Dayı qatilinin film kimi hekayəsi

11.12.2014 - 14:53

Sentyabr ayı idi. Qadın Koloniyasında cəza çəkən Fərzanə adlı
xanımla, 11-ci müəssisənin məhbusu Rüfətin nikah mərasimi keçirilirdi.
Mən o nikahda qız tərəfin şahidi idim. Musiqiçilər
də var idi mərasimdə. Birdən elə bildim ki,  arxada  Azər Zeynalov
 oxuyur. Eyni ifa, eyni səs, eyni üslub, eyni mahnı, “Şükriyyə”…
Geri döndüm. Bəstə boylu, qarayanız, bir az da utancaq, yanaqları allanmış,
22-23 yaşlı bir oğlan idi oxuyan. Çox təsirləndirmişdi hamını səsiylə.
Həbsxananın
rəisi Mahir müəllim mənə sarı dönüb yavaşca “həyat adamlara acımır.
Buralıq uşaq deyil, heç deyil” dedi. Mərasim bitdi. Ona yaxınlaşıb adını
soruşdum. Səbuhiyəm dedi, Səbuhi Hüseynov. 
Zamanımız çox az idi bircə bunu deyə bildim onda: “Səni mütləq tapacam Səbuhi”…
 
***
 
İki
ay keçdi. Və mən yenə həbsxanalardan reportaj hazırlayacaq
jurnalistlərin siyahısında idim. 11 saylı cəzaçəkmə müəssisəsi də vardı
gedəcəyimiz yerlər arasında. Müəssisəyə çatar-çatmaz rəhbərlikdən ilk
xahişim bu oldu. O oğlanı tapın mənə, Səbuhini. Çox az zaman keçdi
xahişimdən. O gəldi, mənin salam verməyə belə zamanım olmadı. İçəri
girən kimi danışmağa başladı: “Siz gedəndən gözləyirəm! İnanmazsınız, amma mən doğurdan gözləyirdim! Bilirdim gələcəksiniz! Məni mütləq tapacaqsınız! “…
Hiss
olunurdu, qaçaraq gəlib. Təngnəfəs idi. Üzü pörtmüşdü. Alnının tərini
əlinin dalıyla silə-silə gülümsədi. Sonra onu gətirən mühafizəçiyə tərəf
baxıb bu dəfə ona  “vallah bilirdim eee gələcək” dedi. Alnının tərini
sildiyi əlini görüşmək üçün mənə uzatdı, amma özü heç fərqinə varmadı
bunun. 
Danışmağa davam elədi: “Xoş gördük, xoş gəldiniz. Hər şey bu gündən başlayacaq. Bu gündən hər şey daha yaxşı olacaq”.
Hər
şeyi elə ürəkdən və sürətlə deyirdi ki, dayanıb üzünə baxırdım. O qədər
sevincli idi, elə bil günlərdir hazırlaşırdı bu görüşə. Bu boyda
ümidin, sevincin qarşısında ağlıma ilk gələn bu oldu: Həmişə kimisə
gözləmək lazımdır, mütləq! Lap o adam heç zaman gəlməyəcək biri olsa
belə, onu çox, lap çox gözləmək lazımdır… Gözləməsə yaşaya bilməz
insan…
Lap qəribə oldum. Mühafizəçi də
gülümsəyirdi, yaranmış mənzərəyə görə. Mənim ikisinə də baxıb
gülümsəməkdən başqa yolum qalmamışdı. O danışırdı. Mən nəsə eşidirdim.
Amma nə? Bunu bilmirdim. Əslində nə cavab verəcəyimi bilmirdim. Kiminsə,
haradasa məni bu qədər ümidlə gözləyə biləcəyini ağlıma gətirməmişdim.
Həm də inanılmazdı. Bilirsinizmi nə? Heç xəbərin olmadan kiminsə ümid
yerisən. Kimsə inanır ki, bir gün sən gələcəksən. Və bütün yaxşı şeylər
sənin gəlib onunla üzbəüz oturub, söhbət edəcəyin andan, haqqında nəsə
yazmaq istədiyini deməndən başlayacaq.
…Birdən
ayıldım ki, bu uşağın əli bayaqdan havada qalıb axı. Əlimi uzadıb
görüşdüm. Və söhbətə başladıq. Ondan həbsxanaya necə düşməsini danışmağı
xahiş elədim:
– Elə çox yaşım yoxdu, 1990-cı
ildənəm. Neftçalada doğulmuşam. Valideynlərim sadə adamlardır. Bir də
özümdən kiçik bir qardaşım var. Dayımı öldürmüşəm…
Dediyi
sözdən utandı həm də. Gözünü yerə dikib başını buladı: “Özüm də
bil-mi-rəm necə oldu bu? O bıça.. bıçağı əlimə necə, nətər aldım? Necə
vur…vura bildim? Necə baş verdi  eee o hadisə?” 
Bütün bunları qırıq-qırıq deyir. Əli ilə saçını qarışdırıb, ovcunun içi ilə alnına vurdu. Və yenə davam elədi danışmağa:

