Rauf Arifoğlu: “Azərbaycan müxalifəti hakimiyyətə işləyir”

12.12.2014 - 11:36

 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Report”a müsahibə verib. Cumhuriyyet.az toxunulan məsələlərin aktuallığını nəzərə alaraq həmin müsahibəni oxucularına təqdim edir:

– Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə “Yeni Müsavat” qəzeti arasında baş verən gərginliyin səbəbi nədir?

– Gərginliyin səbəbi Əli Kərimlinin bizə münasibəti ilə bağlıdır.
Prosesin davam etdiyi 17 il ərzində baş verən enib-qalxmaları və
münaqişəni təhlil edəndə, belə bir səhnə ortaya çıxır ki, bu adam bizi
həddən artıq yüksək dəyərləndirir. İstəyir ki, biz onun yanında olaq,
istəyi həyata keçməyəndə, konkret təklifləri icra edilməyəndə bizim
üstümüzə gəlir, şərləyir, böhtan atır, gözdən salmağa çalışır. Paralel
olaraq, həm də çalışır ki, Müsavat Partiyası ilə “Yeni Müsavat”
qəzetinin münasibətləri pisləşsin. Qısa desək, bir partiya liderinin
maneə hesab etdiyi qəzetə savaş açması konfliktlərə gətirib çıxarır. Bu
savaş isə heç zaman bizim tərəfdən başladılmayıb.
– Xüsusilə, bu gərginliyin seçkiöncəsi mərhələlərdə pik həddə çatmasının əsas səbəbi nədir, kökündə nə durur?

– Əli Kərimlinin siyasi qaşınma periodu var, bu, ildə bir dəfə, ilin
sonunda tutur. Obrazlı desək, hər dəfə də özünü bizim qəzetə sürtür.
Ötən ilin bu zamanlarında da bu məsələ var idi. Prosesləri araşdırsanız,
görərsiniz ki, gərginlik hər dəfə payızın son aylarına təsadüf edir.
Bizim abrımızı müdafiə etməkdən başqa yolumuz yoxdur. Biz xəbər yayımı
və istehsalı ilə məşğuluq, o isə bekar adamdır, 20 ildən artıqdır ki,
işsizdir. Bizsə gündəlik işimizlə məşğuluq. Hətta bu halda belə, siyasi
avaraların hücumuna məruz qalmağımıza baxmayaraq, bu prosesi də xəbər
halına salıb, Azərbaycanın xəbər məkanını maraqlı etməyə çalışırıq.

– Siz “Azadlıq” qəzetini məhkəməyə verirsiniz, proses nə yerdədir?

– “Azadlıq” qəzeti ilə bağlı məhkəməyə dekabrın 10-da müraciət
olunub. Qəzeti məhkəməyə ötən həftə verməli idik, amma gördük ki,
haqqımızda böhtan və təhqir intensivləşib, məhkəməyə arqumentlər
istehsal edirlər, ona görə də gözlədik ki, məsələni daha da
arqumentləşdirək. Çünki açıq təhqirlər, mənim cinayət əməlində
iştirakıma dair iddialar var. Məhkəməyə müraciət etdikdən sonra bunlarla
bağlı deyişmələrin əhəmiyyətli hissəsini dayandıracağıq, çünki bunun
mənası qalmır. Artıq, iş hüquqi müstəvidə həll ediləcək. Onlar nə
deyiblərsə, sübut etmək məcburiyyətində qalacaqlar. Demirlər, vətən
xainiyik, satqınıq, müxtəlif əməllərdə iştirak etmişik? Bunların
hamısının cavabını həmin qəzet məhkəmədə verəcək. AXCP funksionerləri və
yetkililəri ilə bağlı da məhkəməyə müraciət ediləcək. Amma bununla
bağlı hələ iddia ərizəsi hələ hazırlanmayıb. Onların sosial şəbəkələrdə
və ayrı-ayrı qəzetlərə verdikləri müsahibələr, yazdıqları yazılar
kopyalanır, bundan sonra məhkəməyə müraciət edəcəyik.

