə islahat, nə də belə parlament gərəkdi.
Sənan Muradov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=142791

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930