Şuşanın icra başçısının qətlinin gizlinləri
Gözəlovun ölümündən dərhal sonra
bir-birinin ardınca Cəmilli, Meşəli, Kərkicahan və s. kimi strateji yaşayış
məntəqələri işğal olundu
“Mərhum
deputat Şadman Hüseynov da Milli Məclisdəki çıxışlarından birində demişdi ki,
Şuşanın icra başçısı Mikayıl Gözəlov Qarakənd üzərində vertolyotun vurulması
ilə bağlı sirləri bildiyinə görə qətlə yetirilib”. Bu sözləri axar.az-a
Qarabağdakı proseslərdə yaxından iştirak edən jurnalist Kərim Kərimli Şuşanın
Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş icra başçısı Mikayıl Gözəlovun ölüm
səbəbləri haqqında məsələləri açıqlayarkən söyləyib. Özünün istəyi ilə
jurnalistin açıqlamasının tam mətnini olduğu kimi təqdim edirik: “Qarakənd
üzərində Azərbaycan vertolyotu 1991-ci il noyabrın 20-də vurulub. Mikayıl
Gözəlov isə həmin il dekabrın 11-də qətlə yetirilib. Bu isə cəmi 21 gün sonra
deməkdir.
Gözəlovun
qətlə yetirilməsindən bir müddət sonra sizin toxunduğunuz məsələ ilə bağlı
fikirlər səslənirdi. Hətta mərhum deputat Şadman Hüseynov da Milli Məclisdəki
çıxışlarından birində demişdi ki, Şuşanın icra başçısı Mikayıl Gözəlov Qarakənd
üzərində vertolyotun vurulması ilə bağlı sirləri bildiyinə görə qətlə
yetirilib. Ancaq mənim bildiyim odur ki, başqa versiyalar kimi, bu variant
üzərində də lazımi səviyyədə araşdırma aparılmayıb və ortada münasib nəticə
yoxdur. Hər halda, bizə bəlli deyil. Mikayıl Gözəlovu öldürən şəxs məlumdur və
o, 23 ildir ki, həbsxanada cəza çəkir. Hadisəni onun törətməsinə heç bir şübhə
yoxdur, – bunu məhz sualınızın “kim tərəfindən” hissəsinə görə xüsusi
vurğulayıram, – çünki bu indi də sağ olan insanların gözləri qarşısında baş
verib, özü də etiraf edib. Yəni “Kim öldürdü” sualının cavabı məlumdur. Amma
sualınızın ikinci, yəni “niyə öldürüldü” hissəsinin cavabı isə hələ tapılmayıb.
23 ildir ki, Mikayılın ölümünün səbəblərini bildirəcək cavabın yolunu həm onun
yaxınları, doğmaları, ailə üzvləri, qohumları, dostları, həm Şuşanın işğalının
səbəblərini detallarına qədər bilmək istəyən adamlar, həm də həqiqət aşiqləri
gözləyir. Yəni həqiqət hardadır?
O zaman
səslənən və çox adamın da əmin olduğu məlumatlardan biri də bu idi ki, həmin
gün, yəni dekabrın 11-də axşam saat 20.00-da işğalçı Ermənistanın silahlı
quldur dəstələrinin Qarabağdakı mövqelərinə və dayaq nöqtələrinə qarşı çox
yaxşı hazırlanmış və ciddi bir əməliyyat başlayacaq. Həmin əməliyyatı idarə
edən qərargaha da Gözəlov özü rəhbərlik etməli idi. Lakin əməliyyatın
başlanmasından təxminən 45-50 dəqiqə qabaq onu aradan götürdülər. …Və bütün
hücum əmrləri ləğv edildi. Ermənilər əks-hücuma keçərək bizə divan tutdular.
Dalbadal dəhşətli hadisələr baş verdi. Gözəlovun ölümündən dərhal sonra
bir-birinin ardınca Cəmilli, Meşəli, Kərkicahan və s. kimi strateji yaşayış
məntəqələri – kənd və qəsəbələr darmadağın edilərək yandırıldı, onlarla insan
qətlə yetirildi və s. Onu da deyim ki, Mikayıl müəllimin ölümündən sonra bir
jurnalist kimi müsahibə aldığım onlarla adam bu fikirləri söyləyib, yaxud
təsdiq edib.
Sonralar mən
o zaman Şuşa Fövqəladə Vəziyyət Rayonunun Hərbi Komendantı olan, Bakıda Daxili
İşlər Nazirliyinin Banditizmə və Terrorizmə Qarşı Mübarizə İdarəsinin rəis
müavini işləyərkən qətlə yetirilən polkovnik Ələkbər Əsgərovdan da bu barədə
müsahibə almışdım. O, çox məlumatlı adam idi və baş verən hadisələrin
“anatomiyası”nı bilirdi. Mənim “Ermənilərin Şuşanı işğal planına Mikayıl
Gözəlovun öldürülməsi də daxil idimi?” tipli sualıma o, təxminən belə cavab
vermişdi: “Mikayılın öldürülməsi ermənilərin əsas məqsədlərindən biri idi.
Lakin özümüzünkülər qabağa düşərək onu qətlə yetirdilər və ermənilərə bu
xidməti göstərdilər. Onları ən əsas məqsəd və arzularından birinə çatdırdılar”.
Ə.Əsgərov
Mikayıl müəllimi yerində olan adam kimi xarakterizə edərək, Şuşanı ermənilərə
təslim etmək istəyən qüvvələrə mane olduğuna görə öldürüldüyünü söyləyirdi. Bu
müsahibə 1992-ci ilin mart-aprel aylarında o vaxtın populyar mətbu
orqanlarından olan “Qarabağ” qəzetində dərc edilmişdi. İstənilən halda, Şuşanın
icra başçısı və o dövrdə əsas müdafiə qüvvələrini əlaqələndirən əsas şəxsin elə
bir çətin vaxtda aradan götürülməsinin təsadüfi, adi bir qəsd olduğuna o zaman
da heç kim inanmırdı, indi də heç kəs inanmır. Hər halda indiyədək məsələnin
üstünün tam açılmaması bu deyilənlərə bir sübutdur”.
Qeyd edək ki, Şuşanın icra başçısı olan Mikayıl Gözəlov 1991-ci il dekabrın
11-də iş otağına açılan aramsız atəş nəticəsində qətlə yetirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=14470