Neftin düşməsi Azərbaycanı “vurdu”

12.12.2014 - 10:13

Ökədə kütləvi ixtisarlar
başlayır; “Qara qızıl”ın qiymətinin ucuzlaşması ölkəmizi ciddi
təhlükələrə soxa bilər; BP rəhbəri və YAP-çı deputat ixtisarlar
olacağının anonsunu verdi; işdən çıxarılmalarla yanaşı, bir sıra sosial
proqramların və iri infrastruktur layihələrinin dayandırılması da
gözlənilir

Bu
baxımdan, ölkədə həyata keçirilən, yaxud nəzərdə tutulan bir sıra
layihələrin təhlükə altına düşəcəyi, iş yerlərində kütləvi ixtisarların
olacağı gözlənilir. İxtisarlarla bağlı artıq bir sıra məlumatlar
yayılmaqdadır və bu, cəmiyyətdə ciddi narahatlıq doğurur. Neftin
qiymətinin kəskin şəkildə düşməsi Azərbaycanda minlərlə adamın iş yerini
itirməsinə səbəb ola bilər.

Bu ixtisarların Azərbaycanda fəaliyyət göstərən böyük şirkətləri də
əhatə edəcəyi qaçılmaz görünür.  Bununla bağlı artıq rəsmi açıqlamalar
da var.  Məsələn, Böyük Britaniyanın “Guardian” qəzetinə müsahibəsində
BP şirkətinin baş icraçı direktoru Bob Dadli bildirib ki, gələn il
şirkət məcburi ixtisarlara 1 milyard dollar xərcləyəcək. İxtisarların
aparılacağı ölkələr arasında Azərbaycanın da adı var. Məcburi
ixtisarlara əsas səbəb kimi neftin kəskin ucuzlaşması göstərilir.
Başqa xarici şirkətlərdə də ixtisarların aparılacağı haqda
məlumatlar var və bəzi bu cür qurumlarda artıq işçilərə bununla bağlı
xəbərdarlıq da olunub.
İxtisarların kütləvi şəkildə aparılacağı sahələr arasında təhsil
sisteminin də olduğu bildirilir. Elə YAP icra katibinin müavini, deputat
Siyavuş Novruzovun mətbuata müsahibəsində təhsil sahəsindəki vəziyyətlə
bağlı danışarkən müəllimlərin sayının azaldılmalısının zəruriliyi ilə
bağlı dedikləri də bunu təsdiqləyir. S.Novruzov deyib ki, müəllimlərin
sayı azaldılmalı, maaş isə artmalıdır. 
“Kimin qabiliyyəti çatır, oturub işləməlidir, kimin də qabiliyyəti
çatmır, həm xalqın uşağını şikəst etməməlidir, həm də digərlərinin
boğazına şərik olmamalıdır” – deyə, YAP-çı deputat bildirib. O, həmçinin
elm sektorunda da ixtisarların aparılma zərurətindən danışıb. 
Ekspertlərin fikrincə, əslində S.Novruzovun müəllimlərin sayının
azaldılması haqda dedikləri ölkədə nəzərdə tutulan ixtisarların anonsu
sayılmalıdır. Sadəcə olaraq, YAP-çı deputat konkret olaraq təhsil sahəsi
ilə bağlı danışdığından müəllimlərin sayının azaldılmalı olduğunu
deyib. 
İxtisarlar məsələsinin gündəmə gəlməsi “qara qızıl”ın vəziyyətinin
qara günə düşməsinin Azərbaycana vuracağı zərbənin ilkin işartılarıdır.  
 
Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının Azərbaycan üçün
fəsadlar törədəcəyi onsuz da  ilk gündən gözlənilən idi. Hələ  bu
proseslər yeni başladığı vaxtlardan ekspertlər hesab edirdilər ki,
 neftin qiymətinin düşməsinin real təsiri Neft Fondunun dividentlərinin
azalmasına, hətta bir müddət sonra  fondun rezervlərinin bitməsinə də
səbəb ola bilər.
Ekspertlərin fikrincə, neftin qiymətinin düşməsi ilə ilkin
vaxtlarda büdcə gəlirlərində problem olmasa da,  rezervlər bitəcəyi
təqdirdə çox ciddi problemlərin meydana çıxacağı qaçılmazdır.  Onlar
fikirlərini belə əsaslandırırlar ki,  Azərbaycan iqtisadiyyatının neftin
qiymətindən asılılığı var. Neftin qiymətinin düşməsi neft şirkətlərinin
gəlirlərinin,  onların vergilərinin azalmasına səbəb olacaq. Bu isə
xüsusən də neft sahəsində çalışan şəxslərin kütləvi ixtisarına gətirib
çıxaracaq. Amma bu ixtisarlar təkcə hansısa bir sahəni əhatə etməyəcək.
İqtisadçıların qənaətincə, ixtisar dalğası bütün sahələrdə çalışanları “vuracaq”. 
Gözlənilən təhlükədən maksimum az zərərlə çıxılması  üçün nə etmək
lazım olduğuna gəlincə, ekspertlər hesab edir ki,  bəzi  sosial
proqramlar məhdudlaşdırılmalı,  həyata keçirilən və nəzərdə tutulan bir
sıra infrastruktur layihələri  bir neçə illiyə təxirə salınmalıdır. 
Qeyd edək ki, prezident İlham Əliyev də bir neçə gün əvvəl “Rossia
24” telekanalına müsahibəsində neftin ucuzlaşmasından danışarkən deyib
ki, “yeganə mənfi hal” hökumətin il ərzində etməyi planlaşdırdığı işləri
iki ilə görmək məcburiyyətinin yaranmasıdır. “Dünyada neftin qiymətinin
düşməsi, şübhəsiz, planlarımıza mənfi təsir göstərəcək. Lakin biz
müxtəlif ssenarilər işləyib hazırlamışıq. Sadəcə prioritet olmayan
istiqamətlər, infrastruktur layihələri üzrə büdcə xərclərini
azaldacağıq.Yaxşı ki, əvvəlki illərdə biz artıq həmin layihələri əsasən
həyata keçirmişik”, deyə İlham Əliyev  bildirib.
Prezident eyni zamanda  deyib ki, neftin qiyməti 60 dollara düşsə belə, Azərbaycan iqtisadiyyatı sabit inkişaf edəcək.
Gələn ilin dövlət büdcəsində neftin qiyməti 90 dollardan
hesablanıb. Hazırda isə dünya bazarında neftin qiyməti 65 dollara düşüb.
Qeyd edək ki, artıq ARDNŞ  neftin qiymətinin kəskin enməsi ilə
bağlı şirkətdə ixtisarların olub-olmayacağına münasibət bildirib. 
ARDNŞ-in ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri
Nizaməddin Quliyev APA-ya deyib ki, şirkət heç bir ixtisara əl atmaq
niyyətində deyil.
Amma hələ neftin qiyməti düşməzdən əvvəldən ARDNŞ-də müəyyən ixtisarlar gedir və  bunun davam edəcəyi bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=14476

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728