Bakılı erməni qadın: “Torpaqlar Azərbaycana qayıtsa qurban kəsəcəm”
and olsun qurban kəsərəm”. Bu sözləri Bakıda yaşayan erməni qadın deyir.
ANS PRESS-in məlumatına görə, KarabakhİNFO.com beynəlxalq e-jurnalının
“Günahsız günahkarlar” layihəsinin növbəti həmsöhbəti, Bakıda yaşayan
erməni əsilli qadın Janetta Məmmədova olub.
Dağlıq Qarabağ münaqişəsindən sonra köçüb getməyən Bakı ermənilərinin
bəziləri Dövlət Statistika Komitəsinin hələ 1999-cu ildə keçirdiyi
siyahıyaalma zamanı öz milliyətini gizlətməkdən çəkinməmişdir. O zaman
Dağlıq Qarabağ istisna olmaqla, Azərbaycanda 700-ə yaxın erməninin
yaşadığının qeydə alındığı bildirilir. Deməli, o zaman azərbaycanlıların
arasında yaşayan yalnız 700 nəfər erməni milliyətini açıq söyləməkdən
çəkinməmişdir.
Amma Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları müxtəlif
vaxtlarda, müxtəlif tribunalardan dəfələrlə aramızda kifayət qədər
erməninin yaşadığını bildiriblər və daha çox səsləndirilən rəqəm isə 30
min nəfərdir. Əslində bu rəqəmin az və ya çox olması o qədər də önəmli
deyil. Faktdır ki, hələ də ölkəmizdə ermənilər var və onlar Azərbaycan
vətəndaşları ilə bərabərhüquqa malikdirlər. Amma Ermənistanda bir nəfər
belə olsun azərbaycanlı yoxdur. Çünki onlar etnik təmizləmə siyasəti
apararaq bütün azərbaycanlıları öz evlərindən qovublar.
“Karabakhinfo.com”e-jurnalının mövzu ilə bağlı 20 oktyabr 2012-ci il
sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin rəsmi məktubunda
qeyd edilib ki, 2009-cu il əhali siyahıyaalınmasının yekunlarına əsasən
Azərbaycan Respublikası üzrə erməni əhalisinin sayı 120 min 306 nəfər
təşkil edir. Yəni ölkə əhalisinin isə 1,3 faizi ermənilərdən ibarətdir.
Daha çox Bakı və Bakıətrafı ərazilərdə yaşamalarını nəzərə alaraq bu
yerlərdəki bir neçə erməni ilə söhbətləşib, onların yaşayış tərzi,
Azərbaycanda qalma səbəbləri və digər bu kimi məsələlərlə maraqlandıq.
“Mən istəyirəm ki, Ermənistan sülhə imkan versin”
Həmsöhbətimiz Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində
yaşayan erməni millətindən olan Janettadır. Artrit xəstəliyindən əziyyət
çəkdiyindən əsa ilə yeriyir. Hər il sanatoriyada müalicə olunduğunu
deyən Janetta bizi görən andan dönə-dönə hamıdan razı olduğunu söyləyir.
Elə erməni qadının qonşuları da onun haqqında ağızdolusu danışır,
Janettanın çox istiqanlı, hamıya qarşı açıqürəkli olması ilə diqqət
çəkdiyini bildirirlər. Evində bizi Janettanın qaynı və kürəkəni
qarşılayır.
Dəbdəbədən uzaq, bir qədər səliqəsiz görkəmdə olan evə girər-girməz
diqqətimizi çəkən ölkə başçısı İlham Əliyevin dolabdakı fotosu olur.
Baxdığımızı görən Janetta: “Ona canım qurban, hamısından razıyam. O,
olmasaydı necə dolanardıq”.
Divardakı İslam dininə aid şəkilləri görüb dini inancı ilə maraqlanırıq.
“Bura gələn gündən müsəlmanlığı qəbul etmişəm” – deyir. Beləcə, Janetta
xanımla söhbətə başlayırıq.
– Mən Məmmədova Janetta Uluxan qızı. Leninakanda anadan olmuşam. Atamın
adı azərbaycanlı adına oxşadığına görə tanımayanlar erməni olduğumu
bilmir. Azərbaycana gələnə qədər, yəni ailə qurana qədər Leninakanda
yaşamışam. 1978-ci ildə Azərbaycana gəlin köçmüşəm. Bir ildən sonra isə
1979-cu ildə əhəng zavodunda işə düzəlmişəm. 1988-ci ilə qədər orada
gözətçi işləmişəm. Uşaqlar dərsə getməyə başlayandan sonra işlərimi
çatdıra bilmirdim deyə işdən çıxdım.
– Azərbaycanlı oğlanların erməni qızlarla ailə qurması daha çox iki
halda baş verirdi – ya hər ikisi bir şəhərdə, bir məhlədə yaşayırdılar,
qonşu olurdular, ya da tərəflərdən biri digərinin vətəninə getdiyi zaman
tanışlıq olurdu. Sizin tanışlığınız necə olub?
– Mənim indiki həyat yoldaşım o vaxt Ermənistana gəlmişdi və orada
təsadüfən tanış olduq. Sonra da elə oldu ki, o məni buraya qaçırdı.
Beləcə, o vaxtdan bir yerdəyik, üç qızım, nəvələrim var.
“Adımı dəyişmək ağlımdan keçməyib”
– Qonşular arasında erməni olduğunuzu bilən varmı və sizə qarşı münasibət necədir?