– Milli Şura yarananda “Yeni Müsavat” qəzeti həmin layihəni
Rusiya ilə əlaqələndirdi, buna baxmayaraq, üzvü olduğunuz Müsavat
Partiyası da həmin quruma qoşuldu. Sonradan isə partiya Milli Şuradan
ayrıldı. Belə iddialar var ki, Müsavat Partiyasının Milli Şuradan
ayrılmasına Siz səbəb olmusunuz. Bu iddialar nə qədər əsaslıdır?

– Milli Şuranın Rusiya layihəsi olduğunu indi də deyirəm. Müsavat
Partiyası həmin quruma qoşulmaqla səhv addım atdı. Partiyanın Milli
Şuradan çıxmasında isə heç bir rolum olmayıb, çünki partiyanı idarə
etmirəm, sadəcə təşkilatı idarə edənlərlə dostam. Partiya ilə bağlı
fikirlərimi, tənqidlərimi onlara həmişə açıq demişəm. Dostlarım da
bilirlər ki, açıq sözlüyəm, nəyisə gizlətmədən fikirlərimi birbaşa
söyləyirəm. Müsavat Partiyasının Milli Şuraya daxil olması tarixi səhv
idi, partiya bu prosesdə iştirak etməməli idi. Belə olmasaydı, indi
tamam başqa vəziyyət yaranmış olardı. Təəssüf ki, təşkilatımızı bu
səhvdən yayındırmağa gücüm çatmadı. Mən sıravi üzvəm, partiyada elə də
gücüm yoxdur. Amma sonda nə baş verdiyini hər kəs anladı. Nəhayət,
yanlış qərardan geri dönməyin faydalı olduğunu qəbul etdilər. Əvvəlcədən
də dediyimiz ki, Milli Şura Azərbaycan siyasi tarixində faciəvi rol
oynadı. Nə vaxtsa, Azərbaycanda vəziyyəti dəyişə biləcək koalisiyanın
oxşarı olan yalançı koalisiya quruldu, proseslər önləndi. “Ziyalı –
cəmiyyət”, “ziyalı – müxalifət” modeli sıradan çıxarıldı. Bu,
Azərbaycanda ola bilərdi. Bundan sonra ölkədə rəzil durum yarandı.
Azərbaycan müxalifəti MDB ölkələrindəki bütün müxaliflərdən ən güclüsü,
ən dözümlüsü və etibarlısı idi. Maddi resursu sıfır olsa da, insani
resursu kifayət qədər çox idi. Müxalifəti o yerə gətirdilər ki, indi
insani resurs da yoxdur. Hazırda hakimiyyət ən güclü vəziyyətdədir. Üstəlik, müxalifəti bu duruma salanlar bizi iqtidara
işləməkdə suçlayırlar. Bir media quruluşu hakimiyyətə necə işləyə bilər
ki?! Bu, necə olur? Media quruluşunda hər şey açıqdır, aydındır
və yazı şəklində ifadə olunur. Bütün düşərgələrə aid xəbərləri vermək
medianın işidir. Bizdə isə müxalifət funksionerləri deyirlər ki,
iqtidarın xəbərini verirsənsə, satqınsan. Eyni vəziyyət iqtidar
qəzetlərində də var, yəni, müxalifətdən nəsə vermək olmaz. Bu, Leninizm
yanaşmasıdır. Kommunist dövründə qəzetlərin partiyalılığı deyilən düstur
mövcud idi. Yəni, hər qəzet mütləq partiyalı olmalı idi və həmin
partiyanın mövqeyindən çıxış etməli idi. “Azadlıq” qəzeti Xalq
Cəbhəsinin, “Yeni Azərbaycan” qəzeti YAP-ın mövqeyindən çıxış edir. Mənə
də tələb budur ki, ya müxalifətin, ya da Müsavat Partiyasının
mövqeyindən çıxış edim. Mən də bu modellə razı deyiləm. Çünki bu,
gerilikçi bir şeydir. Biz tənqidçi mediayıq, müxalifət deyilik. Biz
müxalifik, tənqidçiyik, amma hakimiyyətə münasibətdə də, müxalifətin
irəliyə doğru atılan addımlara qarşı yönələn nəyi varsa, ona da
müxalifik. Biz müxalifətin anormal tələblərinə belə müxalifətdəyik.
Dostlarımız var ki, harada olmasından asılı olmayaraq, dəstək vermişik,
amma müəyyən periodda iki dəfə tənqid etmişik, bizimlə salamı kəsib. Bu,
nə zəkadır? Hesab edirəm ki, hazırda Azərbaycan müxalifəti bütövlüklə
hakimiyyətə işləyir, onun möhkəmlənməsinə xidmət edir. Çünki ortaya
qoyduğu fəaliyyət, metodlar yanlışdır, hakimiyyətə gəlmə məsələsi
gündəmdə yoxdur, strategiyada belə yoxdur. Üstəlik, daxili münaqişələrlə
düşərgəni gücdən salırlar. Güc tətbiq edən hakimiyyətin metodlarına
qarşı doğru-dürüst addım ata bilmirlər. Hər kəsin öz mandatı var; Rauf
Arifoğlunun mandatı “Yeni Müsavat” və ona bağlı olan media quruluşlarını
böyütmək, bu mümkün olmasa, onların mövcudluğunu saxlamaqdır. Mən
kimsənin işinə qarışa bilmərəm, sadəcə, fikir söyləyə bilərəm.
Müxalifətin də mandatı bu cür müəyyən olunur, onların mandatı mənim
sərhədlərimə qədərdir, mənim sərhədlərimə girə bilməzlər.

