Milyonlar qazanıb vergi verməyən məmur obyektlərinin adları!
Yüksək
gəlir əldə etmələrinə baxmayaraq, dövlətə vergi verməkdən imtina edən
bir çox iaşə obyektləri var. Hamımıza yaxşı məlumdur ki, restoranlar,
otellər eləcə də istirahət mərkəzləri nə qədər gəlir əldə edirlər. Lakin,
Vergilər Nazirliyinin bir neçə gün öncəki açıqlamasına diqqət yetirəndə
görürük ki, vergidən yayınların elə əksəriyyəti yuxarıda adlarını
çəkdiyimiz obyektlərdir.
Vergidən yayınan şadlıq evlərinin siyahısı:
“Ramin”
şadlıq sarayı, “Sahil” şadlıq evi, “Gülüstan” şadlıq evi, “Qızıl Quş”
restoranı, “Çinar” restoranı, “Şeş-beş” restoranı, “Dörd Qardaş”
restoranı.
Vergidən yayınan otellər: “Empire” mehmanxanası, “Araz”
mehmanxası, “Dalğa” mehmanxanası, “Kəpəz” mehmanxanası, “İstanbul Siti”
Otel.
Eləcə də bəzi istirahət mərkəzləri var ki, onlar da vergidən yayınırlar.
Məsələn,
Xaçmaz rayonunda yerləşən `Nabran` istirahət mərkəzi, Qubada yerləşən
“Aynur” istirahət zonası, Salyan rayonundakı `Xəzər` ailəvi istirahət
mərkəzi.
Vergilər Nazirliyindən isə bu məsələ ilə bağlı bildiriblər
ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci
bəndinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət
ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Əksər
vergi ödəyiciləri vergilərini müəyyən olunmuş müddətlərdə, müxtəlif
səbəblərdən yaranmış vergi borclarını isə mümkün qədər tez ödəməyə
çalışsalar da, bəziləri qanunvericiliyin tələblərini pozaraq onların
dövlət büdcəsinə vaxtında ödənilməsini təmin etmirlər ki, bu da büdcəyə
vergi daxilolmalarına mənfi təsir göstərir. Belə halların aradan
qaldırılması üçün Vergilər Nazirliyinin Vergi borclarının alınması
işinin təşkili idarəsi tərəfindən aparılan mütəmadi təhlillər əsasında,
imkanı olmasına baxmayaraq, vergi borcunu ödəməkdən yayınan vergi
ödəyicilərinə qarşı digər qanunamüvafiq tədbirlər görülməklə yanaşı,
onların siyahısı həftədə “Vergilər” qəzetində dərc edilir və artan
yekunla nazirliyin rəsmi veb-saytında yerləşdirilir. Borcunu ödəyən
vergi ödəyicisinin adı siyahıdan çıxarılır.
Adlarının ictimaiyyətə
açıqlanmasını və bundan irəli gələ biləcək ciddi problemlərlə üzləşmək
istəməyən vergi ödəyiciləri dövlət büdcəsinə borclarının ləğv olunmasını
təmin etməlidirlər. Bəs görəsən, milyonlarla manat gəlir əldə
etdikləri halda bir çox restoran və otellərin vergidən yayınmalarının
səbəbi nədir? Onları belə qanunsuzluğa nə həvəsləndirir?
Bu barədə
mövqeyini soruşduğumuz ekspertlərin əksəriyyəti eyni fikirdədir. Onlar
bildirirlər ki, həmin obyektlər bir qayda olaraq müəyyən nüfuzlu
məmurların himayəsindədir. “Belə məmurlar onları adətən öz yaxın
adamları vasitəsilə idarə edirlər. Yaxud həmin obyekt sahiblərinin
hansısa yüksək vəzifəli şəxslə dostluq və tanışlıq münasibətləri olur.
Nəticədə özünü “toxunulmaz” hesab edən qazanc mənbələri meydana çıxır.
Hesab edilir ki, hər nə qədər qanunsuzluq etsələr də onsuz da onlara
“gözün üstə qaşın var” deyən tapılmayacaq” – məsələ ilə bağlı mövqeyini
soruşduğumuz ekspertlərdən biri “Unikal” əməkdaşı ilə söhbətində qeyd
edib.
Eyni fikiri bölüşən digər ekspertlərin də fikrincə, bəzi
məmurların himayə etdiyi gəlirli obyektlər hər il on milyonlarla
manatlıq vergini dövlət büdcəsindən yayındırmağı bacarırlar. Vəziyyəti
dəyişmək üçünsə əlaqədar qurumların belə obyektlərə və onların
sahiblərinə, eynir zamanda himayəçilərinə qarşı kəskin tədbirlər
görülməsi təklif edilir. Əks halda kimlərsə hər il milyonlarla manat
qanunsuz gəlir əldə edir, itirən isə dövlət büdcəsi olur.
Short URL: http://www.cumhuriyyet.net/?p=14437