Azərbaycanda zavod direktoru ilə bankın ortaq fırıldağı

10.12.2014 - 03:35
Vətəndaşın 3 min manat borcuna görə bank mülkü hərraca çıxararaq özü alıb

Göyçay sakini, ikinci qrup əlil Həyat Ələkbərova “Bizim yol” qəzetinə müraciət edib. Şikayətçi “Göyçay Konyak” zavodunun direktoru
Vaqif Məmmədovu özünün Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov
küçəsindəki birotaqlı evini girov qoyub əlindən çıxartmaqda
günahlandırır. Şikayəti yerində araşdırmaq üçün Göyçay rayonuna gedib
tərəflərin mövqeyini öyrəndik. H.Ələkbərova ilə bir də görüşdük. 
Şikayətçinin
sözlərinə görə, uzun illər V.Məmmədovla ailəcə dostluq ediblər, həm də
qohumdurlar. Bakıdan Göyçaya daimi yaşamağa qayıdandan sonra da zavod
direktorunun ailəsi ilə yaxın münasibətləri davam edib: “Biz rayona
qayıdanda ata evim satılmışdı, yoldaşımın da evi yoxdur. Vaqif
Məmmədovun həyat yoldaşı Salihə Məmmədova 38 illik rəfiqəmdir, kirayədə
yaşamağımızı qəbul eləmirdi, deyirdi “bunu qəlbim götürmür, gəlin
Bakıdakı evinizi banka girov qoyub pul götürün, ev tikin”. Məni
tanıyanlar kredit götürmədiyimi bilirdilər, kreditdən qaçırdım, geriyə
faiz ödəyə bilməyəcəyimdən çox qorxurdum. 3 il bu söhbət davam elədi,
heç cür razılaşmırdım. 2010-cu ilin may ayının 10-u zəng eləyib soruşdu
ki, “Həyat, evinizi banka qoyursan?” Dedim “Salihə, vallah, mən
qorxuram”. Əl çəkmədi, üz ətdəndir. Həmin gün düz 3 dəfə mənə zəng
vurdu. Məndən evin “kupça”sının olub-olmadığı ilə maraqlandı. Olduğunu
bilib “sürücü Mürşüdü göndərirəm, “kupçanı” göndər Vaqif baxsın”, dedi.
Evinə qonaq gedəndə üzümə o qədər xoş baxırdı ki, daha ona “yox” deyə
bilmədim. Bir gün sonra zəng elədi, “notariusa getmək lazımdır, gedib
etibarnamə verirsiz”, deyə sual elədi. Başqa çarəm qalmadı. Sürücünü
göndərdilər, notariusa gedib etibarnaməni sürücüyə verdim”.
Paytaxtda birotaqlı  mənzil müqabilində bank 13 min manat verdi
Dediyinə
görə, onlara o qədər inanıb ki, notariusda qol çəkdiyi kağızı da
oxumayıb, imzaladığı sənədin məzmunundan xəbərsizdir: “Heç notarius da
məni xəbərdar etmədi ki, evim əlimdən gedə bilər. Siftə 10 min manat
kredit istədim, yoldaşım razılaşmadı ki, bu məbləğə ev tikmək olmaz, heç
olmasa 15-20 min manat olsun. Ancaq pulu və onun faizini geri qaytarmaq
məsuliyyətini düşünüb kredit məbləğini sadəcə 2 min manat artırdım. Tək
mənim evim deyildi, Vaqif eyni vaxtda baldızının rayondakı mülkü və
özünə aid zavodun səhmlərini də “VTB” Banka girov qoyub 300 min manat
kredit götürdü. Etibarnaməni verəndən sonra heç 10 gün çəkmədi, krediti
aldılar. Güc-bəla ilə Salihədən 12 min manat götürə bildim. “Güc-bəla
ilə” ona görə deyirəm ki, bizə o qədər pul vermək istəmirdilər. Qardaşım
da təzə ev tikdirirdi, onun xahişi ilə də 1000 manat alıb verdim. Bir
az torpaq sahəmiz vardı, daş-kəsəkdən təmizləyib özümüzə bir ev tikdik.
Bütün fəhlə işlərini özümüz görmüşük, daş-kəsəyi əllərimlə
təmizləyirdim, çünki o qədər vəsaitə evi tikib başa çatdırmaq lazım idi.
Ömrümüzün axırına kimi kirayədə qalmaq istəmirdik. Mən bank filan
tanımırdım, hər ay 150 manat faizi aparıb Salihəyə verirdim. 1 il 9 ay
belə davam elədi. 21 ayda onlara 3150 manat faiz ödədim. Sonradan bank
bizi məhkəməyə verəndə aydın oldu ki, faizi ödəmirmişlər, “sevimli
rəfiqəm” gedib o pulu “cibxərcliyi” edib. Halbuki mən onu yeməyimizdən
kəsib yoldaşım və özümün əlillik pensiyamızdan ödəyirdim. O vaxt
pensiyamız çox aşağı idi, indi bir qədər artıb”.