– Hazırda Müsavat Partiyası AXCP ilə əməkdaşlıq etmək niyyətindədir. Bunu necə qarşılayırsınız?

– Münasibətim normaldır. Müxalif düşərgədə olan hər bir təşkilat
ciddi bir əsas, problem yoxdursa, digərləri ilə funksional əməkdaşlıq
etmək marağında olmalıdır. Başqa cür necə ola bilər ki?! Bu, Müsavat
Partiyasının maraqlarını, mövqeyini nümayiş etdirir. Azərbaycan Xalq
Cəbhəsi Partiyası Müsavat Partiyasını aşağılamaqla məşğuldur, iddia
edirlər ki, Müsavat müxalifət partiyası deyil. Təsəvvür edirsinizmi, bu,
necə qiymətləndirmədir?! Hesab edirəm ki, Müsavat Partiyası düzgün
edir, hər kəsə qucaq açmalıdır. AXCP istəyir ki, müxalif düşərgədə güc o
olsun, mediada da media gücü olaraq “Azadlıq” qəzeti fəaliyyət
göstərsin. Çalışırlar ki, Müsavat Partiyası da, “Yeni Müsavat” qəzeti də
sıradan çıxsın. Toqquşmanın mahiyyətində bunlar dayanır. Bu, yanlış
yanaşmadır.

– Siyasi düşərgədə dialoq barədə nə deyə bilərsiniz?

– Dialoqun tərəfdarıyam. Siyasi proseslərdə dialoq özü mübarizə
metodudur. Sən elə bir güc olmalısan ki, səninlə masa arxasında
otursunlar. Dialoqa qədər olan mərhələ var axı. Müxalifət düşərgəsi o
qədər güclü olmalıdır ki, qarşı tərəf onları nəzərə alsın, dialoq
aparmağa ehtiyac hiss eləsin. Müxalifət düşərgəsi əvəzinə səhra
komandirləri, müxalifət funksionerləri əvəzinə döyüşçülər olardısa,
təbii ki, dialoqdan söhbət gedə bilməzdi. Münasibət və müzakirə aləti
avtomat olardı… Təəssüf ki, Azərbaycan iqtidarı müxalifəti qüvvə hesab
etmir. Müxalifət isə iqtidarın legitimliyini tanımır Dialoq ona görə də
alınmır. Dialoq Azərbaycanın gələcəyi, Dağlıq Qarabağın taleyi üçün çox
önəmlidir. Gələcəkdə dava küçədə deyil, parlamentdə aparılmalıdır. Bu
baxımdan müzakirə etməyə xeyli mövzu var. Ümid edirəm, dialoq yaxın
zamanlarda baş verəcək.