Türkiyədə bizneslə məşğul olurdu böyük dayım. Çox yaxşı adam idi.
Ailənin bir problemi olanda təkcə biz yox, hamı onun üstünə qaçardı. Bir
də kiçik dayım vardı. Cüdo ilə məşğul idi. Amma yeri-gəldi gəlmədi,
böyük-kiçik bilmədən hamını təhqir eləyir, əl qaldırırdı.
Maraqlanmışdıq, narkotiklə, içki ilə arası yox idi.  Sadəcə adamın
xarakteri belə idi. Kimsəylə yola getmirdi. Böyük dayım yanına aparmışdı
onu. Elə bilirdi ki, özü nəzarət eləsə adam olar qardaşı. O gedəndən az
sonra Türkiyədən bir xəbər aldıq. Elə bir xəbər ki, bütün ailəmizin
taleyini həll elədi. Böyük dayım yaşadığı binanın onuncu mərtəbəsindən
özünü atıb intihar eləyib dedilər. Amma biz bu rəsmi məlumata inanmadıq.
Bilirsinizmi niyə? Onun maddi durumu çox yaxşı idi. Kiməsə borcu filan
yox idi. Hər ay yaxınlarına köməklik edirdi. Ailəsi əla yaşayırdı. Özü
də qanunlara zidd işlər görməkdən çəkinən adam idi. Qaranlıq işləri
olmazdı. Deyirdi az qazan həmişə qazan. Amma kiçik qardaşının onun
yanına getməsindən sonra danışıqlarında narahatlıq hiss eləmişdik. Üzə
vurmaq istəmirdi özü. Deyirdi hər şey yaxşıdır. Nə başınızı ağrıdım
böyük dayımın faciəsindən sonra hamı əminliklə dedi ki, mütləq o, kiçik
dayım, nəsə bir iş görüb orda. Və qardaşı onun əməlinin qurbanı olub.
Yəni özünü onuncu mərtəbədən atmamışdı dayım. Onu öldürmüşdülər. Bizim o
işin dalınca düşmək imkanımız olmadı. Təbii ki, maddi baxımdan. O
hadisədən sonra kiçik dayım Rusiyaya getdi. Orda yaxşı pul qazanmağa
başladı. Burda hamının şübhəsi bir az da artmışdı. Amma nəsə sübut
eləmək olmazdı deyə susurdu hamı. Həm də nə əhəmiyyəti vardı ki?! Pul
qazansa da, xarakteri heç dəyişmirdi. Özü də bilirdi ki, hamı ondan bir
az şübhəlidir. Bu bir az da qıcıqlandırırdı onu. Heç nə danışmırdı amma.
 Özünü aparmasından bəlli idi ki, bizim bilmədiyimiz nəsə bilir böyük
dayımın ölümü haqda. Amma demirdi. Xarakteri üzündən ailəsindən ayrıldı.
Və daha Rusiyaya da getmədi. Ortancıl qardaşının evində qalırdı.
Bacıları, elə anam da tez-tez baş çəkirdilər ona. Bir gün dayımın arvadı
“başıalovlu” bizə gəldi. Ağzından az qala köpük daşırdı. Hirslə anama ”
“vsyo”, mən day dözə bilmirəm, gəlin yiyə durun dəlinizə. Mənim
uşaqlarımı qırdı batırdı. Qız bilmir, oğlan bilmir, ağzını açıb danışanı
sillələyir. Siz yiyə durmasaz, mən vurub onu öldürəcəm bir gün yatdığı
yerdə”…
İstədim qalxım gedim danışım. Atam
qoymadı ki, sən qarışma. Uşaqsan. Heç mən də qarışmıram. Anan getsin,
bacı qardaş yığışıb özləri həll eləsinlər” dedi. Oturdum. Anam getdi.
Qayıdandı dəhşətə gəldim. Anamı döymüşdü. Üzü, gözü pis vəziyyətdə idi.
Bu dəfə də ayağa durmaq istəyəndə xalaoğlum dilləndi: “Sən ondan uzaq
dur. O qaşınır. Bir gün… Nəysə ee sən uzaq dur” söylədi. Yenə oturdum.
Atam anama nə özü bir söz dedi, nə də məni yaxın qoydu ona. Çox ağladı
anam. O gündən bizim kiçik dayımla münasibətimiz kəsildi. Qulağımız dinc
idi. Bizə gəlib getmirdi. Anam dindirmirdi deyə, kimsə ondan anama
danışmırdı da. Üstündən bir neçə ay keçdi. Eşitdik ki, yenə gedib
Rusiyaya. İnanın, elə bil hamının canı, ruhu dincəldi. Az keçmədi
qayıtdı. Bu dəfə xalamgildə yerləşdi. Bir gün də xalam zəng elədi ki,
bu, yəni dayım,  sizə gəlmək istəyir. Atam heç nə demədi.  Anama dedim
ki, bizimlə münasibəti olmasını istəmirəm onun. Amma uşaq idim kimdir,
əhəmiyyət verən?!..
Kiçik dayı yenidən ayaq açır
Səbuhigilə. Amma təkcə o deyildi ki, onunla birgə böyük bir faciə də ilk
addımlarını atdı onların evinə. Və günlərin birində xalasıgildən gələn
anasının üz-gözünü yenə qan içində görəndə atası səsini qaldırdı:
 “Yetər artıq, bu qədər olmaz. Dünya dərəbəylik deyil. Nə qədər göz
yumaq?” Səbuhi kimsəyə bir söz demədən evdən çıxıb xalasıgilə gəlir:

İlk soruşduğum bu oldu ki, niyə belə eləyirsən? Əl qaldırdığın
adamların çoxu səndən böyükdür. Nə ixtiyarın var anama əl qaldırmağa?.
Söydü. Çox pis söydü. O qədər pis ki, xalam  “hiiiiiyyyy, Allah sənə
lənət eləyər ee” dedi.  Vəssalam! Mənim üçün elə bir pərdə xalamın son
dediyi o cümlə ilə bağlandı. Bir də onda ayıldım ki, qarşımda bir adam
oturub. Yox, hərbi geyim deyildi əynindəki. Mülki geyim də deyildi.
Kimsə yaxınlaşıb ona “cənab müstəntiq” deyə müraciət edəndə, elə bil
məni də çimdikləyib ayıltdılar.  Yavaş-yavaş yaddaşım bərpa olundu.
Dindirmə zamanı uzun müddət  xalamın “hiiiiiyyyy, Allah sənə lənət
eləyər” sözündən başqa heç nə xatırlamırdım. Çox ağladım. Uşaq idim axı.
Elə müstəntiqə ilk sualım da uşaq sualı idi. Soruşdum ki, neyləmişəm?
 “Dayını öldürmüsən” cavabından sonra susdum. Yavaş-yavaş xatırlamağa
başladım. İki… yox üç… deyəsən dörd…yox, yox üç dəfə vurdum onu.
Ayaq üstə idik. O yıxıldı qucağıma, can verən adamın üstünə yıxılıb
çabalaması, həm də isti qanının paltardan süzülüb sənin də bədəninə
toxunması adamı üşüdür, titrəyirsən. O üstümdə çabalayırdı. Xalam
bərkdən qışqırırdı. Mən bircə bunu dedim ki, vəssalam, hamının canı
səndən qurtardı, amma mən də öldüm səninlə. Bir də o yadımdadır ki,
Mənsuməyə  zəng elədim. “Alo” deməsini eşidən kimi “məni tutacaqlar,
istəyirəm sənə deyim ki, sənə hər şeyi halal eləyirəm. Kimə desələr, ona
get. Amma özün adam seçmə. Pis olaram yerimə başqasını özün seçsən. Qoy
evdəkilər seçsin” dedim. O sevdiyim qız idi axı.
 