Soruşdum,
“sizə kredit lazım idisə, nə üçün özünüz banka müraciət edib, evinizi
girov qoyub götürmürdünüz”? Belə cavab verdi: “Əslində mənim heç girov
qoyub pul götürmək niyyətim yox idi, onlar məni üzdən-gözdən saldılar.
İkincisi də Vaqifin hər iki əmlakı rayonda olduğundan, bank da şərt
qoyubmuş ki, əmlakın biri mütləq Bakıda olmalıdır, əks halda kredit
verilməyəcək. Buna görə də məni “bişirirdilər”. Mənim evim üçün zamin
durub “əgər kredit alan pulu ödəmək gücündə olmazsa, bu işi tam icra
etməyi üzərinə almaq” barədə bank qarşısında öhdəlik də götürdü.
Salihənin bacısı Nəzakət Məmmədova qardaşımın qayınanasıdır, eyni vaxtda
onun da rayondakı üçotaqlı evini girov qoydu. Onun evini qoymasaydı,
bəlkə də etibar eləməzdim. Sonradan çox çalışıb baldızının evini
girovluqdan çıxartdı, mənimki isə qaldı. Ona faizdən başqa əsas borcdan 3
dəfə pul ödəmişəm – iki dəfə üst-üstə 7 min manat vermişəm, əvəzində
həmin pulları aldığı barədə zavodun möhürü ilə nömrələnmiş iki qəbz
verib. Bir dəfə də 3 min manatı əlbəəl ödəmişəm. Aldığı min manatı
qardaşım qaytarıb. Mənim banka cəmi 3 min manat borcum qalırdı”. 
“Sürücü baba” hərracda başqasının mənzilini necə “aldı”?
2011-ci
ilin avqust ayında məhkəmədən ona bildiriş gəlib. Məlum olub ki, məktub
ev haqq-hesabıyla bağlıdır, bank onları məhkəməyə verib. Qardaşının
qayınanasına da o bildirişdən gəlib. Bildirdiyinə görə, rəfiqəsinə zəng
edib, vəziyyəti danışıb, o isə “narahat olma, boş şeydir”, cavabını
verib. Bundan sonra ailənin qara günləri başlayıb. 
Bankın
“Göyçay Konyak Zavodu” ASC, N.Məmmədova və H.Ələkbərovaya qarşı “kredit
müqavilələri üzrə borc tələbi, borcun ipoteka və girov predmetlərinə
yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə Səbail Rayon
Məhkəməsində baxılıb. Bankın iddiasına görə kredit şəklində götürülmüş
üst-üstə 300 min manat, ona hesablanmış faizlər və cərimələr cavabdehlər
tərəfindən “VTB” (Azərbaycan) ASC-yə ödənilməlidir. İşin hallarını
araşdıran məhkəmə qət edib ki, “Göyçay Konyak” Zavodunun 16 aprel
2010-cu il tarixli 65 saylı “Kredit Müqaviləsi” üzrə yaranmış 5557 manat
gecikdirilmiş əsas borc, 680 manat faiz borcu, 200 manat cərimə,
ümumilikdə 6437 manat məbləğində pul vəsaiti, 19 may 2010-cu il tarixli
72 saylı “Kredit Müqaviləsi” üzrə yaranmış yenə yanvarın 23-ü tarixinə
banka borclu olduğu 233795 manat əsas borc, 27356 manat faiz borcu, 10
min manat cərimə, ümumilikdə 271152 manat adıçəkilən ASC və
V.Məmmədovdan alınaraq banka ödənilsin. Tələb xüsusi mülkiyyət hüququ
ilə N.Məmmədovaya məxsus ümumi sahəsi 81.5 kv.m. olan Göyçaydakı
mənzilə, H.Ələkbərovaya məxsus ümumi sahəsi 56.7 kv.m. olan paytaxtdakı
mənzilə, zavodun girovla yüklü edilmiş hər birinin nominal dəyəri 2
manat olan 92400 səhminə yönəldilib və qərara alınıb ki, girov
predmetləri hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 277678 manat
pul banka köçürülsün. 
H.Ələkbərovanın
dediyinə görə, məhkəmədən və çıxarılan qərardaddan xəbərləri olmayıb.