– AXCP ilə aranızda yaranmış gərginliklə bağlı Müsavat Partiyasının dəstəyi Sizi qane edirmi?

-Bilirsiz, hansısa media quruluşu kimdənsə kömək istəmir, ondan
kimlərsə dəstək istəyir. Mən elə bir güc yaratmışam ki, ya insanlar
məndən müdafiə olunurlar, ya da dəstək istəyirlər. Medianın kimdənsə
kömək istəməsi absurd bir şeydir. Müsavat Partiyasının bəzi
funksionerləri səbatsızlıq edirlər, vəziyyəti dəyərləndirə bilmirlər,
bizim Xalq Cəbhəsi ilə münasibətlərimizdə özlərini ayırmaq istəyirlər.
Bu da normaldır. Amma bəzi hallarda onların addımları bizim əleyhimizə
yönəlir, bəyanatlar verirlər. Biz hər mərhələdə Müsavat Partiyasının
yanında olmuşuq, indi də “yanımızda olun” demirik, “kürəyimizdən bıçaq
saplamayın” deyirik, bunu da bəzən edirlər. Ötən həftə Müsavat başqanı
Arif Hacılı ilə görüşdük, iradlarımı bildirdim, o da iradlarını
bildirdi. Beləcə, müzakirə apardıq, məsələ həll edildi.

– Baş verən proseslərə Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin mövqeyini necə qiymətləndirirsiniz?

– Mən ona “sabiq başqan” demirəm, “başqanım” deyə müraciət edirəm.
İsa bəyin mövqeyini dəyərləndirə bilmərəm, çünki mövqe ifadə etməyib.
Amma şəxsi görüşlərimizdə, söhbətlərimizdə bir sıra məsələlərlə bağlı
fikir mübadiləsi aparmışıq. Həmin fikir mübadilələrini özü açıqlamadığı
üçün mən də açıqlamaq istəmirəm.

– Partiyadan getməklə bağlı qərarınızda fasilə elan etmisiniz. Bu məsələ yenidən gündəmə gələ bilərmi?

-Ümumiyyətlə, Müsavat Partiyasından getmək istəyirəm. Bunu
qurultaydan öncə İsa bəyə də, iki başqan adayı – Arif Hacılı və Qubad
İbadoğluna da demişdim. Demişdim ki, kimin seçilməsindən asılı
olmayaraq, partiyadan gedəcəm. Çünki bundan mənə qarşı şantaj elementi
kimi istifadə edirlər, sən Müsavat Partiyasının üzvüsən, bunu niyə
yazırsan? Jurnalistin partiyalılığı olmamalıdır, bu, dünyadakı
düsturdur. Partiya funksionerinin və üzvünün mandatı tamam başqa, qəzet
jurnalistinin daşıdığı mandat tamam başqadır. Bunlar bir-birinə ziddir.
Əlimi-qolumu aça bilmirəm, bəzi şeylər yazılmalıdır, yaza bilmirəm,
deyilməlidir, deyə bilmirəm. Deyəndə də üstümə gəlirlər, “müsavatçı,
ayıb olsun, niyə belə etdin?” Müsavat Partiyasında məndən çox stajı olan
ikinci bir adam yoxdur. Mən “Yeni Müsavat”dan qalan tək nümayəndəyəm.
Bu baxımdan o illərə heyfim gəlir; amma eyni zamanda, söhbət yalnız
keçmişdən getmir, söhbət gələcək kateqoriyasında mühüm fəaliyyətlərdən
gedir. Məni nə qədər tənqid etsələr, sağdan-soldan söysələr də, media
lokomotivini daşımalıyam və yeni trend yaratmalıyam. Azərbaycanda
qəzetçiliyə münasibəti dəyişmək lazımdır. İndiki mərhələdə Müsavat
Partiyasının vəziyyəti elədir ki, getsəm, düzgün sayılmaz. Ona görə də
gözləyirəm. Partiyadan getməyi düşünürəm və yəqin ki, yaxın zamanlarda
fəaliyyətimi dayandıracam.

