Xədicə İsmayılı tutduran şəxslə bağlı yeni məlumatlar

09.12.2014 - 11:48

Şəxsiyyət vəsiqəsinin isə dəlixanada qaldığı bildirilir

Azadlıq Radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə
İsmayılın həbsi ilə bağlı sirr pərdəsi yavaş-yavaş çözülür. Keçmiş iş
yoldaşı, yaxın dostluq münasibətlərində olduğu Tural Mustafayevi
“intihar həddinə çatdırması” iddiası ilə barəsində 2 ay müddətinə
həbs-qətimkan tədbiri seçilən jurnalistlə bağlı əməliyyatın arxasından
maraqlı detallar üzə çıxır.

Öncə T.Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimlinin “Meydan TV”yə
verdiyi müsahibə ilə bağlı iddialarına aydınlıq gətirək. Tural
Mustafayev daha öncə sosial şəbəkədə elan etmişdi ki, R. Rəhimlinin
müsahibəsi təhrif olunub və müsahibə SMS vasitəsilə götürüldüyü üçün
məzmunu dəyişdirilib, orada redaktələr edilib. Həmin müsahibədə isə R.Rəhimli T.Mustafayevlə ayrılmalarına sonuncunun psixoloji problemlərinin səbəb olduğunu demişdi.
Sözügedən müsahibənin müəllifi, “Meydan TV” ilə əməkdaşlıq edən
tanınmış jurnalist Aynur Elgünəş “Yeni Müsavat”a açıqlamasında bildirdi
ki, T.Mustafayevin keçmiş nişanlısından aldığı müsahibədə heç bir
təhrif yoxdur: “Rövşanə xanım mənə 6-cı gün səhər zəng elədi. Xədicə
İsmayıl tutulmuşdu artıq. Dedi ki, bir xəbər var, onun “Meydan”da
getməsini istəyir. Özü ilə danışdım, sonra mənə mesaj da yazdı. Ondan
soruşdum ki, Turalla Xədicə İsmayıla görə ayrılmısız? Dedi, “əlbəttə
yox. Psixoloji və maliyyə problemlərimiz var idi”. Amma xahiş etdi ki,
onunla bağlı açıqlamada Xədicənin adını çəkməyim. Mən də çəkmədim”.

Rövşanə Rəhimli dekabrın 8-də “Yeni Müsavat”a açıqlamasında bildirdi
ki, müsahibədə yazılanlar həqiqəti əks etdirir. O, T. Mustafayevin bu
barədə dediklərini şərh etmək istəmədi və bu barədə mətbuata heç bir
açıqlama verməyəcəyini dedi. Onun sözlərinə görə, istintaqda bu mövzu
ilə bağlı hər hansı açıqlama verməyəcəyi yönündə iltizam verib.

Bu arada “Yeni Müsavat” Tural Mustafayevlə bağlı ciddi
bilgilər də əldə edib. Məlum olub ki, bu şəxsin son iş yerlərindən biri
ann.az saytı olub. Bundan başqa, o, cumhuriyyet.info və publika.az
saytları ilə də əməkdaşlıq edib. Ötən ilin martından sonra T.Mustafayev 3
yerdə işləyib
. Onun qısa müddət ANS TV-də çalışması da yayılan
məlumatlar sırasındadır. Hətta qısa müddət öncəyə qədər bu, onun
facebook profilində də əks olunmuşdu.
“Meydan TV”yə isə T.Mustafayev 3 aylıq layihə çərçivəsində cəlb olunub.
Layihənin müddəti bitdikdən sonra onun oradan uzaqlaşdığı bildirilir.
Xatırladaq ki, sözügedən layihənin rəhbəri Emin Milli artıq bununla
bağlı məlumat yayıb. O, bəyanatında deyib ki, T.Mustafayev “Meydan TV”
ilə əməkdaşlıq etdiyi aylarda işinə laqeyd yanaşdığı, verilən
tapşırıqları lazımınca yerinə yetirmədiyi, dəfələrlə iş etikasını
pozduğu, həmçinin psixoloji baxımdan qeyri-adekvat addımlarına görə
işdən uzaqlaşdırılıb.

Amma T.Mustafayevin şəxsi həyatındakı ilginc detalları AXCP üzvü
Kəmalə Bənəniyarlı facebook profilində paylaşıb. K.Bənəniyarlı son
statuslarından birində belə yazır: “Tanınmış jurnalistin üzünə
balasına aliment verməyən birini dirəndirdilər. Həm də dəlixanadan
yenicə çıxmış birini. Uşağına aliment verməyən Xədicənin üzünə dirənir.
Xədicənin üzünə duran Turalın avqust ayının 8-də rəsmi nikahı pozulub.
Onun 13 yaşında oğlu var. Göyçay icra məmurları onu məhkəməyə çağırıb
alimentlə bağlı. Tural məhkəməyə gedəndə şəxsiyyət vəsiqəsi olmayıb.

Çünki onun şəxsiyyət vəsiqəsi dəlixanada qalıb. Tural oğluna
aliment verməkdən boyun qaçıraraq icra məmurlarına “nə bacarırsınızsa
edin” deyərək oradan çıxıb. Çox güman ki, dəlilik kağızına güvənirmiş”.

T.Mustafayevin yaxın zamana qədər rəsmən evli və 2 uşaq atası olması
faktını vaxtilə birgə çalışdığı iş yoldaşları, həmçinin dostları da
təsdiqlədilər. Və onlar bu məsələdə iki versiyanın olmasına inanırlar. 1. Tural Mustafayev həqiqətən də öyrədilərək, xüsusi sifarişlə Xədicə
İsmayılın yaxınına yerləşdirilib, daha sonra yönləndirilib. 2. O,
intihar edəndən sonra evində aparılan baxış zamanı (intihar hadisəsi baş
verəndən sonra adətən polislər “qurban”ın yaşadığı evə baxış
keçirirlər) şəxsi yazışmaları, dostluğunda olan şəxslərin kimliyi
müəyyənləşdirib və bundan onun dostluğunda olan X.İsmayıla qarşı
istifadə ediblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=14346

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728