1 nəfər sakini olan kənd
Azərbaycanın ucqar kəndləri boşalmaqda davam edir. Hazırda elə
kəndlər var ki, orda cəmi bir-iki nəfər yaşayır. Kəndlərin boşalma
səbəbi kimi şəraitsizlik, işsizlik, həyat səviyyəsinin aşağı olması
göstərilir.
Məsələ ilə bağlı
AzNews.az Azərbaycanda kəndlərin sayına görə ən böyük və ən kiçik
kəndlər barədə kiçik araşdırma aparıb. Dövlət Statistika Komitəsinin
sonuncu hesablamalarına görə, hazırda Azərbaycanda əhalisi ən çox olan
kənd Masallı rayonununda yerləşir. Bu, Masallı rayonunda yerləşən
Ərkivan qəsəbəsidir. Qəsəbədə 15 min 654 nəfər yaşayır.
Dövlət
Statistika Komitəsinin hesabatında əhalisi ən az olan kəndin də adı
açıqlanıb. Məlum olub ki, Şamaxı rayonunun Acıdərə kəndidir. Belə ki,
həmin kənddə cəmi 1nəfər yaşayır. Əhali sayına görə sonrakı yerləri isə
İsmayıllı rayonunun Pirqəm kəndi-2 nəfər, Gərzə kəndi-3 nəfər, Dahar
kəndi- 5 nəfər tutur. Bəzi rayonlarda da əhalisi az olan kəndlər var.
Nefçala rayonunun Qızqayıtdı kəndində 3, Siyəzən rayounun Əlməkolu
kəndində 4, Qax rayonunun Bağtala kəndində 9, Yardımlı rayonunun Musa
kəndində 8 nəfər yaşayır.
Komitənin məlumatına görə, Azərbaycanın
bəzi rayonlarında müxtəlif səbəblərdən tamamilə boşalan və hazırda heç
kimin yaşamadığı bir neçə kənd də var. Hazırda həmin ərazi kənd statusu
daşısa da heç kim yaşamır. Məsələn, Balakən rayonunun Göyəmtala,
Darvazbinə, Abjit, Mazımqarışan, Bərdə rayonunun Çərəlilər kəndi,
Cəlilabad rayonunun Novoqolovka qəsəbəsi, Hacıqabul rayonunun Balıqçı
qəsəbəsi, Meyniman kəndi, Xaçmaz rayonunun Xaraxoba, Üryənoba, Xızı
rayonunun Yuxarı Əngilan, Qars kəndində heç kim yaşamır. Quba rayonunun
İbrahimhaput, Gədik, Qobustan rayonunun Şıxlar, Damlamaca, Dağ Kolanı
kəndində, Şamaxı rayonunun Yeni Qızmeydan, Zaqatala rayonunun isə Əzgili
kəndi kənd statusu daşısa da hazırda orda heç kim yaşamır.
Qeyd
edək ki, Azərbaycanda əhalinin sayı 10 milyona yaxınlaşır. Dövlət
Statistika Komitəsinin məlumatına görə, hazırda ölkə əhalisinin 53 faizi
şəhər, 47 faizi isə kənd yerlərində yaşayır. Azərbaycan Respublikasının
tərkibinə 66 inzibati rayon, 77 şəhər, 258 qəsəbə və 4257 kənd yaşayış
məntəqələri daxildir.

Short URL: http://www.cumhuriyyet.net/?p=14319