– Müsavat Partiyasında qurultaydan sonra baş verənləri necə qiymətləndirirsiniz?

– Müsavat Partiyasının rəhbərliyinə müəyyən təsirlərim var. Amma
AXCP-nin mənə qarşı apardığı çirkli kampaniya Müsavat funksionerlərinə
və üzvlərinə də təsir edib. Partiyanın bəzi funksionerləri ilə
münasibətlərim o dərəcədədir ki, deyiləsi deyil. Onların bu münasibəti
ilə bağlı, demək olar, son həddəyəm. Partiya ilə bağlı da məsələlərə
qarışmıram. Öz problemlərini özlərini həll etsinlər, mən demirəm ki,
gəlin problemimin həllinə kömək edin…Hazırda partiyanın strukturları
işlək vəziyyətdədir, başqan, müavinləri, Məclis üzvləri var, zəhmət
çəksinlər, problemlərinin öhdəsindən gəlsinlər. Mən, sadəcə, tərəflərin
mövqelərini işıqlandırmaqla mükəlləfəm, başqa səlahiyyətim yoxdur ki…

– Hazırda rəhbərlik etdiyiniz qəzetlə bağlı neçə məhkəmə iddiası var?

– Ötən il bu zamanlar 12 məhkəmə prosesimiz vardı. Bu məhkəmə
prosesləri üzrə 3,1 milyon manat iddia vardı. Bu, dünya çapında
rekorddur. Bunlardan 7-si sabiq nazir Səfər Əbiyev daxil olmaqla,
Müdafiə Nazirliyinin 7 generalına aid idi.

Biri nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova, o biri
“Poladtökmə” zavoduna, digəri isə Sərhəd Qoşunlarına aid iddia idi.
Demək olar, biz bunları həll etdik. Vəkillərimiz yaxşı metod tapıblar,
prosesi uzadırlar. Müdafiə Nazirliyini o qədər uzatdıq ki, bizi
məhkəməyə verən generallardan biri həbs edildi, nazirin özünü və
digərlərini işdən çıxardılar. İndi onlardan biri vəzifəsində qalıb, o da
iddia ərizəsini geri götürüb. Beləcə yarım milyon irəli olduq.
Məhkəmədə “Poladtökmə” Zavoduna qalib gəldik. Buna baxmayaraq, məhkəmə
“Gilan Holdinq” və Anar Məmmədovun iddiasını təmin etdi.

– Milli Məclisə gələn il keçiriləcək seçkilərdə iştirak edib-etməməklə bağlı qərar qəbul etmisinizmi?

– Təbii ki, hər bir ictimai xadim ya deputat, ya da prezident olmaq
istəyər. Amma istəməklə reallıq arasında fərq var axı. Düşünürəm ki,
Azərbaycan parlamentində mənim kimi bir parlamentarinin olmasının xalqa
da, mediaya da, dövlətə də faydası var. Bu seçkilərdə şərtlər uyğun
olmasa, namizədliyimi irəli sürməyəcəm. Şərtlər uyğun olsa, heç olmazsa,
qismən demokratik mühit mövcud olarsa, namizədliyimi irəli sürəcəm.

– Yeni media layihələriniz gözlənilirmi?

-Televiziya layihəsi gündəmdədir. Bir neçə dəfə TV və radio
layihələri həyata keçirməyə çalışmışam, hətta Türkiyədə bununla bağlı
ortaqlar tapmışam. Təəssüflər olsun, Azərbaycan hakimiyyəti mənə bu
şansı verməyib. Amma indi qısa müddət ərzində, məhdud imkanlarla
internet televiziyanın quracağıq. Hazırda ciddi bir layihəni
maliyyələşdirmək durumunda deyiləm. Ona görə də ortaq axtarıram.

Short URL: http://www.cumhuriyyet.net/?p=14485

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728