– Qonşuların hamısı bilir ki, erməniyəm və buna görə indiyədək hər hansı
təzyiqlə üzləşməmişəm. Hər il Şıxov çimərliyinə sanatoriyaya gedirəm,
orada da mənə o qədər hörmət edirlər ki. Bilirlər ki, erməni əsilliyəm.
Münasibətlərimiz çox yaxşıdır.
– Azərbaycanda yaşayan bir çox həmvətənləriniz adını dəyişdiriblər. Amma
siz dəyişməmisiniz. Bunu sizin burada özünüzü tam təhlükəsiz hiss
etməyinizlə əlaqələndirə bilərikmi?
– Elədir. Adımı dəyişmək heç ağlımdan da keçməyib. Məni burada Janna deyə çağırırlar.
– Sonuncu dəfə Ermənistanda nə vaxt olmusunuz, vətəninizlə bağlı daha çox nələri xatırlayırsınız?
– Allah dağıtsın Ermənistanı. Nə xatirəm olacaq ki? Bacıdan, qardaşdan
da olmuşuq. Sonuncu dəfə 1987-ci ildə olmuşam. Ondan sonra da
Ermənistanda zəlzələ oldu, oradakı qohumlarımın hamısı, valideynlərim,
bacım Rusiyaya getdilər. Sonra da valideynlərim vəfat etdi. İndi də
bacı-qardaşlarım Rusiyada yaşayır. Təkcə bir bacımla danışıram, o da
arada bir, həmişə yox. Ürəyim küsüb hamısından. Gərək belə olmayaydı,
ana-bacı kimi yaşayırdıq. Axı, bu ölən cavanların nə günahı var idi?
– Azərbaycanda başqa qohumlarınız varmı?
– Yox. Heç kimim yoxdur. Hamısı Rusiyadadır. Ora da getmək istəmirəm. Heç birini görmək istəmirəm.
“Anam dedi gəl, yoxsa səni görmədən öləcəm”
– Erməni kimi doğulan Janetta indi özünü azərbaycanlı, yoxsa erməni hesab edir?
– Mən bura gələn gündən özümü azərbaycanlı hesab edirəm. Buranı da özümə vətənim bilmişəm.
– Münaqişə başlayandan sonra Azərbaycanı tərk edən bir çox ermənilər kimi sizin də getməməyinzin səbəbi bu ola bilərmi?
– Mən övladlarımı yetim qoyub qayıda bilməzdim. Üç qız uşağını qoyub
hara gedə bilərdim ki? Getmədiyimə görə də heç vaxt peşman olmadım. Anam
da zəng edib ağladı, dedi gəl, yoxsa səni görmədən öləcəm. Həqiqətən də
məni görmədən öldü. Ona dedim ki, sən bir övladından olursan, amma mən
üç övladımı itirə bilmərəm. Getmədiyimə görə Allah məni çətin vəziyyətdə
qoymadı. Qızlarımın üçünü gəlin köçürtmüşəm, hamısı azərbaycanlı ilə
ailə qurub.
– Yəqin ki, Ermənistanın hazırkı sosial vəziyyətini televiziyadan seyr edirsiniz…
– Bəli baxıram, deyirlər vəziyyət çox pisdir.
“Necə deyim, günah kimdədir?”
– Münaqişənin həll olunması üçün müxtəlif varinatlar təklif olunur –
Azərbaycan tərəfi torpaqlarını ya sülh, ya da hərb yolu ilə
qaytaracağını, Ermənistan tərəfi isə Qarabağın Ermənistanın tarixi
torpağı olduğunu iddia edir və danışıqlardan müxtəlif bəhanələrlə
yayınır. Sizcə, haqlı tərəf hansıdır və münaqişənin hansı formada həlli
siz ermənilər üçün də məqbuldur?
– İstəyirəm ki, torpaqlar Azərbaycana qaytarılsın. Allaha and olsun
qurban kəsərəm. Başqa heç nə bilmirəm. Hər iki millətin birgə yaşamasına
isə yuxarıdakılar qərar verə bilər. Mən istəyirəm torpaqlar
qaytarılsın. Ermənistan imkan versin sülh olsun, əmin-amanlıq olsun,
torpaqlarımız geri qayıtsın.
– Sizcə, torpağın qaytarılmasına imkan verməyən hansı tərəfdir?
– Bu axı siyasi məsələdir. Mən axı necə deyim günah kimdədir? Siyasi suallar verməyin.
– Siz siyasi suala cavab verirmiş kimi deyil, vətəndaş kimi münasibətinizi bildirin mümkünsə…
– Mən istəyirəm torpaqlar Azərbaycana qaytarılsın.
Beləcə, erməni xanımla söhbətimizi yekunlaşdırırıq. Bayırda bizi Janetta
xanımın kürəkəni qarşılayır: “Gərək siyasi suallar verməyəyədiniz.
Qayınanamın şəkəri var. Narahat ola bilər” – deyə həyəcanını gizlətmir.
Bir daha əmin oluruq ki, qohumluq əlaqələri millətlər arasındakı
münaqişəni kölgədə qoyur. Bir də ki, zaman-zaman münaqişələrin həll
olunması, ittifaq bağlanması üçün belə qohumluq əlaqələrindən azmı
istifadə olunub?
Short URL: http://www.cumhuriyyet.net/?p=14445