Bir də xəbər tutublar ki, mənzilləri hərraca çıxarılıb: “Söhbət
etdiyimiz bank mütəxəssisi deyir ki, iş məhkəmədə olanda faiz ödənişi
qanunla dayandırılmalıdır, lakin onlar hətta işimiz məhkəmədə ola-ola
yerdə qalan vəsaitə faiz hesablayırmışlar. Birinci hərracda Vaqif
Məmmədov, adına vəkalətnamə verdiyim sürücüsü, bir də bank nümayəndəsi
iştirak edib. Guya hərracı sürücü qazanıb, evi “alıb”. Amma sözdə
“alıb”, o sürücü kasıb adamdır, hərraca girib ev almağı mümkün deyil.
Əli pulla oynayan direktor, bank guya kənardan müşahidə edib, ev
sürücüyə “qalıb”. Amma 7 bank günü müddətində pulu ödəmədiyi üçün
hərracın nəticələri ləğv edilib. Bizim heç hərracdan xəbərimiz də
olmayıb. Öyrəndiyimizə görə mənzil ilk növbədə mülkiyyət sahibinə təklif
olunmalı idi, əgər o imtina edərsə, bu halda başqalarına satıla
bilərdi. Bank mütəxəssislərinin sözlərinə görə, hərrac qanun pozuntuları
ilə müşayiət olunub, heç başqa adamlar iştirak etməyib. Sonrakı
hərracda bank əmlakı özü alıb”. 
Əmlakın dəyərini ödəyəcəyinə notarial qaydada “söz verib”
Yasamal
Rayon Məhkəməsinin 13 avqust 2014-cü il qətnaməsindən görünür ki,
iddiaçı Bank VTB (Azərbaycan) ASC Ələkbərovlara qarşı “istifadə
hüququnun itirilmiş hesab edilməsi və ipoteka predmetinin boşaldılması
tələbi”nə dair iddia qaldırıb, bildirib ki, sözügedən mənzili hərracda
60 min manata alıb. Məhkəmə iddianı təmin edib, Ələkbərovların mənzilə
istifadə hüquqlarını itirilmiş hesab edib. 
H.Ələkbərova:
“Bank əmlak üzərində bütün hüquqlarımı əlimdən alıb. Doğrudur, mənzilin
açarları hələ də bizdədir, amma qaz, işıq, su kəsilib, orada yaşamaq
mümkün deyil. Psixoloji vəziyyətim də yaxşı deyil, artıq vəsiyyətnaməmi
yazmışam. Mən övladsız bir qadınam, 65 yaşım var, bu gün sabah əlimdən
tutub qaldıranım olmayacaq. Özünün Bakının mərkəzi yerlərində çoxsaylı
daşınmaz əmlakı, burada 2 zavodunun milyonlarla dəyəri var. Onları girov
qoymur, mənim əmlakıma göz dikib sonda da onu güdaza verir.
Müqavilələrdən də görünür ki, o, mənim cüzi məbləğdə götürdüyüm pulu
özünün böyük “oyunlar”ına qatıb, mənim borclu qaldığım 3 min manat onun
300 min manatının içində itib-batır. Bu gün bankla aralarında problem,
ya da bir anlaşma var, bilmirəm, amma ara yerdə “qurban” gedən mənim
əmlakımdır. “Bir bank 3 min manata görə dəyəri 60-70 min manat olan
mənzili ələ keçirə bilməz”, deyə fikirləşirəm. Evimin bazar dəyərini
ödəyəcəyinə rəsmi qaydada söz verib”. 
V.Məmmədov
bu ilin oktyabrın 24-də öz imzası ilə Göyçay notariat kontorunda,
reyestrdə 7E-12319 nömrəli qeydlə notarial qaydada təsdiqlənmiş sənəddə
yazır ki, “Həyat Ələkbərovaya məxsus Zahid Xəlilov küçəsindəki 64 saylı
mənzil “VTB” Banka mənim tərəfimdən girov qoyulub. Bank həmin mənzilə
tutma yönəltdiyi halda əmlakın dəyərini bazar qiymətinə uyğun olaraq
ödəyəcəm”. 
Onun vədlərindən “doyan” Ələkbərovlar bugünlərdə
qətnamədən Apellyasiya Məhkəməsinə şikayət veriblər. Prosesdə iştirak
etsələr də, bitməsini gözləməyiblər. Odur ki, çıxarılan qərardan
xəbərsizdirlər. Bununla belə, hesab edirlər ki, bu instansiya
məhkəməsində də onları ürəkaçan qərar gözləmir. Yazdığı şikayətlərə
cavabda hər kəs ya araşdırmağı tapşırır, ya da araşdırıldığını bildirir.
Dediyinə görə, direktoru da “unutmur”, ara-sıra qapısına gedir, amma
onunla görüşə bilmirlər. H.Ələkbərova mənimlə də birlikdə V.Məmmədovun
evinə getdi, darvazasını döydü, amma qapını üzümüzə açan olmadı…

Short URL: http://www.cumhuriyyet.net/?p=14400

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728