***
 
Səbuhi
tez ailə qurmaq niyyətində olub. Mənsumə ilə uşaqlıqları bir yerdə
keçib. O, uzaq qohumlarının qızı idi. Amma nə olsun ki, qohum idilər,
qızın ailəsi bu evliliyə razı deyildi:
-Qınamırdım
onları. Bizim evdə hər gün dayıma görə dava olurdu. Kim istəyər ki,
qızı mübahisələrlə dolu bir evə gəlin olsun, heç kim. Amma Mənsumənin də
valideynlərinin problemləri var idi. Onlar uzun mübahisələrdən sonra
ayrıldılar.  Anası ilə qalırdı Mənsumə. Anası hətta ayrılandan sonra da
bizim evlənməyimiz istəmirdi. Bir dəfə ona dedim ki, “sən qoyma, amma
sənə söz verirəm, bu dünyanın ən qaranlıq, ən axırıncı yerində olsam
belə, onunla evlənəcəm”.  Qadın heç nə demədi mənə. Dayımı vurmuşdum.
Yəni elə bir hadisə baş vermişdi ki, mən doğurdan da dünyanın həmin o
axırıncı, qaranlıq yerinə gedirdim. Bir də məni dəhşətə gətirən
bilirsinizmi nə idi? Bayaq dedim axı ki, onu vurandan sonra üstüm düşüb
çabalayırdı.  Çox uzun müddətdən sonra xatırladım bu sözü.  “Məni
tutacaqlar, mən bitdim” dediyimdə mənə cavab vermişdi: “Qorxma qoymaram
səni tutsunlar, ölməyəcəm ki”. Amma öldü. O, məzara, mən məhbəsə getdim.
Dişi
ilə dodağını bərk sıxdı: “Amma siz bilmirsiniz, mənim nə arzularım
vardı, bilmirsiniz”.  Başımı silkələyib zorla da olsa  gülümsədim. Bu
“nə arzuların vardı ki?” soruşmaq idi həm də…

Xatırlamış olarsınız ATV kanalının bir layihəsi vardı, “Tanıdım səni”
adlı. Mən o layihədə finalçılardan biri idim. Səsimi çox bəyənirdilər.
Elə o ərəfələrdə xalq artisti Azər Zeynalovun yanına da getmişdim. Düz
iki il fərdi məşğul oldu mənimlə. İncəsənət Universitetinə, sonra Milli
Konservatoriyaya qəbul olmaq istəyirdim. Savadlı ifaçı kimi tanınmaq idi
arzum. Çox mütaliə eləyirdim, ciddi hazırlaşırdım, olmadı. Azər
müəllimin ifaçılıq sənəti ilə bağlı mənə verdiyi, məsləhət bildiyi
kitablar var idi. Onları o qədər böyük həvəslə oxuyurdum ki, heç
təsəvvürünüzə gətirə bilməzsiniz. Amma noolsun, görün hara düşdüm… Mən
tutulandan sonra qarşısında utandığım adamlardan biri də Azər müəllim
idi. Məni bəyənmişdi. Zaman sərf edib öyrədirdi. Mən özümün də, onun da
zəhmətini yerə vurdum. Özümə haqq qazandırmıram. Adam öldürmüşəm.  Özü
də doğma dayımı. Amma 21-22 yaşlı bir oğlan, üstəlik anası hər gün
təhqir olunur gözünün qarşısında. Anamı görəndə indi də utanıram. Yanıma
gəlməsəydi də inciməzdim ondan. Zarafat deyil, qucağında böyütdüyü
cavan qardaşını doğmaca balası qətlə yetirib. Bir dəfə özünə dedim ki,
istəyirsən gəlmə, səni anlayaram. “Qələt eləmə, gələcəm” dedi. Daha
qorxumdan ona nəsə deyə bilmədim. Anam çox güclü qadın imiş.  Amma
xalamı, o biri dayımı yanıma gəlməyə qoymuram. Onlar gəlmək istəyir.
Deyirəm gəlməyin. Utanıram. Mənə elə gəlir ki, anam xaric, onlardan
hansınısa üzbəüz görsəm, o dəqiqə ölərəm. Belə rahatam bir az. Amma
əvvəl günlər burda da dözə bilmirdim. Bütün gün, başıma vururdum.
Qorxulu vahiməli gəlirdi mənə hər şey, hər yer, hamı. Hətta özümə qəsd
eləmək də istəmişdim.
Qollarında kəsici alətlə cızılmış yerləri göstərir danışa-danışa:

İndi öyrəşmişəm. Amma burda dərdi, problemi, qayğısı olan adamlardan
uzaq dururam. Öz dərdim o qədər böyükdür ki, tək bunu çəkə bilməyimə
heyrət eləyirəm hərdən. Heç kimlə yaxın deyiləm burda. Kitabxanaya
gedirəm çox vaxt. Kitab oxuyuram. Musiqiyə, fəlsəfəyə, tarixə aid
kitablarla maraqlanıram. İki ildir burdayam. Məhkəmə on bir il cəza
verib mənə. Doqquz ilim qalıb qabaqda. Amma bilirəm ki, tez çıxacam.
Hamı bilir ki, mən buralıq adam deyiləm. İnamsız adam olmaz. Bilirəm ki,
 məndən mütləq kimsə olacaq. İnamım böyükdür bundan sonrama. Sizə bir
söz deyim, təkcə insanın həyatı yox, həm də gözəl musiqilər, kitablar da
böyük inamların nəticəsində yaranıb. Adamlar mütləq əmin olmalıdırlar
ki, o gün, onların günü mütləq var və gələcək. Hərdən oturub yazıram.
Şer də, hekayə də  var gündəliyimdə. Zümzümə eləyib musiqi də
bəstələyirəm. Yaxın dostlar bir təklif ediblər mənə. Deyirlər həbsxana
rəhbərliyində razılıq al, mahnılarından ibarət disk buraxaq. Çox
istəyirəm bunu eləyim. Mahir müəllimə deyəcəm. Bilirəm ki, köməklik
edəcəklər. Burda o diski buraxdıra bilsək, azadlığa çıxandan sonra daha
yaxşı işlər olacaq, əminəm. Qardaşıma, valideynlərimə, bir də yoldaşıma
lazımam axı….
– Yoldaşımaaa?  
Bayaqdan yanımızda duran mühafizəçiyə sarı baxdım. O da: “Hə, evləndi axı burda” dedi.
– Nə evlənməsi?
Səbuhiyə baxıb “özü desin də” söylədi mühafizəçi. O da söylədi:

Ötən il Mənsumənin anasına məktub yazdım. Axı sizə söyləmişdim ki, ona
“dünyanın ən qaranlıq yerində olsam da bu qızla evlənəcəm” demişəm.
Yazdım ki, dünyanın ən qaranlıq yerindəyəm. Xahiş eləyirəm icazə və
halallıq ver onunla evlənim. Üstündən bir az keçmiş mənə dedilər ki,
ziyarətçin var. Gördüyümə inanmadım. O, Mənsuməni də götürüb gəlmişdi.
Dedi ki, hallalıq da, icazə də verir evlənməyimizə. Mən səs-küy
istəmədim. O üzdən həbsxana rəhbərliyindən xahiş elədim ki, mətbuata
xəbər verməsinlər. İstəmədim Mənsumənin adı mətbuata düşsün. Rayonda
kimsə desin ki,  getdi həbsxanada evləndi. Buna fəxr olunacaq yer deyil.
Həbsxananın rəhbərliyi çox anlayışla qarşıladı dediklərimi.
Bayaqdan diqqətlə qulaq asan mühafizəçi də müdaxilə elədi söhbətimizə bu dəfə:
– Düz deyir, o istədi, biz də elədik, sakit, səssiz-küysüz….
Yenə Səbuhi davam eləyir:

İndi bizdə qalır. Ata-anamın yanında. Rahatam. Bəlkə də özümə mütləq
nəsə edərdim bu nikah olmasaydı. Amma istəmirəm bura gəlib getsin. Burda
ailəli adamlar üçün nəzərdə tutulan yerdə qalsın. İstəyirəm onunla
həyata mən burdan çıxandan sonra başlayaq. Ona qədər elə bizdə qalsın,
bu yetər…
 
SON: Hərədən barışa
bilmirəm, bəlkə üsyan da demək olar buna. Düşünürəm ki, içində istedadı,
gözəl ruhu, bacarığı olan xeyli adam var, uğursuzdur həyatı. Məsələn
heç kimin ağlına gəlmədiyi halda gedir həbsxanaya düşür.  Bataqlığın düz
ortasında gözəl bir çiçəyi yaratmağa, sonra çirklənməsinə, məhv olub
getməsinə yol verməyə nə ehtiyac var ki? Sonra da düşündüm ki, yəqin
yaranmalıdır. Çünki bütün pisliklər, uğursuzluqlar həm də yaxşı bir
nümunədir. İnsanlar baxıb dərs ala bilsələr təbii ki…(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=14442

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728